"2023-cü il oktyabrın 15-i Azərbaycan xalqının, eləcə də dünya azərbaycanlılarının yaddaşına əbədi həkk olunan gündür. Məhz həmin gün Prezident, Ali Baş Komandan Xankəndinin mərkəzində Azərbaycanın Bayrağını qaldırdı. Dövlətimizin başçısı bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edərək dedi ki, düz 20 il bundan əvvəl Azərbaycan xalqı ona böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçib. O vaxt doğma xalqına müraciət edərək söz vermişdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək, Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Ölkə Prezidenti verdiyi vədləri həyata keçirmək üçün Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdi. Son 20 il ərzində verdiyi bütün vədlər, qarşıya qoyduğu bütün vəzifələr icra edildi".
Teleqraf.com xəbər verir ki, bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Hüquq müdafiəçisi xatırladıb ki, Prezident İlham Əliyev vəzifə borcunu yerinə yetirməyə başlayanda Azərbaycan Bayrağının o vaxt işğal altında olan bütün ərazilərdə, torpaqlarda, şəhər və kəndlərdə qaldırılmasını qarşısına bir nömrəli vəzifə qoymuşdu:
"2003-cü ildən başlayaraq Prezidentin apardığı islahatlar, həyata keçirdiyi daxili və xarici siyasət xalqımızı hər gün bu müqəddəs ana yaxınlaşdırırdı".
Ç.Qənizadə dövlətimizin başçısının 2003-cü ilin oktyabrında keçirilən andiçmə mərasimindəki nitqindən bəzi məqamları da xatırladıb:
"Prezident İlham Əliyev o vaxt demişdi: “Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.
Tanınmış hüquqşünas deyib ki, bu illər ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə layiq yerini tuta bildi:
"Ölkəmiz tədricən dünyada söz sahibinə çevrildi, nüfuzlu beynəlxalq təşkilatların üzvü, bir çox hallarda həmin təşkilatların bəzilərnə rəhbərlik də etdi. Bununla yanaşı, Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaradıldı. Eyni zamanda, ölkəmizdə güclü iqtisadiyyat yaradıldı. Müstəqilliyi möhkəmləndirmək, əbədiyyətə çevirmək üçün əsas şərtlərdən biri güclü iqtisadiyyata, qüdrətli orduya malik olmaq vacibdir. Ölkə Prezidenti Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdı. Ölkəmizdə elə bir güclü ordu yaradıldı ki, qarşıya qoyulan bütün vəzifələri yerinə yetirməyə qadir olsun. Bunu 2016-il Aprel döyüşlərində, 2020-ci ilin Tovuz əməliyyatında, 2020-ci il Vətən Müharibəsində və 2023-cü il lokal xarakterli antiterror tədbirlərində gördük. Təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Ordumuzla, Silahlı Qüvvələrimizlə Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir".
Hüquq müdafiəçisi Vətən müharibəsinin cəmi 44 gün çəkdiyini diqqətə çatdıraraq deyib ki, həmin günlər ərzində dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev dəfələrlə xalqa müraciət edərək, eyni zamanda, düşmənə müraciət edərək bildirmişdi ki, silahları yerə qoyun, torpaqlarımızın azad olunmasının qrafikini, tarixini verin və biz müharibəni dayandırmağa hazırıq:
"Biz Şuşanı - bizim müqəddəs ocağımız olan, alınmaz qala sayılan Şuşanı azad edəndən sonra artıq düşmən öz məğlubiyyətini dərk etdi, ağ bayraq qaldırdı və biz müharibəni dayandırdıq".
Ç.Qənizadə 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərindən da söhbət açaraq deyib ki, Qarabağ Zəfərinin davamı olaraq Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi:
"Xankəndidə keçirilən Zəfər paradı ölkəmizin gücünün və Ordumuzun qüdrətinin daha bir parlaq nümayişi kimi tarix səhifələrinə yazıldı. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndidən xalqa müraciətində demişdi: “Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".