23 Sentyabr 15:14
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Teleqraf.com müsahibəni təqdim edir:

- Qüdrət bəy, Milli Məclisin VII çağırış ilk iclası keçirildi və yeni rəhbərlik seçildi, sədrin müavinləri dəyişdi. Siz isə parlamentdə əvvəl təmsil olunduğunuz Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə yox, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə sədr müavini seçildiniz. Dəyişikliklərə münasibətinizi bilmək istərdik...

- VII çağırış Milli Məclisin üzvlərini, Sədri, sədr müavinlərini, komitə sədrlərini, müavinlərini təbrik edirəm, onlara uğurlar arzu edirəm. 7 rəqəmini xalqmız müqəddəs və uğurlu sayır. İnşallah, VII çağırış Milli Məclis xalqımız və dövlətimiz üçün daha uğurlu olar. Dəyişikliklərə, yerdəyişmələrə həmişə ehtiyac var. Demokratik ölkələrin təcrübəsi göstərir ki, hər bir dəyişiklik, yerdəyişmə heç də həmişə uğurlu olmasa da, bir çox hallarda, bütövlükdə faydalı olur. Əli Əhmədov təcrübəli və tanınmış siyasətçidir, Ziyafət Əsgərov əvvəllər, hətta birinci müavin olub, Musa Qasımlı öz sahəsini dərindən bilən, peşəkar parlamentaridir. Mənə göstərilən etimada görə həmkarlarıma təşəkkür edirəm.

Əvvəllər təmsil olunduğum Hüquq siyasəti və dövlət quruculuğu komitəsində təcrübəli hüquqşünaslarla yanaşı Kamal Cəfərov, Bəhruz Məhərrəmov kimi savadlı, gənc hüquqşünaslar var. Komitəyə böyük təcrübəyə malik hüquqşünas Əli Hüseynov rəhbərlik etməkdə davam edəcək. Ümid edirəm bundan sonra da Komitə öz işini layiqincə yerinə yetirəcək. Bəzən Komitə üzvləri ilə fikir ayrılıqlarımız olsa da, birlikdə çalışmaqdan həmişə məmnun olmuşam və buna görə onlara təşəkkür edirəm. Bundan sonra fəaliyyət göstərəcəyim Müdafiə, təhlükəsizlik və korrupsiyaya ilə mübarizə komitəsi də dövlət həyatının strateji bir sahəsi ilə əlaqədardır. Komitənin sədri Arzu Nağıyev müvafiq sahə üzrə mütəxəssis, təcrübəli deputatdır. Çalışacam üzərimə düşən vəzifəni layiqincə yerinə yetirim.

- Bu sahədə qanunvericiliyin dəyişdirilməsinə ehtiyac görürsünüzmü?

- Cəmiyyətin inkişafı ilə bağlı bütün sahələrdə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac yaranır. Azərbaycan elə bir coğrafi məkanda yerləşir ki, burda böyük dövlətlərin maraqları toqquşur, Ermənistanla müharibə vəziyyətində qalırıq, ona görə müdafiə və təhlükəsizlik məsələlərinə böyük diqqət yetirilir. Müdafiə və təhlükəsizlik məsələləri həm də birbaşa xarici siyasətlə bağlıdır. Dövlətimizi zəiflətmək, öz iradələrini bizə qəbul etdirmək istəyən qüvvələr əsasən Prezidenti, sonra isə Daxili İşlər Nazirliyini, Dövlət Təhlükəsizlik Xidmətini, Müdafiə Nazirliyini, Baş prokuroru hədəf seçirlər. Son vaxtlar xarici kəşfiyyat orqanlarına bağlı şəxslərin bu kampaniyanı necə gücləndirdiyinin şahidi oluruq. Onlar bəzən, hətta uşaq sadəlöhvlüyü ilə sabitliyə və təhlükəsizliyə cavabdeh olan dövlət qurumlarını, onların rəhbərlərini üz-üzə qoymağa çalışırlar. İş o yerə çatıb ki, terrorçu qrupların müraciətləri Qərb ölkələrində yerləşən internet tv-lərdən yayımlanır. O tv-lərdən ki, həmin şəxslərə Qərb ölkələri tərəfindən siyasi sığınacaq verilib. Terrorçuların müraciətlərini yaymaq öz xalqına xəyanət, terroru dəstəkləməkdir və ağır cinayət hesab olunur. Bizim komitə bu cür təxribatçıların ifşa olunmasında da yaxından iştirak etməlidir. Biz ölkəmizdə sabitliyi və təhlükəsizliyi qorumalıyıq. Bunsuz islahatlar həyata keçirmək, ölkənin inkişafını təmin etmək mükün olmaz. Korrupsiyaya qarşı mübarizə də strateji əhəmiyyət daşıyır. Çünki bu bəşəri bəla ölkənin, cəmiyyətin mənəvi əsaslarını dağıdır, sosial ədalətə ciddi zərbə vurur, qanunun aliliyinin təmin edilməsinə və beləliklə də sürətli inkişafa imkan vermir.
Milli Məclisin komitələrinin qanun və qərarların qəbulundan kənar başqa bir səlahiyyəti yoxdur. Milli Məclisin Daxili Nizamnaməsinin 39-cu maddəsinə əsasən deputatların dövlət və kommersiya sirlərinə çıxışı qadağandır, ona görə biz mərkəzi icra hakimiyytı orqanları tərəfindən nə alındı, nə satıldı, hansı qiymətə alındı, hansı qiymətə satıldı onu bilə bilmərik. Müvafiq komitənin inkişaf etmiş Qərb ölkələrində olduğu kimi baş vermiş və böyük ictimai rezonans doğurmuş neqativ hallarla əlaqədar araşdırma aparmaq səlahiyyəti də yoxdur. Bunu ona görə qeyd edirəm ki, bəzən deputatlar mediada haqsız tənqidlə üzləşirlər ki, filan nazirlikdə korrupsiya cinayətləri, yaxud başqa neqativ hallar baş verdi, amma deputatlar reaksiya vermədi. Deputatlar yalnız qanun və qərar layihələrinin hazırlanması ilə əlaqədar müəyyən sənədləri müvafiq icra və məhkəmə hakimiyyəti orqanlarından tələb edə, müzakirələr zamanı isə onların nümayəndələrini (ekspertləri) iclaslara dəvət edə bilər. Hər bir halda, Komitə mövcud səlahiyyətləri çərçivəsində Konstitusiyanın 7-ci maddəsinə uyğun olaq müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyət göstərəcək, dövlətimiz və xalqımız üçün faydalı olmağa çalışacağıq.

- Yeni çağırış Milli Məclisin payız sessiyasında hansı qanun və qərarların qəbul olunmasını vacib hesab edirsiniz?

- İstərdim ki, Dövlət Suverenliyi günü münasibətilə amnistiya aktı qəbul olunsun. Bu amnistiya aktı dövlət və şəxsiyyət əleyhinə xüsusilə ağır cinayətlər törətmiş şəxslər istisna olmaqla cinayət təqibinə məruz qalmış bütün şəxslərə bu və ya digər formada şamil olunsun. COP 29 ərəfəsində belə bir qərarın qəbul olunması humanist bir addım olmaqla yanaşı ölkəmizin siyasi maraqlarına da cavab verərdi. Ümid edirəm amnistiya aktı qəbul olunarsa cinayət törətmiş şəxslər də düzgün nəticə çıxarar, bir daha cinayət törətməzlər. İnsanlara, hətta cinayət törətmiş şəxslərə belə həyatda ikinci şans verilməsinin tərəfdarıyam. Sabitliyə və təhlükəsizliyə cavabdeh olan dövlət orqanları da öz vəzifələrini layiqincə və peşəkarcasına yerinə yetirdikləri üçün, bu istiqamətdə də heç bir narahatlıq görmürəm.

Yeni qanunlarla bağlı isə onu deyə bilərəm ki, Konstitusiya islahatlarına ehtiyac var ki, dövlət idarəetməsi təkmilləşdirilsin, iqtisadi və məhkəmə-hüquq islahatları genişləndirilsin.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər