8 Yanvar 2021 16:41
1 120
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İkinci Qarabağ müharibəsi zamanı şəhid olan hərbiçilərin ailələrinə və müharibədə sağlamlığını itirib əlillik alan şəxslərə, o cümlədən Ermənistanın hərbi cinayətləri nətiçəsində şəhid olan və əlillik alan mülki şəxslərə münasibətdə yaxınmüddətli planda bəzi sosial proqramlar həyata keçirlib”.

Teleqraf.com xəbər verir ki, bunu Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov deyib.

O, yaxşı nümunələrin olduğunu vurğulayıb: “İlin yekunlarına həsr olunmuş müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev çıxışında göstərdi ki, bir neçə sosial proqram 7 min şəxsi əhatə edib. Qısa müddətdə aktiv dəstək olaraq 2000 belə ailənin özünəməşğulluq proqramına cəlb edilməsi müsbət haldır. Daha 300 ailəyə passiv dəstək olaraq sosial ödənişlər təyin olunub”.

Sahib Məmmədov hesab edir ki, sonrakı dövrdə aktiv dəstək proqramının genişlənməsi məqbul olardı: “Aktiv dəstək gələcəkdə dövlətin bu ailələrə yönələn passiv dəstək xərclərini azalda bilər.

Gələn il üçün 16 min şəxsin (ailənin) özünəməşğulluq proqramına cəlb olunması (2020-ci ildə 12 min ailə) planlaşdırlır. Fikrimcə, yalnız İkinci Qarabağ müharibəsində şəhid olan və ya əlillik alan şəxslər deyil, bütövlükdə Qarabağ uğrunda bütün dövrlərdə şəhid olan və əlillik alanlar, həmçinin hərbi əməliyatlarda iştirak edib qəhrəmanlıq göstərənlər belə proqramlarda prioritet qrupda olmalıdır. Yəqin ki, belə də olacaq. Düşünürəm ki, ictimaiyyət belə ailələr barədə müvafiq dövlət orqanlarına əlavə məlumatlar təqdim etsə, prosesin sürətlənməsinə yardım etmiş olar”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər