Azərbaycanda tətbiq edilən sərt karantin tədbirləri öz müsbət nəticələrini verib. Hazırda ölkədə yoluxma sayların azalması müşahidə olunur. Lakin tətbiq olunan qaydalara əhali riayət etməzsə, xəstəliyin yenidən artımı baş verə bilər. Xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə 2021-ci il yanvar ayının 18-dən Azərbaycanda peyvəndləmə işlərinə start verilib. Vaksinasiyanın aparılması isə hələ xəstəliyin sona çatması və koronavirus üzərində tam qələbə demək deyil. Bundan sonra bir müddət hər kəs karantin rejiminin tələblərinə əməl etməli, sosial məsafə gözləməli, tibbi maska və digər qoruyucu vasitələrdən istifadəyə davam etməlidir.
Bunu Teleqraf.com-a açıqlamasında Gigiyena Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva hazırkı epidemioloji vəziyyəti qiymətləndirərkən deyib.
Onun sözlərinə görə, bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsinə və onların sağlamlığının qorunmasına xidmət edir:
“Covid-19 infeksiyasına qarşı vaksinasiyanın aparılmasının əsas məqsədi əhali arasında kollektiv immunitetin yaranması, infeksiyanın yayılmasının qarşısının alınması və idarə edilən səviyyəyə çatdırılmasına nail olmaqdır. Yoluxma halları baş verdikdə belə vaksin vasitəsi ilə qazandığımız anticimlər sayəsində xəstəlik yüngül keçəcək. Vaksinasiyada əsas məqsəd ağırlaşmaların və ölüm hallarının qarşısını almaqdır.
Əhali arasında xəstələnmə nəticəsində yaranan təbii immunitet, eyni zamanda vaksinasiya tədbirləri nəticəsində yaranan süni immunitet əhalinin 70 faizində formalaşarsa, epidemik proses sönəcək”.
O bildirib ki, ölkədə vaksinasiya tədbirləri mərhələlərlə həyata keçirilir: “Birinci mərhələdə əhalinin risk qrupları peyvənd olunacaq. Bu, əhali qruplarına ilk növbədə tibb işçiləri, tənəffüs sisteminin xroniki xəstəlikləri olan şəxslər, yaşı 65 yaşdan yuxarı olan insanlar və digərləri aiddir.
Azərbaycanda istifadə olunan “CoronaVak “ vaksini təhlükəsiz və effektivdir. Vaksinin effektivliyi klinik tədqiqatlar əsasında yüksək 91,5 faiz qiymətləndirilib”.