25 Sentyabr 14:10
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ərazilərini 30 il işğalda saxladığı dövrdə törətmiş olduğu vandallığa, barbarlığa, soyqırımı aktlarına görə Ermənistan hüquqi müstəvidə də cavab verməlidir. Eyni zamanda bu ölkə Azərbaycana vurduğu maddi-mənəvi zərərlərə görə təzminat ödəməlidir. Bununla bağlı beynəlxalq hüquqda nümunələr mövcuddur.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib.

O qeyd edib ki, təzminatla bağlı müxtəlif yanaşmalar mövcuddur:

“Hələ torpaqlarımız işğal altında olduğu dövrdə belə Azərbaycana dəymiş ziyan müəyyən edilmişdi. Artıq torpaqlar işğaldan azad edildiyi üçün burada yeni bir yanaşmaya ehtiyac var. Azərbaycan tərəfi Ermənistan tərəfindən ərazilərdə apardığı dağıntılara görə, beynəlxalq faktaraşdırıcı missiyanı dəvət edib. Təəssüf ki, həmin missiya burada monitorinq aparmaqdan yayındı. Ona görə də, burada konkret olaraq beynəlxalq təşkilatların təsdiq etdiyi sənəddən söhbət getmir”.

Partiya sədri bildirib ki, bütövlükdə Ermənistanın işğal dövründə törətdiyi vandallıq aktları qeyd edilib:

“Azərbaycan indiki halda bununla bağlı özünün əsaslandırılmış variantını təqdim etməlidir. Burada konkret olaraq dəymiş zərərin miqyasını iqtisadçılar, hüquqşunaslar işləyib hazırlamalıdır. Daha sonra bu faktlar beynəlxalq qurumlara təqdim edilməlidir”.

Fazil Mustafa hesab edir ki, Azərbaycan tərəfindən bu proses neçə illərdir aparılır:

“Hökumətin ayrı-ayrı qurumlarında bununla bağlı konkret sənədlər var. Bu sənədlər beynəlxalq təşkilatlara təqdim edildikdən sonra onun üzərində konkret müzakirələri aparmaq mümkün olacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər