19 Avqust 15:34
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistanın sülh danışıqlarında vasitəçilərə ehtiyacı yoxdur, proses ikitərəfli qaydada davam edir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiya liderinin Azərbaycana səfəri çərçivəsində səsləndirdiyi fikirləri şərh edib:

“Rusiya Prezidenti Vladimir Putin Bakıda azərbaycanlı həmkarı İlham Əliyevlə görüşün mətbuata açıq hissəsində iki ölkə arasında iqtisadi və humanitar əlaqələrin artan səviyyəsindən məmnun qaldığını söylədi. Prezidentlər iqtisadi əlaqələr və ticarətin artımından da məmnun qaldıqlarını bildirdilər. Bunlar iki liderin son illər görüşlərdə səsləndirdikləri oxşar ifadələrdir. Putinin Bakıda Ukrayna münaqişəsi və Cənubi Qafqaz barədə nə deyəcəyi maraqlı idi.

Putindən sitat: “Hər kəs yaxşı bilir ki, Rusiya da böhranlarla üz-üzədir, ilk növbədə, Ukrayna istiqamətində. Amma Rusiyanın son bir neçə ildə Cənubi Qafqazdakı vəziyyətə cəlb olunması bizə bu hadisələrdə iştirak etmək zərurətini diktə edir”.

Kreml sahibi onu da qeyd etdi ki, Rusiyanın Cənubi Qafqazdakı hadisələrdə iştirakı tərəflərin tələb etdiyi ölçüdə olacaq: “Buna heç bir şübhə yoxdur. Əgər biz Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq, məsələni sərhədin delimitasiya və demarkasiyasına çatdırmaq üçün nəsə edə bilsək, logistika və iqtisadiyyat istiqamətində müvafiq blokları açsaq, buna çox şad olarıq”.

Rusiya liderinin bu açıqlamasından hansı nəticə çıxır? Birincisi, Putin demək istədi ki, Rusiyanın əsas diqqəti və potensialı Ukrayna müharibəsinə yönəlsə də, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək. Onun Rusiya üçün indiki ağır vəziyyətdə Azərbaycana səfəri də bunu sübut edir. Putin Əliyevə onu da söylədi ki, Moskvaya qayıtdıqdan sonra Ermənistan Baş naziri Nikol Paşinyanla telefonla danışacaq və Bakı görüşünün təfərrüatlarını onun diqqətinə çatdıracaq.

Bəllidir ki, bunu diplomatik etiket tələb edir. Ancaq Putin bu cümləsiylə həm də onu deməyə çalışdı ki, Paşinyandan xoşu gəlməsə də, Azərbaycanla Ermənistan arasında balansı saxlayacaq. Putin Rusiyanın Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün fəaliyyət göstərəcəyini desə də, buna Bakı və İrəvanın ehtiyacı yoxdur. Ümumiyyətlə, Bakı ilə İrəvanın vasitəçiyə ehtiyacı yoxdur, danışıqlar vasitəçi olmadan davam edir, hökumətlərarası komissiya sərhəddə görüşür, xarici işlər nazirləri internet vasitəsilə sülh sazişinin mətnini müzakirə edirlər.

Moskva Vaşinqton və Berlin kimi Azərbaycan və Ermənistan rəsmilərinin görüş məkanı kimi seçilə bilər, ancaq İrəvan Rusiyanın vasitəçiliyinə müsbət yanaşmır.

Rusiyanın Qarabağda konsulluq açmaq istəyi də reallıqla uzlaşmır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər