COVID-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqda qərar qəbul etdi. Belə ki, bu gündən etibarən bir sıra sahələr işini bərpa etdi.
Teleqraf.com-un əməkdaşları fəaliyyətini bərpa etdirən geyim mağazalarında olub.
Uzun müddət sonra mağazaların açılsa da, gözləntilərimizin əksi ilə qarşılaşdıq. Geyim dükanlarında demək olar ki, alıcı yox idi. Nəhayət bir mağazaya daxil olduq. Qapıdakı “maskasız giriş qadağandır” yazısı diqqətimizi çəkdi.
Satıcının sözlərinə görə, səhər saatlarından axşama qədər çox az sayda müştəri gəlib: “Uzun müddət sərt karantin davam etdiyi üçün əhalinin gəlirləri azalıb. Bu da alıcıların axınına təsirini göstərir”.
Qiymətlər barədə soruşduğumuz zaman isə yay mövsümü bitdiyi üçün müəyyən endirimlərin tətbiq olunduğu bildirildi:
“Artıq avqust ayıdır. Payız üçün yeni kolleksiya gətirməyə hazırlaşdığımız üçün yay geyimlərində endirimlər etmişdik”.
Satıcı qeyd edib ki, alıcılar arasında ayaqqabı almağa gələnlər üstünlük təşkil edir.
Mağaza daxilində müştərilərdən bir neçəsi ilə söhbətləşdik. Onların sözlərinə görə, gündəlik olaraq işə gedib-gəldikləri üçün geyim mağazalarının bağlı olması müəyyən çətinliklər yaradırdı: “Bu il yay üçün alış-veriş edə bilmədim. Elə hazırlaşırdım ki, yeni geyimlər alım, karantin rejimi sərtləşdirildi. Qismət bu günə imiş”.
Növbəti üz tutduğumuz mağazada da fərqli mənzərə ilə qarşılaşmadıq. Satıcıların gözü yolda müştərinin gəlməsini gözləyirdilər: “Bu gün cəmi bir nəfər gəldi, o da məhsullara baxıb, getdi. Fikirləşirdik ki, bu günlərdə yəqin izdiham olacaq. Amma sərt karantin rejimi müştəri axınına təsir göstərdi. Doğrudur, yumşalma tədbirlərinə qədər mağazamız onlayn fəaliyyət göstərirdi. Gündəlik bir neçə satış həyata keçirə bilsək də, ənənəvi alış-verişin bərpası vaxt alacaq. Ümidimiz növbəti həftələrədir”.
Foto: Pərviz Həşimi