16 İyul 11:50
1 484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Anam Başxanım Abbaslı Müsavatın bərpa qurultayının üzvü olub. O vaxt Müsavat Azərbaycanda bərpa olunanda indiki Divan üzvlərinin 80 faizi partiyada yox idi. Təbii ki, indi Başxanım xanımın 75-ə yaxın yaşı var. Ona "partiyanı dəyiş" demək də olmaz. Anam indi də Müsavat üzvüdür, amma yaşı və digər amillərlə bağlı partiyanın işində fəal iştirak etmir.

Bunu Teleqraf.com-a AĞ Partiya başqanı Tural Abbaslı deyib.

“Heç özüm də ona demirəm ki, gəl bizim partiyaya və s. Özünün də belə bir təşəbbüsü olmayıb. Çünki onun siyasətə yanaşması tamam fərqlidir. O, Müsavatın indiki və bundan öncəki rəhbərliyini də tənqid edib. Başxanım xanım Divan üzvü olanda da tənqidi fikirlərini deyib. İndi o, “Müsavatı tərk edib oğlumun partiyasına gedirəm” kimi fikirdə olmadığını deyir. Bildirir ki, “mən Məhəmməd Əmin Rəsulzadənin qurduğu partiyanın üzvüyəm və o Müsavatı tanıyıram”, - deyə əlavə edib.

Tural Abbaslı AĞ Partiyadan parlament seçkilərində özünün və həyat yoldaşının deputatlığa namizədliyi ilə bağlı səslənən iradlara da münasibət bildirib: “Bunlar əslində heç də tənqid deyildi. Sanki bir qeybətə oxşayan yanaşma idi. Mən və həyat yoldaşım Nərmin Abbaslı AĞ Partiyanın qurucularından olmuşuq. O vaxtdan da o, partiya idarə heyətinin üzvüdür. Hazırda qardaşım da idarə heyətindədir. Rüfət və Cavid Hacıbəyli, Kamran və Əhəd Məmmədli qardaşları da partiyanın idarə heyətində yer alıblar. Ona görə də, burada "bir ailədən neçə nəfərdir" anlayışı ilə məsələyə yanaşmaq doğru deyil. Vaxtilə Cavid və Rüfət, mən üç qardaşımla həbs olunmuşuq. Amma onda heç kəs yazmırdı ki, maşallah bir ailədən neçə nəfər mübarizə aparır, həbs edilir və s”.

Partiya başqanı hesab edir ki, deputatlığa namizəd olmaq heç də böyük imtiyaz deyil: “Burada bizə pul filan vermirlər. Əksinə bu dəqiqə deputatlığa namizəd olmaqla əlavə enerji sərf edilir, pul xərclənir, əziyyət çəkilir, imza toplanır. Sadəcə burada şou elementləri var. Deyirlər ki, qaynata, kürəkən, həyat yoldaşı seçkiyə qatılıblar. Qaynatam (İkram Israfil - T.Q.) 24 ildir siyasətlə məşğuldur. Biz onunla ən azı 4 seçkidə namizəd olmuşuq. O vaxt düzdür İkram İsrafil mənim qaynatam deyildi, yəni indi o mənim qaynatam oldu deyə siyasətdənmi getsin? Və yaxud mənim qaynatamdır deyə bizmi kənara çəkilək? İkram İsrafillə eyni partiyada, Müsavatda Divan üzvü olmuşuq. Hətta o deputat da olub. Nə mən ona görə, nə də ki, o mənə görə siyasətə gəlib. Əksinə biz bir-birimizi siyasət meydanında tanımışıq”.

Qeyd edək ki, AĞ Partiya sədri Tural Abbaslı 21 saylı Nəsimi seçki dairəsindən, xanımı Nərmin Abbaslı 43 saylı Sumqayıt seçki dairəsindən, qayınatası İkram İsrafil isə 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən namizədliyini irəli sürüb.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər