Teleqraf.com saytının “Brifinq” layihəsinin növbəti qonağı əməkdar jurnalist, filologiya elmləri doktoru, professor, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü Ramiz Əskərdir. Onunla müsahibəni təqdim edirik:
Həsən bəy deyir ki, pulsuz paylayın, camaat görsün, qəzet nədir
Səxavət Həmid: – Ramiz müəllim, milli mətbuatımızın ilk qaranquşu – “Əkinçi” qəzetinin nəşrinə başlanmasının 143-cü ildönümü tamam olur. İstərdik Sizin bu qəzet və onun qurucusu Həsən bəy Zərdabi haqqında fikirlərinizi dinləyək…
– Azərbaycan mətbuatı çox gəncdir. Başqa cür ola da bilməzdi. Üzeyir bəyin bununla bağlı felyetonu var. İngilis gəlib deyir ki, nə qədər əhali var, deyirlər 2 milyon. Deyir, qəzetin tirajı qədərdir? Deyir, sən təxmin elə. Deyir, 50 min olar. Deyir, bir az düş. Düşüb-düşüb axırda 100-də saxlayır. Yəni, mətbuatımızın ömrü də bunun tiplidir. Türkiyədə mətbuat bizdən 38 il əvvəl – 1837-ci ildə yaranıb. Həsən bəy Zərdabi varlı bir ailədən idi, özünün də bir az sərvəti vardı, üstəlik vətənpərvər adam idi. O, Moskvada universitet bitirmişdi, dünyagörüşü böyük, zəngin, mətbuatı anlayan, rus mədəni səviyyəsinə çatmış bir insan idi. O, İstanbula gedib ordan sərvətini verib şrift alır, onu indiki dillə desək, karqoya verir, sonra Batum limanına gedib onu götürürdü. Şrifti gətirib kassalara düzürlər. İndi mürəttib tapa bilmirlər. Siz görməmisiz, dəmirdən olan xüsusi maşında hərfləri tək-tək yığırdılar. Məsələn, “Azərbaycan” yazmaq üçün hər bir hərfi ardıcıllıqla ayrı-ayrı yerləşdirmək lazım olurdu. Sovet dövründə mövcud olan linotipin metal variantı Həsən bəyin əllə yığılan mürəttib sistemi ilə müqayisədə inqilabi bir şey idi. Onu da alman Qutenberq kəşf edib. Yəni, görün, nə qədər texniki gerilik vardı. Hətta, şəkilləri çıxarmaq bir başqa əziyyətli iş idi. Ancaq bu qədər texniki geriliklə böyük bir vətənpərvər insan gedib qəzet açır. Qəzetin tirajı cəmi 500-ə yaxın olur, 100-dən bir qədər çox abunə vardı. Dövlət idarələrinə, şeyxülislamlığa, bir-iki mədrəsəyə göndərir. Yenə əlində qalır. Deyir, bunu da camaata pulsuz paylayın, görsünlər qəzet nədir. Yəni, Həsən bəy böyük fədakarlıq edərək “Əkinçi” qəzetini nəşr etdirir.
“Əkinçi”dən gerçəkdən bir az kənd iyi gəlir
– “Əkinçi” qəzetinin öz səhifələrində hansı məsələləri əks etdirdiyini əsasən bilirik. Zatən, qəzetin adı da öz-özlüyündə çox şey deyir. Bəs, siyasi məsələlərə toxunmaq nə dərəcədə mümkün olurdu?
– Qəzetdə “Əkin və ziraət” xəbərləri adlı bölmə var idi. Bir az Həsən bəyi sıxırdılar, siyasi yazılar yaza bilmirdi. Məsələn, 1877-78 illər Rus-türk müharibəsini neytral verirdi. Düzdür, Mirzə Fətəli Axundov kimi “bizimkilər qalib gəldi” də demirdi. Axundov bunu oğluna məktubunda yazırdı. Oğlu da “ata, bizimkilər dedikdə kimi nəzərdə tutursan”. Aydındır ki, rusları nəzərdə tutur.
Həsən bəy Zərdabi hər şeyi yaza bilmədiyi üçün “Əkin və ziraət” xəbərlərindən əlavə qəzetdə praktiki məsləhətlər verirdi. Südü belə düzəldin, qaymağı belə eləyin, ayranı elə eləyin və sair. Camaat bunu kənddə oxuyub maariflənirdi. Mirşahin də bunları nəzərdə tutub demişdi ki, “Əkinçi”dən bir az kənd iyi gəlir. Gerçəkdən elə idi. Adı da “Əkinçi”dir. Həsən bəy qəzetə başqa ad qoymaq istəyib. Bir variant “Təfsirçi”dir. Deyiblər, yox, adı ilə statusu düz gəlmir. “Əkinçi” olar. Amma əsasən, əkin-biçindən yazacaqsınız. Bir qədər də xırda-xuruş siyasi xəbərlər yazarsınız. O bunu elədi.
Axundov olmasaydı, Həsən bəy XIX əsrdə ən böyük adamımız olardı
Bəli, Həsən bəy böyük vətənpərvər adam idi, ilk mətbu orqanımızı öz sərvəti hesabına yaratdı. Bu işə həyatını qoydu. Erməni mürəttib vardı, o qəzeti yığa bilmirdi, özü yığırdı. Üstü-başı batırdı. Mən “Odlar Yurdu” qəzetini çıxaranda metal linotip avadanlığına hökmən paltarım dəyirdi. Yoldaşım deyirdi, sən traktorçusan, nəsən? Orda nə işlə məşğulsan? Deyirdim, mən mexanizatoram, təkcə traktor deyil, hər şey bura daxildir. Əyilirdin, bir sətri çıxarasan. Məsələn, “Azərbaycan” sözünü “Azırbaycan” yazıbsan, məcbur qalıb onu bütünlüklə çıxarırdın, təzəsini yerinə salırdın. Təzədən bərkidirdin, onun surətini çıxarırdın. Bunlar texniki baxımdan çox ağır idi. Həsən bəy böyük, çox böyük bir adamdır. XIX əsrdə ictimai-siyasi statusuna görə bizim bu cür adamımız yoxdur. Axundov filosof olmasaydı və komediyalar yazmasaydı, Qafqaz canişinliyində işləməsəydi Həsən bəy həmin əsrdəki ən böyük adamımız olardı.
“Əkinçi”dən əvvəlkilərə qəzet demək mümkün deyil
– Ramiz müəllim, “Əkinçi”dən əvvəl də bəzi nəşrlər mövcud olub. Onlara qəzet demək mümkün deyil?
– Düzdür, əslində “Əkinçi”dən əvvəl Azərbaycan dilində “Tiflisskiy listok” kimi səhifələr olub. Amma onları qəzet adlandırmaq mümkün deyil. Ona qalsa, I Pyotr Xəzər ekspedisiyası zamanı indiki Azərbaycan ərazisinə gələndə (1722-1724-cü illər) tatar dilində yerli əhaliyə intibahnamələr paylanılıb. Yəni, biz gəlmişik, qorxmayın, heç kimin sərvətinə əl vurulmayacaq. Bu, doğrudan doğruya mətbuatın rüşeymidir. Mətbuat “təb” sözündəndir. Yəni, təb olunmuş, basılmış. O intibahnamələr həqiqətən də təb olunub, yəni mətbəədə basılıb. Biz onları saymırıq, qəzeti sayırıq. Bu baxımdan “Əkinçi” qəzetinin bizim üçün böyük əhəmiyyəti var. “Əkinçi” ilk qəzetimiz olmaqla həqiqətən də qaranquşdur.
– “Əkinçi” qəzetinin mövcudluğu sonrakı mətbuat orqanlarının yaranmasına necə təsir göstərib?
– “Əkinçi”nin Azərbaycana başlıca faydalarından biri də elə bu olub. Belə ki, ondan sonra digər qəzetlər çapa başlayıb. “Ziya” (sonralar “Ziyayi Qafqaziyyə”), “Kaspi”, “Kəşkül” qəzeti və jurnalı, ötən əsrin əvvəllərində isə “Həyat”, “İrşad” kimi nəşrlər milli mətbuatımızın inkişafında çox böyük rol oynayıb. Yəni, “Əkinçi”dən sonra bir media bumu yaşaynır. Təxminən 20-30 qəzet çap olunur. O dövrdə ən məşhur qəzet “Şərqi-Rus”dur. “Şərqi-Rus” da nə deməkdir? Yəni, “Vostoçnaya Rossiya”, Rusiyanın şərqi. Sonra Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalını çıxarmağa başlayır. Artıq jurnalların nəşrinə başlanılır. Onunla eyni ildə nəşrə başlayan “Dəbistan” jurnalı, daha sonra – 1919-cu ildə nəşr olunan “Övraqi-nəfisə” məcmuəsi var. Beləliklə, Azərbaycanın hər evinə olmasa da, hər kəndinə, hər məntəqəsinə gerçəkdən mətbuat çatır.
AXC dövrü təqvimləri başdan-ayağa salnamədir
– Cümhuriyyət dövrü mətbuatında əsas tendensiya nədən ibarət idi?
– Cümhuriyyət dövründə mətbuat gerçəkdən xalqa xidmət edib. Həmin dövrdə əsas qəzet Üzeyir bəyin redaktoru olduğu, Azərbaycan və rus dillərində çap olunan “Azərbaycan” qəzeti idi. Bu, dövlətin ruporudur. “Azərbaycan” qəzeti “dövlət nə istəyir” sualına cavabı çatdırmalı, ikincisi isə ümummilli qəzet olmalı idi. Milli hökumətin ömrü və vəsaiti bölgə qəzetləri nəşr etməyə yetmir. Qalsaydı, onu da edəcəkdi.
Cümhuriyyətin ən müsbət addımlarından biri də ildə bir dəfə Azərbaycan Xalq Cümhiriyyətinin təqvimini buraxması idi. O təqvim çox gözəl, böyük bir jurnaldır. İçində cümhuriyyətə aid hər şey var. O dövrün bütün statistikaları, əhalisi, ərazisi, torpaqlar, işləyən-işləməyən əhali, şəhərlilərin, kəndlilərin sayı, sənaye, kənd təsərrüfatına dair hər şey qeyd olunub. Bir də o dövrdə vəzifə sahibi olan insanlarla bağlı məlumat əksini tapıb. Kim hansı postda təmsil olunur-filan. Rusca çap olunan bu təqvimlər başdan-ayağa bir salnamədir.
Sözsüz ki, müstəqillik dövrü qısa olduğu üçün mətbuatımız böyük inkişafa nail ola bilmədi. Dövlət Teleqraf Agentliyi açıldı, səfarətlərini qurub çatdıra bilmədi. Xarici siyasətini oturda bilmədi. Çünki yazığın gözü Denikinə, Kolçaka, Yudeniçə (ağ generallar-S.Həmid), Qızıl Orduya baxır. Hansı gələcək, hansı tutacaq, hansı vuracaq. Çar ordusunun zabiti, Rusiyada Vətəndaş müharibəsinin iştirakçısı olan Biçeraxov burdan keçir. Yeri gəlmişkən, onu da deyim ki, Lazar Biçeraxov Lənkəran tərəfdən Dağıstana tərəf gedəndə biz onun silahlarını almışıq. Onun getdiyi qatarın qarşısını kəsiblər. Pulemyot və tüfənglər vaqonlara tuşlanır. Vaqonun içi dolu rus əsgərləridir. Atışma başlasa, hamısı öldürüləcək. Onlar saxlanma səbəsini soruşanda, cavab belə olur: “Silahları verin, buraxaq”. Nəticədə o, silahları verməyə məcbur olur.
O qəzetə el arasında “maldarlıq qəzeti” deyirdilər
– Sovet dövrü mətbuatı barədə də danışmağınızı istərdik…
– Sovet hökuməti artıq hər rayonda qəzet açırdı. Çünki ona ideoloji rupor lazım idi. Sovet hökumətinin rayondan nə istədiyini rayon qəzeti çatdırmalı idi və çatdırırdı. Məsələn, bizim rayonda – Amasiyada “Kolxozçu tribunası” adlı qəzet 1932-ci ildə açılıb. Nə üçünsə ona “maldarlıq qəzeti” deyirdilər. Təsəvvür edin, Ermənistanda Azərbaycan dilində qəzet açmışdısa, bunu Azərbaycanın hər yerində də edirdi. Yeri gəlmişkən, atam, əmim o qəzetdə redaktor işləyiblər.
Bununla belə, deməliyəm ki, o dövrdə mətbuat çox hörmətli idi. Mərkəzi Komitə qərar vermişdi ki, mətbuatın yazdığı yazılara dərhal reaksiya verilməlidir. Rayon Partiya Komitəsi həmin məsələyə büroda baxıb müzakirə etməldir. Bəzən haqsız yazılar da olurdu. Yenə də raykom məcbur qalıb qəzetdə gedən yazını müzakirəyə çıxarırdı. Qəzetdə tənqid olunan kolxoz sədrini çağırıb gözünü çıxarırdı. Müzakirədən sonra redaksiyaya məktub yollayırdı ki, məsələ raykom bürosunda müzkirə olundu, faktlar doğru çıxdı. Filan-filan sahələrdə olan çatışmazlıqların aradan qaldırılması üçün qərarlar qəbul edildi. Bununla belə böyük siyasi xarakterli məsələlər rayon qəzetində öz əksini tapa bilməzdi. Əsasən təsərrüfat, yol, məişət xarakterli çatışmazlıqlar qəzetlərdə öz əksini tapırdı. Daha “iş yoxdur, millət işsizdir”, “mütəxəssis gəlib, ixtisası üzrə iş vermirlər, haqsızlıq var” yaza bilməzdi. Azərbaycan KP MK hansısa katibi bir rayonda işdən çıxarmaq istəyirdisə, həmin yazını həmin rayonda olan xüsusi müxbir yazmırdı. Hökmən redaktorun müavini, yaxud şöbə müdiri rayona gedirdi. Həmin yazı onun imzası ilə yazılırdı. Çünki xüsusi müxbir rayonda yaşayır, ona qarşı təxribat olar-filan. Xüsusi müxbirləri qoruyurdular. Belə hallarda əsasən, redaksiyadan rayona gedirdilər. O da yalnız Mərkəzi Komitə “göz edəndə” olurdu.
Moskvada dedilər ki, Azərbaycanda qəzeti yandırıblar
– Həmin dövrdə mətbuatla bilavasitə bağlı olan maraqlı bir hadisəni danışa bilərsinizmi?
– Məsələn, Göyçayda rayon qəzetinin bir nömrəsini yandırmışdılar. Qəzet kiminsə əleyhinə yazı dərc etmişdi. Qəzet çapdan çıxıb, göstəriş veriblər ki, bütün nömrələri yığışdırıb yandırın. Mən həmin vaxt 1975-78-ci illərdə Moskvada oxuyurdum. Dedilər ki, Azərbaycanda qeyri-adi hadisə baş verib. Tiraj yandırılıb, Mərkəzi Komitə işə qarışıb, səsi Moskvayadək gedib çıxıb. Buna qətiyyən yol vermək olmaz, bu, təndiqi boğmaqdır-filan. Yuxarıda danışırdılar ki, tənqidi boğmaq olmaz. Amma sən burdan yazırdın ki, “mənim haqqımı yeyirlər”, bənd olmurdular. Təbii ki, o nömrəni yenidən çap etmişdilər. Amma tiraj yandırılmışdı. Tiraj da 30 kiloqram həcmində olan tirajdı, yandırılıb yandırılıb da, böyük bir iş olmayıb.
– Bəs, mərkəzdə çap olunan qəzetlər – “Kommunist”, “Pravda”, “İzvestiya” üçün xarakterik xüsusiyyətlər nə idi?
– Atam, əmim mətbuatda çalışdıqları üçün bunu yaxşı bilirəm. Məsələn, onlar “Sovet Ermənistanı” və “Sovetekan Hayastan” qəzetlərinin baş məqaləsini oxuyurdular. Görək, nədən yazırlar. Mərkəzi Komitənin diqqət mərkəzində hansı kampaniyadı, hansı məsələdi, indiki dillə desək, gündəm nədir. Ona uyğun rayon qəzetində baş məqalə yazırdılar.
Bizim “Kommunist” qəzeti də həmişə “Pravda”ya və ”İzvestiya”ya baxırdı. Bir də Mərkəzi Komitə, burda birinci və ikinci katiblər vardı. Birinci katib Heydər Əliyev idi. İkinci katib sözün əsl mənasında canişin idi. İndi onun qismətindəndir ki, gəlib Heydər Əliyev kimi bir adamla işləyirdi. Əl-qol aça bilmirdi. Amma onun öz şpionajı, öz dairəsi, ona yaxın katiblər vardı. Ona kimsə nəsə pıçıldayır, nəyə müdaxilə edə bilirsə, onu edir. Moskvaya deyir ki, filan şeyi düz etmirlər, məsələn, filakəsi incidirlər, o çox yaxşı kommunistdir-filan. Belə şeylər var idi. Ancaq bunlar sıravı xalqın anlaya biləcəyi səviyyədə deyildi. O mətbəx ayrıca idi. Mərkəzi Komitənin Təbliğat-təşviqat şöbəsi, onun mətbuat sektoru və s. vardı. Hər şey təkrar olunurdu. Həm Nazirlər Sovetində, həm də Azərbaycan KP MK-da. KP MK əslində partiya idi. Bir partiyadır, hakim də odur. Orda sağa-sola olmur. Partiyanın xətti var, sən də o xəttin içindəsən. Ya içindəsən, ya da partiyada yoxsan. Bu çox ciddi məsələ idi.
Yazıb yaxamızdan asırdıq, deyirdik, burdan oxu
– Belə bir fikir var: “Sovet dövründə mətbuatda səhv getmirdi, orfoqrafik qaydalar, ədəbi redaktə və sair məsələlər yerli-yerində olurdu, ancaq yazılarda həqiqət olmurdu…”
– Doğrudur. Orfoqrafiyası doğru idi, imlası doğru idi, inşası yalan idi. Bu yalanları da ideologiya tələb edirdi. İmlası düzdür, sətirdən sətrə düz keçər. Qəzetlərdə səhv ola bilməzdi. Bir məsələ ortaya çıxanda deyirdilər ki, orfoqrafiya lüğəti düz olar, ya qəzet? Deyirdilər ki, qəzet. Biri o birinə mübahisə edəndə deyirdi ki, bu söz elə yazılmır, mən sənə qəzet gətirib göstərərəm. Sözü, cümləsi, mübtədası, xəbəri, hamısı yerbəyer, ədəbi dildə olduğu kimi standart.
Mən radioda işləmişəm. Biz kəndlərə gedirdik. Kolxozçunun səsini yazmaq lazım idi. Kolxozçu da ədəbi dilə keçdi, danışa bilmir. Deyirsən ki, filankəs kişi, nə var-nə yox? Bu il təsərrüfatda nə var? Deməliydi ki, təsərrüfatımız hər il olduğu kimi bu il də də böyük nailiyyətlər qazanmışdır və s. Deyə bilmirdi bunu. Biz bunu böyük hərflərlə vərəqə yazıb yaxamızdan asırdıq, deyirdik, ə, burdan oxu. Oxudurduq. Hətta, kolxozçunun müsahibəsi də ədəbi dildə olurdu.
Artıq qəzetlərə verməyə ad da qalmayıb
– Gələk bu günümüzə. Müasir dövrdə mətbuatımızın durumunu necə qiymətləndirirsiniz?
– Hazırda mətbuat böyük bir sənaye halını alıb. Media sənayesi formalaşıb. Rəsmi məlumata əsasən, hazırda 5 minə yaxın mətbuat orqanının qeydiyyata alındığını bilirik. Amma faktiki olaraq 110-130 civarında qəzet-jurnal çap olunur. Bəziləri qeydiyyat nömrəsini itirməmək, təzədən qeydiyyatdan keçməmək üçün ayda bir, üç ayda bir dəfə nəşr edilirlər. Hətta, o qədər media orqanı var ki, ad tapa bilmirlər. Eyni sözlərə müxtəlif sifətlər tapıb yeni adla qəzet açırlar. Artıq söz də qalmayıb (gülür).
O oçerkdən sonra “perestroyka” başladı
– Siz özünüz də bir vaxtlar “Odlar Yurdu” adlı qəzet çap etdirmisiniz…
– “Odlar Yurdu” 1984-91-ci illərdə latın, kiril və ərəb əlifbalarıyla çıxan qəzetidir. Xarici Ölkələrdəki Həmvətənlərlə Dostluq, Mədəni Əlaqə Cəmiyyətinin (“Vətən” Cəmiyyəti) orqanı idi. Vaxt var idi ki, “Odlar Yurdu” qəzeti 248 min tirajla çıxırdı. Bir nüsxə də “vozvrat” olmurdu. Xalq gözünə təpirdi. Niyə? Çünki aktual şeylərdən yazırdıq. Demokratik cümhuriyyət, milli-azadlıq, gerb, bayraq, himn, o dövrün görkəmli adamları və başqa məsələlər barədə yazıları millət su kimi içirdi. Həmin illərdə milli şüurun oyanmasında və formalaşmasında heç bir qəzetin “Odlar Yurdu” qədər rolu yoxdur.
“Odlar Yurdu”nu təkbaşıma buraxmışam. Bəzən 6-7 imza ilə yazılar verirdim. “Odlar Yurdu” AXC-nin parlamentinin bütün üzvləri haqqında oçerklər dərc edirdi. Mən 1988-ci ilin sentyabrın 20-də 3-cü səhifəni bütünlüklə Məmməd Əmin Rəsulzadəyə dair oçerk verim. Bununla da Azərbaycan mətbuatında “perestroyka” başladı. Halbuki, 1991-c ildə “Ədəbiyyat” qəzeti Hacı Zeynalabdin Tağıyev haqqında yazdığı müsbət yazının sonuna sığorta abzası da yazmışdı: “Hacı, əlbəttə təbiət etibarilə istismarçı idi, Azərbaycan xalqının qanını sorurdu…” Ancaq mən Rəsulzadə haqqında yazını heç bir belə qeyd olmadan verdim. “Vətən” Cəmiyyətinin içində poçt var. Bu poçt təxminən 5 min nüsxə qəzeti xaricə göndərirdi. Rəsulzadə ilə bağlı yazını görüb dedilər ki, bu nədir yazmısız, qəzet xaricə getməyəcək. Dedik ki, bunu həmvətənlərimizi “perestroyka”ya inandırmaq üçün yazmışıq. Xeyli çək-çevirdən sonra qəzeti buraxdılar.
Hərəkatın ilk illərində “Odlar Yurdu”nun, “Aydnlıq”ın, “Azadlıq”ın, “Fəryad”ın, “Yeni Fikir”in əhəmiyyəti var idi. Onlar yeni fikir, yeni ideya deyirdilər. Qalan heç bir qəzetin ictimai mənası yox idi, yalnız siyasi mənaları var idi. Kolxozdan, pambıqdan yazırdılar. Yazmasaydılar, nə olacaqdı? O xəbərləri televiziya, radio verirdi…