13:27
243
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ-a səfərinin və burada keçirdiyi görüşlərinin bir neçə hədəfi var. Birincisi, Zelenski BMT Baş Assambleyasında çıxışıyla beynəlxalq aləmə Kiyevin müharibənin dayandırılmasının yollarını izah edəcək. Ukrayna lideri bəyan etdiyi “Sülh planı”nın detallarını açıqlamasa da, söhbətin Rusiyanın işğalına son qoyulmasından gedir. Bu isə müharibənin davamı deməkdir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Zelenskinin ABŞ-a səfəri davam edərkən, Rusiya ordusu Ukraynanın şərqində işğalı genişləndirməyə çalışır:

“Buna baxmayaraq, Ukrayna prezidenti optimistdir. Məsələn, Zelenski ABC televiziya kanalına müsahibəsində “Müharibənin sonu çoxlarının düşündüyündən daha yaxındır" ifadəsini işlədib. Yəni o, ölkəsinin ərazi bütövlüyünü təmin edəcəyinə əminlik ifadə edib. Ancaq bunun üçün Qərb ölkələri Ukraynaya maliyyə və hərbi yardımı davam etdirməlidir.

İkincisi, Zelenski ABŞ Prezidenti Co Baydenlə görüşdə Ağ Ev sahibini inandırmağa çalışacaq ki, Vaşinqton Ukrayna ordusunun Amerika raketləri ilə Rusiyanın içərilərinə doğru zərbə endirməsinə icazə versin. Prinsip etibarilə Bayden administrasiyası müsbət qərar verməyə yaxındır.

Avropa ölkələrindən Böyük Britaniya və Niderland Ukraynaya təqdim etdikləri silahlardan Rusiyanın dərinliklərinə doğru zərbələr endirməsinə icazə verib.

Zelenskinin ABŞ səfəri zamanı üçüncü missiyası da var. O, prezidentliyə namizədlər – Kamala Haris və Donald Trampla görüşəcək. Zelenskinin bu görüşlərdə əsas məqsədi bu iki namizəddən hər hansı biri qələbə çalacağı halda Ukraynaya hərbi yardımın dayandırılmamasıdır. Harrislə bağlı ciddi problem olmamalıdır, Baydenin xarici və təhlükəsizlik siyasətini davam etdirəcək.

Əsas təhlükə Trampla bağlıdır. O, Ağ Evə sahib olacağı təqdirdə Ukraynaya maliyyə və hərbi dəstəyin dayandırılacağını vəd edib. Zelenski Trampı bu yanlış addımdan çəkindirməyə çalışacaq. Əlbəttə, Tramp Zelenskini dinləyəcək, ancaq onun mövqeyini dəyişəcəyini söyləmək çətindir. Bir müddət əvvəlki açıqlamasında Zelenskini “dilənçi” adlandıran Tramp ölkəsinin Avropadakı müharibəyə pul xərcləməyin əleyhinədir”.

Sentyabrın 18-də ABŞ mediası Trampın Ukraynada müharibəyə son qoymaq planı barədə yazıb. Böyük Britaniya parlamentinin Müdafiə Komitəsinin keçmiş katibi Elliot Uilson bunu “dəlilik və beynəlxalq münasibətlərin dinamikasını tamamilə məhv edəcək plan” adlandırıb. Uilsona görə, bu, Rusiyanın işğalına dəstək və Ukraynanın tərk edilməsi deməkdir. Trampın sülh planı 2014-cü ildə ilhaq edilmiş Krım və hazırda işğal altında olan Ukrayna ərazilərinin 20 faizinin Rusiyaya verilməsini ehtiva edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər