Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Azərbaycanın Avropa Şurası Parlament Assembleyasında (AŞPA) nümayəndə heyəti formalaşdırılmayıb. Parlamentdə başqa hansı ölkə və təşkilatla işçi qrupunun yaranmasına ehtiyac duyulmadı?
- Milli Məclisin bir sıra beynəlxalq təşkilatlardakı nümayəndə heyətləri formalaşıb. Parlamentdə artıq 102 dostluq qrupu fəaliyyət göstərir. Bu, vacib və əhəmiyyətli məsələdir. Amma bunun fonunda Fransa ilə bağlı işçi qrupu yaradılmadı. Bu da Fransanın hazırda regionda apardığı destruktiv siyasətlə yanaşı, onun dialoq, qarşı tərəfi eşitməmək, proseslərə beynəlxalq qanun çərçivəsində yanaşa bilməməklə bağlıdır. Azərbaycan parlamentində işçi qrupları o ölkələrlə yaradılır ki, onlar ən azı dialoqun aparılmasına hansısa formada meyillidir. Fransa kimi ölkələr isə düşmənçilik mövqeyini seçir.
- AŞPA ilə kəskin qərarın arxasında başqa hansı amillər dayanır?
- Bu yaxınlarda Avropa Şurasının baş katib səviyyəsində Azərbaycan Xarici İşlər naziri ilə ABŞ-da BMT Baş Assambleyasının toplantısında görüş keçirildi. Bu görüşdə qarşılıqlı dialoq haqqında müzakirələr aparıldı. Amma bunun üzərindən bir neçə gün keçdikdən sonra AŞPA-da Azərbaycanla bağlı “dinləmələr” keçirildi. Fövqəladə müzakirələr təşkil edib, konkret məruzə yaza bilməsələr də, 81 nəfərin iştirakı ilə müəyyən əsassız məsələlərdən danışıldı. Almaniyalı ermənipərəst deputat Frank Şvabe kimiləri Azərbaycana qarşı əsassız dinləmələr təşkil etdi. Bu dinləmələrdə isə Türkiyə, Gürcüstan, Serbiya, İtaliya, Böyük Britaniya Azərbaycanın mövqeyi müdafiə etdi. Amma bütün bunlara baxmayaraq birtərəfli mövqe sərgiləmək və əsassız olaraq dialoqdan çəkinmək, beynəlxalq davranışlara zidd yanaşmalar üstünlük təşkil etdi. Ona görə də, Azərbaycan tərəfi hansısa təşkilatla bu qurum var deyə, məhz o anlayışla münasibətlər qurmur. Azərbaycan tərəfi öz milli maraqları çərçivəsində münasibətlərin təşkilini istəyir. Şəxslər, ölkələr, dövlətlər burada heç bir önəm kəsb etmir. Bu yanaşma ən başlıca amil kimi qəbul edilib.
- İndi Azərbaycanla AŞPA arasında bütün körpülərin yandığını söyləmək nə dərəcədə məntiqli olar?
- Azərbaycan heç vaxt hansısa qurum, təşkilat, dövlətlə münasibətləri pozmaqda maraqlı deyil. Ölkəmiz özünə qarşı olan qeyri-obyektiv mövqeyə milli maraqlar çərçivəsində cavab verib. Bir daha bəyan edilib ki, AŞPA özünün qərəzli mövqeyindən əl çəkərsə, Azərbaycan normal müstəvidə əməkdaşlığa hazırdır. Bu heç də şəxsiyyətlər arası münasibətlər deyil. Söhbət dövlətlər, təşkilatlar arası münasibətlərdən gedir. Ona görə də, AŞPA öz mövqeyində korrektələr edəcəksə, Azərbaycanla təzyiq dilində danışmağın mümkünsüzlüyünü başa düşəcəklərsə, proseslər qaldığı yerdən davam edə bilər. Çünki qarşı tərəf nəhayət anlamalıdır ki, Azərbaycan özünün milli maraqlarını hansısa siyasi konyukturaya qurban verməyəcək.
- Azərbaycana qarşı AŞPA-dan edilən davamlı “təzyiqlər”in artmasına səbəb nə idi?
- AŞPA-dakılar anlamalıdır ki, hansısa Şvabelər Azərbaycanın xarici siyasətinə təzyiq göstərə bilməyəcək. Azərbaycan öz milli maraqlarını, ərazi bütövlüyünü və suverenliyini ən yüksək səviyyədə təmin etmək üçün şəhidlər, qurbanlar verib. Qarabağ Ermənistanın işğalından azad olunub. Ona görə də, hansısa konyuktur və erməni lobbisinin pulu ilə beynəlxalq səviyyədə müəyyənləşmiş bütün qanun-qaydalara zidd olan davranışları Azərbaycan qəbul etməyəcək.
- Münasibətləri bərpa üçün nə kimi şərtlər var?
- Azərbaycan əməkdaşlığa hər zaman hazırdır. Hətta Ermənistana II Qarabağ müharibəsindəki qələbəmizdən sonra sülh konsepsiyası da Azərbaycan tərəfindən təklif edilib. Bu, başqalarına da eyni qaydada olub. Onlar özləri bizimlə “müharibə” edir. Azərbaycanın isə heç kimlə işi yoxdur. Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, “gedin işinizlə məşğul olun”. ABŞ və Niderlandın Azərbaycanla bağlı olan qərəzli yanaşmaları da bu sferaya aiddir.
- Əsas hədəfləri nədən ibarət idi?
- Bu təşkilatların və dövlətlərin Azərbaycana olan qərəzli münasibəti heç də obyektiv məsələləri əhatə etmir. Bu cür yanaşmalar ancaq erməni lobbisinin sifarişləri əsasında formalaşır. Onlar məsələlərə ancaq öz şəxsi maraqları kontekstində yanaşır. Cənubi Qafqazda öz güclərini ortaya qoyub, burada olan xalqların maraqlarını nəzərə almaq istəmirlər. Amma bütün bunlara rəğmən AŞPA öz fəaliyyətini normal şəkildə təşkil edəcəksə, Azərbaycan dialoqa hazırdır.
Qeyd edək ki, Milli Məclis Azərbaycanın Avropa Şurası Parlament Assembliyasında (AŞPA) nümayəndə heyəti formalaşdırılmayıb.
Xatırladaq ki, bu ilin yanvarında Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib. Bu qərar AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatların çağırışlarından sonra verilib.
AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov idi.