22 Fevral 2018 20:13
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğuna qəbul üçün müsahibəyə gəlməyənlərə xəbərdarlıq edib.

DİM-dən Teleqraf.com-a verilən məlumata görə, fevralın 22-də Mərkəz tərəfindən 11 yanvar tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr davam etdirilib.

Müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə, Şəki, Şirvan, Lənkəran regional bölmələri, Quba regional “ASAN” xidmət mərkəzi daxil olmaqla 16 müxtəlif yerdə təşkil edilib. Digər 2 bölgədə (Mingəçevir və Bərdə) müsahibələrin keçirilməsinə yaxın günlərdə başlanılacaq. Gün ərzində keçirilməsi nəzərdə tutulan 110 müsahibədən 68-i baş tutub, 42 namizədlə müsahibə isə onların gəlməməsi səbəbindən baş tutmayıb. Müsahibədə iştirak etmiş namizədlərdən 23-ü iddia etdiyi vəzifəyə uyğun hesab edilib.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Xüsusilə nəzərə almaq lazımdır ki, müsahibələr ilk dəfə olaraq regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar.

DİM namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.

Müsahibələrdə iştirak etmək istəməyən namizədlər müsahibə tarixinə 1 gün qalmış, səhər saat 10:00-dək müraciətlərini buradan ləğv etməlidirlər.

Namizədlərlə müsahibələr martın 16-dək davam edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər