26 Avqust 2020 14:16
1 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

Toy hər bir insanın həyatında baş verən olduqca önəmli və mühüm hadisədir. O cümlədən, bütün valideynlərin arzusu övladlarının xoşbəxt ailə həyatı qurmasıdır. Ailənin qurulması isə yeni övladların dünyaya gəlməsi, əhalinin sayının artması deməkdir. Toyların bu qədər müddətə qadağan olunması 18-19 ildən sonra hərbi xidmət vaxtı gənclərin sayının xeyli azalmasına gətirib çıxara bilər.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında həkim-nevroloq Qalib Əsədov deyib.

Onun sözlərinə görə, dünyanın demək olar bütün ölkələrində müəyyən qaydalar əsasında keçirilməsinə icazə verilir:

“Çində, İtaliyada, eyni zamanda qonşu İranda, Rusiyada koronavirusla mübarizədə yaşanan acınacaqlı hadisələri gördük. Lakin yalnız yaxın qohumlar olmaqla 100-150 nəfərin iştirakı, 2 metr sosial məsafənin qorumaqla toy məclislərinin təşkilinə icazə verilib. Bu gündən Türkiyənin 14 əyalətində 1 saat müddətində toyların keçirilməsinə başlanılır. Heç bir ölkədə toylar qadağan edilməyib. Çünki dövlətlər bilirlər ki, bu, demoqrafik göstəricilərə ciddi təsir edir. Məsələn, mən dünən açıq havada bir kafedə əyləşmişdim. Bir masa ətrafında 6 nəfərin oturması şərtilə, ətrafdakı digər masalarda yad adamlar var idi. O yad adamların əvəzinə mənim qohum-qardaşımın oturması ilə toy keçirmək niyə də mümkün olmasın?

İndi Məhərrəm ayıdır, bundan əvvəl toyları bu şəkildə təşkil etmək olardı. Başqalarından virus keçə bilər, amma qohumlar, bir nəslin üzvləri daim təmasdadırlar. 100-150 nəfərdən ibarət olan qruplar şəklində toyu məhdud çərçivədə keçirmək mümkündür. Məsələn, qanun qəbul edilə bilər ki, 65 yaşdan yuxarı şəxslər, 12 yaşdan aşağı uşaqlar toyda iştirak etməsin. Ara məsafəsi qoyulsun, ofisiantlar maskada olsun. Onsuz da toyda ata, ana, əmi, dayı, bibi, xala və digər yaxın qohumlar iştirak edir. Bunlar daima təmasdadırlar, bir-birinin evinə gedib-gəlirlər. Belə bir vəziyyətdə toyu qadağan etməyə nə zərurət var? Üstəlik, son dövrlərdə məlum toy qalmaqalları oldu. Bu keçirilən tədbirlərin heç birində koronavirusa yoluxma faktı aşkar olunmadı. Bizim dövlət vaxtında lazımı tədbirlər gördü, mən deyərdim ki, Nazirlər Kabineti yanında Operativ Qərargah möhtəşəm addımlar atdı və bu səbəblə biz mümkün qədər az itki ilə virusu keçirdik".

Həkim xatırladıb ki, İtaliyanın şimal bölgəsi, Çinin Uhan şəhərində sərt karantin dövründə toylar 40-45 gün müddətində qadağan edilsə də, sərt karantin rejimi bitən kimi toylar dərhal bərpa edildi və hər şey qaydasında getdi”.

Qalib Əsədov rayonlar arası gediş-gəliş mövzusuna toxunaraq, yolların açılmasının zəruriyilini qeyd edib: “Karantin nədir? Məsələn, Bakıda koronaviruslu xəstə varsa, digər rayonların heç birində koronaviruslu xəstə yoxdur. Bu zaman Bakı karantinə alınır ki, xəstəlik digər rayonlara yayılmasın. Amma bütün rayonlarda koronaviruslu xəstə aşkar olunubsa, bundan sonra sərt karantin rejiminin tətbiqinin əhəmiyyəti qalmır. Biz ilin axırına qədər maska ilə gəzməli, sosial məsafə gözləməli, özümüzü qorumalıyıq.

Ümumdünya Səhiyyə Təşkilatının baş epidemioloqu bildirib ki, sərt karantin rejiminin bu şəkildə tətbiq olunması koronavirusdan daha dəhşətli nəticələrə gətirib çıxara bilər. Ölkəmizin bütün regionlarında koronaviruslu xəstə var. Ölkə başçısının tapşırığı ilə bütün rayonlarda modul tipli xəstəxanalar tikildi, həkimlərə təlimlər keçirildi. Xatırlayırsınızsa, mart ayında ölkəmizdə maska və spirt yox idi. Lakin növbəti mərhələdə maska istehsalına başlanıldı, Azərbaycana dərmanlar gətirildi. Biz indi mübarizəyə hazırıq. Artıq çarpayı fondumuz, süni tənəffüs aparatlarımız var. Bundan sonra karantinin tətbiqinin davam etməsinin əhəmiyyəti yox, yalnız ziyanı var. Çünki insanları aqressivləşdirir, situasiyadan bezirlər, cəmiyyətdə kütləvi psixoz artır. Bu isə cinayətkarların artmasına səbəb ola bilər”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər