Çin sınaq məqsədilə Sakit okeana qitələrarası ballistik raket (ICBM) atdığını bildirib.
Teleqraf.com xəbər verir ki, Çin Müdafiə Nazirliyinin açıqlamasında saxta döyüş başlığı daşıyan raketin Sakit okean sahillərində təyin olunmuş əraziyə düşdüyü deyilib.
Sınaq buraxılışının Çin ordusunun illik təlim planında rutin bir fəaliyyət olduğu və bunun beynəlxalq hüquq və təcrübələrə uyğun olaraq həyata keçirildiyi və heç bir ölkəni hədəf almadığı iddia olunub.
Açıqlamada raketin düşdüyü yer barədə dəqiq məlumat verilməyib.
5500 kilometrdən çox mənzilli ballistik raketlər qitələrarası kimi müəyyən edilir. Çinin bu günə qədər istehsal etdiyi ən qabaqcıl qitələrarası ballistik raket olan “Dongfing 41” (“Şərq Küləyi”) 12-15 min kilometr məsafə qət edə bilir.
Çin ilk dəfə 1980-ci ildə sınaq üçün Cənubi Sakit okeana qitələrarası ballistik raket buraxmışdı.