Müsavat Partiyasının Məclis sədri Arif Hacılı Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- ABŞ Dövlət Departamenti və Konqresi Azərbaycana qarşı hücum taktikasını daha çox “erməni məsələsi” üzərində qurur. Yalnız bir tərəfin mövqeyi üzərində olan yanaşma, sizcə, nə dərəcədə obyektivdir?
- ABŞ konqresmenlərinin Azərbaycana qarşı yanaşmada siyasi proseslərlə ermənilərin əsassız iddialarını eyniləşdirməsi təəccüb və təəssüf doğurur. Əslində bunlar fərqli məsələlərdir. Amerika ilə yanaşı kollektiv Qərbin bu məsələdə ən böyük səhvi məhz Azərbaycanın daxili məsələləri ilə Azərbaycan-Ermənistan münaqişəsinin səbəbləri, nəticələri barədə kifayət qədər dürüst məlumata malik olmadan, hər iki tərəfin mövqeyini deyil, yalnız bir tərəfin mövqeyini əsas götürməsidir.
Müsavat Partiyası iştirak etdiyi bütün beynəlxalq platformalarda bu iki məsələnin tamamilə ayrı-ayrı anlayışlar olduğunu diqqətə çatdırır. Azərbaycanın daxili məsələlərini diqqətə çatdırmaqla Azərbaycanla Ermənistan arasındakı prosesdə Bakının haqlı olduğunu, davranışlarının beynəlxalq hüquq normalarına uyğunluğu qeyd edilir.
Hesab edirik ki, Azərbaycan hakimiyyəti də bu məsələdə ölkəmizin maraqlarını əsas götürən mövqe tutmalı və bu iki mövzunun bir-birinə qarışdırılmaması üçün zəruri işlər görməlidir.
- Konqresin indiki halda olan yanaşması bütövlükdə Ağ Evin mövqeyi kimi izah oluna bilərmi?
- ABŞ-da bəzi konqresmenlərin Azərbaycan-Ermənistan münasibətləri ilə əlaqədar verdiyi açıqlamalar bütövlükdə ABŞ-ın mövqeyini əks etdirmir. Bu, daha çox erməni lobbisinin ABŞ-da və digər Qərb ölkələrində apardığı fasiləsiz anti-Azərbayca fəaliyyətinin nəticəsidir.
Ayrı-ayrı konqresmenlərin və Konqresin mövqeyi isə bütövlükdə Amerikanın mövqeyi demək deyil.
- Siyasi müxalifətin bu məsələdə mövqeyi necə olmalıdır?
- Bəzi konqresmenlərin ABŞ və kollektiv Qərbin erməni lobbisinin mövqeyindən çıxış etməməsi üçün ciddi addımlar atılmalıdır. Müsavat Azərbaycanın aparıcı müxalifət partiyası kimi bu istiqamətdə əlindən gələni edir ki, ölkəmizin mənafelərini yetərincə müdafiə edə bilək. Bunun üçün ancaq müxalifətin, ayrı-ayrı şəxslərin və siyasətçilərin fəaliyyəti, çalışmaları yetərli deyil.
- 30 ilə yaxın əraziləri işğalda qalan, 1 milyona yaxın vətəndaşı qaçqın və məcburi köçkünə çevrilən Azərbaycan olduğu halda sırf erməni məsələsi üzərində dayanmaq hansı məntiqə əsaslanır?
- Haqq və ədalət, tarixi həqiqətlər Azərbaycanın tərəfindədir. Burada bizim istinad etməli olduğumuz əsas məsələ beynəlxalq hüquqdur. Beynəlxalq hüquqa görə, keçmiş Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Ermənistan da daxil olmaqla bütün dünya Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Bizim üçün ən mühüm məsələ bundan ibarətdir. Bütün mövzulara münasibət bildirərkən məhz bu məsələ üzərində dayanmaq lazımdır.
- Təmsil olunduğunuz partiya bu məsələdə hansı addımları atıb? Siz bir müxalifət təmsilçisi kimi təmasda olduğunuz beynəlxalq təmsilçilərlə bu istiqamətdə hansı məqamları önə çəkmisiniz?
- Bu yaxınlarda Müsavat Partiyasının nümayəndələri olaraq başqan İsa Qəmbərlə birlikdə Lissabonda beynəlxalq tədbirə qatılmışdıq. Orada Cənubi Qafqaz mövzusunda məruzə ilə çıxış etdim. Ermənistanı təmsil edən siyasi partiya rəhbərlərinin Azərbaycana qarşı oxşar ittihamlarına cavab verərkən ilk növbədə bu məsələni qaldırdıq.
Bildirdik ki, əslində bu müharibədə təşəbbüskar, yəni ilk addımı atan Azərbaycanın ərazilərini işğal edən Ermənistan olub. Azərbaycan xalqı say, itkilərin miqyası, həcmi baxımından Ermənistanla müqayisəolunmaz dərəcədə ağır zərərlə üzləşib. İnsan potensialı, vətəndaşların uzun illər əziyyət çəkməsi, dəhşətli bir vəziyyətdə köçkün həyatı yaşaması və sair kimi amillər var.
- Azərbaycanın öz ərazisini azad etməsi niyə beynəlxalq birlik tərəfindən birmənalı qarşılanır? Başqa ölkələrdə isə buna münasibət fərqlidir. Ukraynanın ərazilərinə kollektiv Qərbin münasibətini misal göstərmək olar...
- Bu faktlar var. Təsəvvür edin ki, beynəlxalq birlik Xersonun Ukrayna ordusu tərəfindən işğaldan azad edilməsini bu torpaqların hərbi yolla Ukrayna tərəfindən zəbt edilməsi kimi dəyərləndirmir. Bu halda Azərbaycanın keçmiş Dağlıq Qarabağı erməni işğalından azad etməsini Azərbaycanın da bu əraziləri hərbi yolla zəbt etməsi kimi qiymətləndirilməməlidir.
Bu tipli paralellər aparmaq və bunu bütövlükdə Azərbaycanın ümummilli siyasəti və təbliğatının tezislərinə çevirmək lazımdır. Bu mümkün olsa, təbii ki, haqlı mövqeyimizi bütün dünyaya, beynəlxalq ictimai rəyə çatdıra bilərik.