15 Avqust 16:34
229
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbulu zamanı çıxışında ölkəmizdə idmana, idmançılara olan yüksək diqqət və qayğıdan bəhs edib. Ölkəmizin başçısı qeyd edib ki, Azərbaycan idmançıları bütün xalqı sevindirib. Cənab Prezident vurğulayıb ki, idmançılarımız Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edib və Azərbaycan Bayrağını ucaldıb. Bildirilib ki, Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır.

Bunu Teleqraf.com-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

Professor bildirib ki, Azərbaycan güclü idman dövləti kimi Olimpiya Oyunlarında uğurla çıxış edir: “Son Olimpiya Oyunlarda da Azərbaycan dünyanın ən güclü 30 ölkəsinin arasında yer alıb. Ölkəmiz Yay Olimpiya Oyunlarından 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. Ona görə də, Azərbaycan idmançıları ən yüksək qiymətə layiqdir. Ölkəmizin başçısı da vurğulayıb ki, müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. İslam Əməkdaşlıq Təşkilatında 57 ölkə mövcuddur. Bunu nəzərə alsaq əldə edilən uğur tarixi nəticə hesab edilir. Olimpiya Oyunlarının ilk günlərində qələbə sevincini xalqımıza bəxş edilməsi tarixi uğur idi. Sözsüz ki, idmançılarımızın peşəkarlığı, idmandakı uğurları və eyni zamanda, davranış qaydaları yüksək diqqətə layiqdir. Ölkəmizin başçısının da bildirdiyi kimi Azərbaycanda idmanın bir çox növləri inkişaf edir. Yay Olimpiya Oyunlarında da Azərbaycan idmançıları beş idman növündə medallar qazanıb. Cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə ölkəmizi təmsil edən idmançılar uğurlar əldə edib. Bu amil Azərbaycanda idmanın bir çox növləri inkişaf etdiyini göstərir. Sözsüz hər bir mötəbər yarışdan sonra növbəti yarışlara da hazırlaşmaq lazımdır. Artıq bu istiqamətdə yeni hazırlıq prosesi gedir. İdmançıların müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək. Cənab Prezident də qeyd edib ki, “Biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq”.

Eldar Quliyev hesab edir ki, ölkəmizdə də bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir: “Ona görə təbii ki, növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşılmalıdır. Xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət və qayğı daha da artırılacaq. Hazırda idmanla məşğul olmaq üçün ölkəmizin hər bir yerində gözəl şərait var. Hər bir mötəbər yarış öncəsi olduğu kimi növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq. Hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur. Gənclərin idmana maraqları artır. Həm cüdo, həm digər idman növləri ilə məşğul olmaq istəyən uşaqların sayı bundan sonra daha çox olacaq. Ölkəmizdə uzun illər ərzində idmanın kütləviliyi ilə bağlı görülən işlərin bir məqsədi olub ki, fiziki, mənəvi cəhətdən sağlam, vətənə bağlı, vətənpərvər və peşəkar gənc nəsil yetişsin”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər