4 Sentyabr 15:14
1 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəngəzur dəhlizinin açılmasında əsas mövqe Türkiyə və Rusiyaya məxsusdur. İranın isə mövqeyi bu müstəvidə elə də əhəmiyyət kəsb etmir. Hazırda rəsmi Tehran ABŞ-la eyni mövqeni bölüşür. Görünən odur ki, İran bütün siyasətini ABŞ-ın diqtəsi ilə həyata keçirir.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib.

O qeyd edib ki, Amerikada mövcud olan erməni lobbisi müəyyən dərəcədə İrana olan yanaşmanın dəyişməsini təmin edir:

“İllərdir ki, Amerikanın İrana hücum edəcəyi deyilir. Amma heç bir hücum baş vermir. Sanksiyalar olsa da, İrana sözdən başqa heç nə deyilmir. Bu da İrana erməni lobbisinin verdiyi dəstəklə izah olunur”.

Partiya sədrinə görə, Zəngəzur dəhlizi məsələsində bu amil diqqətdə saxlanılmalıdır:

“Amerikanın İrana qarşı hansı mövqe sərgilədiyi bilinməlidir. Əslində Tehranın müstəqil siyasəti mövcud deyil. Zəngəzur dəhlizi ilə bağlı da İranın mövqeyi tamamilə əsassızdır. Azərbaycan Zəngəzur dəhlizinə alternativ olaraq İran ərazisindən də yol çəkməyə hazırdır. Hər iki yolun açılmasının ümumi işə faydası da çoxdur”.

Fazil Mustafa hesab edir ki, əgər İran hansısa yolun açılmasını istəmirdisə, bunun öz ərazisindən çəkilməsinə də imkan verməzdi:

“Zəngəzur dəhlizinin açılması İranın Ermənistanla əlaqəsinin kəsilməsi demək deyil. Yürüstü və yeraltı keçid çəkib bu əlaqələri təmin etmək mümkündür. Ona görə də, İranın bu cəhdləri mənasızdır. İndiki halda Rusiyanın açıq şəkildə öz mövqeyini ortaya qoyması və Türkiyənin bu məsələdə Azərbaycanla üst-üstə düşən yanaşması prosesin irəliyə aparılması üçün kifayət edəcək. Ermənistan da bu reallığı nəzərə alıb müvafiq addımlar atmağa məcbur olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər