Avqustun 25-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə səfərdə olan bir qrup əcnəbi jurnalistlə görüşüb.
Bu barədə Teleqraf.com-a Komitədən məlumat verilib.
Görüş Meksikanın nüfuzlu “El Universal” gündəlik qəzetinin redaktoru Qabriel Moyssen, Kolumbiyanın "Impacto Mundo" telekanalının aparıcısı, "Las2Orillas", "El Expediente" ve "Ola Politica" agentliklərinin müxbiri Roberto Trobaxo, Peru Jurnalistlər Federasiyasının vitse-prezidenti Rikardo Sançes, bu ölkənin "La Razon" qəzetinin və "Prensa21" xəbər portalının direktoru Karlos Linares Uarinqa arasında olub.
Qonaqlara qaçqın və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsas istiqamətləri, Dövlət Komitəsinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Ermənistanın deportasiya, milli ayrı-seçkilik və işğalçılıq siyasəti nəticəsində öz doğma yurdundan didərgin düşən insanlar böyük çətinliklərlə üzləşib, maddi itkilərə məruz qalıb, mənəvi-psixoloji sarsıntılar keçiriblər.
Latın Amerikası ölkələrindən gəlmiş jurnalistlər səmimi söhbətə görə təşəkkür bildirib, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq tədbirləri və məcburi köçkünlərin qayıdışa hazırlanması məsələləri ilə maraqlanıblar.
Görüşdə iştirak edən jurnalistlər ölkəmizin Meksika Birləşmiş Ştatlarındakı səfirliyində akkreditə olunublar və öz ölkələrində Azərbaycanla bağlı mövzuların işıqlandırılmasında fəallıq göstərirlər. Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi məlumat verib.
Görüşdən sonra nümayəndə heyəti məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Abşeron rayonunun Masazır qəsəbəsi ərazisindəki yaşayış kompleksindəki vəziyyətlə tanış olub.