22 Yanvar 2019 16:19
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısını almaq üçün gücləndirilmiş nəzarət tədbirlərini davam etdirir.

Agentlikdən Teleqraf.com-a verilən məlumata görə, bununla bağlı olaraq yanvarın 22-də AQTA paytaxtın Binəqədi rayonunda qeyri-qanuni heyvan kəsimi məntəqələrində reydlər keçirib. Reydlərdə Binəqədi Rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin struktur bölmələrinin əməkdaşları iştirak edib.

Reyd zamanı 20-yə yaxın qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib və qanunvericilikdə nəzərdə tutulmuş inzibati tədbirlər görülüb. Eyni zamanda, yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

AQTA bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır. Əgər sahibkarlar standartlara uyğun, müasir heyvan kəsimi və ət satışı məntəqələri yaratmaq istəyirlərsə Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər. Eyni zamanda, qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etmək tövsiyə olunur.


Müəllif: Aytən