23 İyul 14:19
1 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan tərəfinin Ermənistanı COP-29-a dəvət etməsi gözlənilən jest idi. COP-29 tədbirinə ölkə seçilərkən konfrans iştirakçıları qərarı konsensusla qəbul elədilər. Ermənistan Azərbaycanın əleyhinə səs vermədi. Əksinə, COP-29-un Azərbaycanda keçirilməsini dəstəklədi.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfinin Ermənistan rəsmilərini bu tədbirə dəvət etməsi normaldır: “Ümumiyyətlə, münasibətlərin normallaşması dövrünə qədəm qoyuruq, Azərbaycan Prezidenti də son çıxışlarında elan etdi ki, sülh müqaviləsinin 80-90 faizi artıq razılaşdırılıb.

Əgər belə mərhələdəyiksə, Ermənistanın rəsmi şəxslərinin Bakıya dəvət olunması təəccüblü deyil. Əksinə, bu dəvət sülh prosesinə bir töhfədir. Əgər sülh müqaviləsi COP-29-a qədər imzalansaydı, Paşinyanın da Azərbaycana gəlişi gözlənilirdi.

Amma Ermənistandan xarici İşlər nazirinin dəvət olunması dünyaya mesajdır ki, danışıqlar və sülh məsələsi uğurla davam edir. Bu, həmçinin ikitərəfli münasibətlərin yaxşılaşdırılmasına doğru atılmış addım kimi də dəyərləndirilə bilər. Bunu normal diplomatik jest kimi qiymətləndirirəm.

İki ölkə arasında diplomatik münasibətlərin qurulmamasına gəldikdə, belə örnəklər dünyada onlarladır. Məsələn, Şimali Koreya ilə dünyanın böyük əksəriyyətinin heç bir diplomatik münasibəti yoxdur. Amma Şimali Koreyanın müxtəlif dövlət və hökumət rəhbərlərini həm BMT-nin hansısa tədbirlərinə, həm də digər beynəlxalq tədbirlərə dəvət edirlər.

Azərbaycanın da bu məntiqlə Ermənistan rəhbərliyindən kimisə Bakıya dəvət etməsi normal qarşılanası addımdır”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər