13 İyul 2014 15:52
1 265
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur "Dəli kür" filminin "Cahandar ağa" obrazını canlandıran aktyor Ələddin Abbasov dünyasını dəyişib.

Teleqraf.com-un anspress-ə istinadən verdiyi məlumata görə, xalq artisti bu gün 92 yaşında vəfat edib. Aktyor son vaxtlar ayaq ağrılarından əziyyət çəkirdi və yeriyə bilmirdi. Aktyorun son mənzilinə yola salınması üçün vida mərasimi təşkil olunacaq.

Qeyd edək ki, Ələddin Aslan oğlu Abbasov 5 may 1922-ci ildə Gəncədə doğulub. On beş yaşında Gəncə DDT-nin nəzdindəki aktyor studiyasına qəbul olunub. İki il təhsil müddətində teatrın yardım heyətində çalışıb, repertuardakı tamaşalarda kütləvi səhnələrə çıxıb. 1939-cu ildən aktyor truppasının üzvüdür və yaradıcılığı yalnız bu kollektivlə bağlıdır. Gəncə Dövlət Dram Teatrının səhnəsində xalq artistləri Əşrəf Yusifzadə, Rəmziyyə xanım Veysəlova, Məhəmməd Bürcəliyev, Sədayə xanım Mustafayeva, Zülfüqar Baratzadə, respublikanın əməkdar incəsənət xadimləri Yusif Bağırov, Həsən Ağayev kimi sənət korifeyləri ilə birgə çalışıb.

Sənət uğurlarına görə, Azərbaycan Respublikasının əməkdar artisti (20 may 1958) və xalq artisti (1971) fəxri adları ilə təltif olunub. "Mən ki gözəl deyildim" (İmran), "Özgə ömrü" (Ata), "Qatır Məmməd" (Məşədi Göyüş) və sairə bədii filmlərə çəkilib. Ən məşhur ekran rolu "Dəli Kür" əsərində Cahandar ağa obrazıdır. Aktyor yüzə yaxın personaja səhnə ömrü verib.


Müəllif:

Oxşar xəbərlər