25 Sentyabr 13:52
1 461
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki ölkə arasında baş verən son gəlişmələri Üçüncü İsrail-Livan müharibəsinin başlanğıcı kimi təsvir etmək mümkündür.

Teleqraf.com xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.

Jurnalist İsrail Baş naziri Beyyamin Netanyahunun Yaxın Şərqlə bağlı hədəflərinə diqqət çəkib:

“İsrail tərəfindən Livanın cənubuna endirilmiş aviazərbələr nəticəsində azı 500 livanlının öldüyü, minlərləsinin yaralandığı bildirilir. Mətbuata əsaslansaq, son bir həftədə İsrail tərəfindən Livan “Hizbullah”ının həm hərbi mövqelərinə, həm də təşkilat strukturuna çox ağır zərbələr vurulub. Cərəyan edənləri Üçüncü İsrail-Livan müharibəsinin başlanğıcı kimi təsvir etmək yanlış olmazdı.

Bundan sonrakı mərhələ üçün bəzi açıq suallar qalır. Birincisi, İsrail rəhbərliyi tezliklə Livanın cənubunda quru əməliyyatı başladacaqmı, yoxsa əməliyyat üçün ABŞ seçkilərini gözləyəcək? İkincisi, ilkin mərhələdə üzləşdiyi ağır itkilər fonunda “Hizbullah” quru əməliyyatına tab gətirə və 2006-cı ildə olduğu kimi, İsrail Ordusunu geri otuzdura biləcəkmi?

Bir çoxları Netanyahunu kreslosunu qorumaq üçün regional müharibəyə can atmaqda ittiham edir, o, isə Yaxın Şərqi dəyişdirəcəklərindən danışır. İsrail təhdidləri və təşəbbüsləri ciddi qəbul edilməli olan bir dövlətdir. Bəs yəhudi dövləti Yaxın Şərqi yenidən dizayn edə bilərmi?

Aydındır ki, İsrail özünü daha təhlükəsiz hiss edəcəyi bir regional konfiqurasiya axtarışındadır: müstəqil Fələstin dövləti ehtimalının aradan qalxdığı, HƏMAS və “Hizbullah”ın hərbi cəhətdən zəiflədiyi, Qəzza zolağı və Livanın cənubunun ələ keçirildiyi, Qərb sahilində yəhudilərin kütləvi məskunlaşdırıldığı, Səudiyyə ilə normallaşmanın tamamlandığı bir regional mənzərə İsrail üçün əlverişli sayıla bilər.

Əsas maraq doğuran məqam silahlı gücünü Yaxın Şərqə yaymış İranla bağlıdır. Netanyahunun “Yeni Yaxın Şərq” planında İran üçün nələr nəzərdə tutulub? İsrail rəhbərliyinin əsas məqsədi İran dəstəkli müqavimət şəbəkəsinin zəiflədilməsidir, yoxsa son nəticədə İranın birbaşa hədəf alınması da plana daxildir?

“Hizbullah”ın müqavimət gücü İsrailin regional planlarının miqyasını müəyyən edəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər