Ermənistan-Türkiyə münasibətlərinin normallaşması Azərbaycanla sülh müqaviləsinin imzalanmasından sonra mümkün olacaq, bu, Ankaranın İrəvana şərtidir.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nyu-Yorkda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşünü müsbət qiymətləndirmək olar. Birincisi, Ərdoğan Paşinyanı ayağına gətirib, görüş BMT binasının yanındakı Türk Evində keçirilib. Ərdoğanın Paşinyana təqdim etdiyi “Daha ədalətli dünya mümkündür” kitabında Türkiyənin regional maraqları əks olunub. Paşinyan həmin kitabı oxumasa belə, bu kitabla şəkil çəkdirməsi onun Ərdoğanın mesajını qəbul etməsi anlamına gəlir.
İkincisi, qənaətimə görə, Ərdoğan bu görüşdə Paşinyana bir daha anladıb ki, Ermənistan Türkiyə ilə sərhədin açılması və diplomatik münasibətlərin bərpasını istəyirsə, ilk növbədə Azərbaycanla sülh sazişi imzalamalı və Zəngəzur dəhlizinin açılmasını təmin etməlidir. Bu olmadan Türkiyə birtərəfli addım atmayacaq. Türkiyə lideri BMT tribunasında da bəyan elədi ki, Ermənistan-Türkiyə əlaqələrinin normallaşması Azərbaycanla sülh müqaviləsinin imzalanmasından sonra mümkün olacaq”, - ekspert bildirib.