Həbsxana sözü nə qədər vahiməli səslənsə də, dəmir barmaqlıqlar arxasında belə incəsənəti yaşatmaq, onunla məşğul olmaq mümkündür.
Elə Azərbaycanda Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən "Həbsxana incəsənəti" üçün hazırlanmış onlarla məhsul kimi. Söhbət onlayn mağazadan gedir.
Saytda müxtəlif cəzaçəkmə müəssislərində məhbusların hazırladıqları əl işləri satışa qoyulub.
Bununla bağlı qonşu ölkə Türkiyədə, eləcə də dünya ölkələrində maraqlı layihələr həyata keçirilir. Məhbusların əl işləri müxtəlif mağazalarda satışa çıxarılır və bu, müştərilərin kifayət qədər diqqətini çəkir.
Elə bu məqamdan yola çıxaraq ölkədə məhbusların məşğulluğunun hansı şəkildə təmin edilməsi ilə maraqlandıq.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Məhkum Əməyinin təşkili şöbəsinin rəis müavini Azər Süleymanov bildirib ki, məhkumların məşğulluq sahəsinə dövlət tərəfindən diqqət ayrılır:
"Məhbusların əməyinin təşkil edilməsi məqsədilə cəzaçəkmə müəssisələrində xüsusi sexlər fəaliyyət göstərir.
Ədliyyə Nazirliyinin nəzdində olan "Həbsxana incəsənəti" saytında olan məhsullar məhbuslar tərəfindən hazırlanıb. Məhbuslar Əmək Qanunvericiliyinin tələblərinə uyğun olaraq 8 saatlıq iş qrafiki ilə işləyirlər.
Bunun qarşılığında da onlara ölkə üzrə minimum əmək haqqı (180 AZN) təqdim edilir. Pul onlara nəğd şəkildə verilmir, şəxsi hesablarına köçürülür. Onların şəxsi istəkləri əsasında bu pullar onların yaxınlarına verilir.
Online mağaza vasitəsilə sifarişlər qəbul edilir və sifariş verən şəxslər zəruri ləvazimatları müvafiq şöbələrə təslim edirlər.
Şöbə əməkdaşları həmin ləvazimatları aidiyyəti üzrə məhbuslara təqdim edir. Sifarişdən asılı olaraq məhsul müəyyən müddət ərzində hazırlanır.
Hazırlanan məhsula həm əmək haqqı, həm də cəzaçəkmə müəssisəsində işlərin görülməsinə sərf edilən digər xərclər hesablanaraq ortaq məbləğ çıxarılır"./Milli.Az/