24 Sentyabr 18:58
1 752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın İsraillə yaxın əlaqələri Tehranla Dehli arasında gərginlik yaradıb.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Tehranla Dehlinin arası dəyib. Buna səbəb İranın ali dini lideri Əli Xameneyinin Hindistanda müsəlmanların sıxışdırıldığını söyləməsi səbəb olub. Bu açıqlamaya qədər münasibətlərdə gərginlik yox idi. Əksinə, Hindistan İrandan neft alışını artırmaqla yanaşı, bu ölkənin əsas limanlarından birinə sahiblənib. Buna baxmayaraq, ali dini liderin açıqlaması Hindistan Xarici İşlər Nazirliyinin sərt bəyanatına səbəb olub.

Maraqlıdır ki, münasibətlərdə bu gərginlik iki ölkənin Şimal-Cənub nəqliyyat dəhlizini genişləndirməsi dövrünə təsadüf edib. Tehran Dehli ilə münasibətlərin gərginləşməsinin qarşısını almağa çalışacaq. Çünki Qərbin ağır sanksiyaları altında olan İranın Hindistanla iqtisadi əlaqələr və ortaq layihələrə ehtiyacı var.

Bundan başqa, İran və Hindistan Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS-də bir yerdə olacaq. Bu təşkilatlar çərçivəsində də əməkdaşlıq Tehran üçün əhəmiyyətlidir. İran-Hindistan münasibətlərində gərginlik Rusiyanın da maraqlarına ziddir. Ona görə də Kreml iki ölkə arasında gərginliyin böyüməsinə imkan verməməyə çalışacaq”, - ekspert vurğulayıb.

Elxan Şahinoğlunun fikrincə, Xameneyinin Dehlinin siyasəti ilə bağlı qəzəbinə səbəb olan əsas amil Hindistanın İsraillə yaxınlığıdır:

“Əli Xameneyi müsəlman və İrana tərəfdaş ölkələrdən İsraillə əlaqələri kəsməyi tələb edir. Hindistan hökuməti isə, əksinə, son illərdə İsraillə müxtəlif sahələrdə əməkdaşlığı genişləndirib. Hindistan İsraillə birgə hərbi texnika da istehsal edir. İranın ali dini liderini narahat edən budur. Ancaq Dehli Tehranın istəyi ilə İsraillə sıx əməkdaşlıqdan imtina etməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər