15 Yanvar 2019 14:54
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərişıq ASC-nin Nərimanov rayonu üzrə Enerji Təchizatı və Satışı İdarəsinin və elektrik şəbəkəsinin rəhbərinin vəzifəsindən kənarlaşdırılmasının “Kral” şadlıq sarayının elektrik enerjisi təchizatının dayandırılması ilə əlaqəsi yoxdur. Həmin rəhbər şəxslər işlərində qeydə alınan nöqsanlara görə bir ay bundan əvvəl vəzifələrindən uzaqlaşdırılıblar.

Bu sözləri Axar.az-a Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Nərimanov rayonunda yerləşən “Kral” şadlıq evinə verilən elektik enerjisinin kəsilməsinin ardınca sözügedən rayonda iki rəhbər şəxsin vəzifədən azad edilməsi ilə danışarkən deyib.

T.Mustafayev bildirib ki, hazırda sözügedən rayonda yoxlamalar gedir. Vəzifəli şəxslər də yoxlamalar əsasında qeydə alınan nöqsanlara görə işdən çıxarılıblar.

T.Mustafayev həmçinin bildirib ki, “Kral” şadlıq evinə verilən elektrik enerjisinin kəsilməsi ilə bağlı məlumatı saytlara o verməyib:

“Bu məlumat Azərişıq ASC tərəfindən yayılıb. Sadəcə saytlar mənim adımdan məlumat kimi veriblər. Dediyim kimi, hazırda sözügedən rayonda yoxlamalar gedir. Nərimanov rayonu ərazisində yerləşən “Kral” şadlıq evində “Elektrik Enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçiriblər. İndi şadlıq evinin elektrik enerjisinin olub-olmaması ilə bağlı bir söz deyə bilmərəm. Bizim qurum bu gün yaydığı məlumatda bildirib ki, onların işığı kəsilib. Əgər onlar deyirsə bizim işığımız kəsilməyib, mən bununla bağlı bir söz deyə bilmərəm”.

Qeyd edək ki, “Azərişıq” “Kral” şadlıq evində yoxlama keçirdiyini, şadlıq evini qidalandıran 6 kV-luq kabel xətti binanın zirzəmisinə daxil olandan sonra xüsusi quraşdırılmış sxem vasitəsilə sayğacdan kənar 3 ədəd 160 kVa gücündə transformator qoşularaq elektrik enerjisinin talan edildiyini açıqlayıb. Bildirilib ki, “Kral” şadlıq evinin elektrik enerjisi təchizatı tam dayandırılıb.

“Kral” şadlıq evinin administratoru isə Axar.az-a açıqlamasında şadlıq evinin elektrik enerjisi ilə təchizatının dayandırılmadığını açıqlayıb.

O, şadlıq evinin elektrik enerjisini talan etməsi ilə bağlı məlumatı da təkzib edib.


Müəllif: Teleqraf.com