1 Sentyabr 2014 21:50
1 233
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının Məclis üzvü Alya Yaqublunun başqanlığa namizədlərlə bağlı fikirləri partiya gəncləri tərəfindən narazılıqla qarşılanıb.

Teleqraf.com-un məlumatına görə, A.Yaqublu Müsavat başqanlığına iddiaçıların şanslarını dəyərləndirib. O, Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılını dəstəklədiyini, Məclis üzvü Qubad İbadoğlunun başqanlığa layiq olmadığını bildirib: “Qubad bəy hörmətli namizəddir. QHT sektorunun sanballı nümayəndələrindən biridir, gözəl alimdir, təmkinli və son dərəcə də mədəni insandır. Bu illər ərzində Müsavat üçün sanballı iqtisadi layihələr hazırlayıb. Amma mən onun öz imkanlarından kifayət qədər yararlanmadığını düşünürəm. O, bir iqtisadçı olaraq bizdən qat-qat çox və detallı bildiyi məsələlərin dərin təhlilini aparıb ictimaiyyəti məlumatlandıra bilərdi. O zaman nə il boyu ölkə xaricindəki müxtəlif tədbirlərdə iştirak üçün xərclədiyi zamanı, nə də hakimiyyətlə qarşıdurmanın kritik anlarında öndə durmadığını ona irad tutmaq olardı. Bu sadaladıqlarımdan dolayı mən Qubad bəyi başqanlığı haqq edən ən layiqli namizəd olaraq görmürəm”.

A.Yaqublunun Məclis üzvü Tural Abbaslı barədə səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. Onun fikrincə, T.Abbaslı çox mübariz və fədakar insandır, həmişə ön sıralardadır, demokratiya savaşında böyük əziyyətlərə qatlanıb: “Amma nə yazıq ki, “20 ilin müxalifəti” haqqında yanlış dəyərləndirmələr yapır, bu illər ərzində görülən işlərin hamısını heçə sayıb minlərlə insanın zəhmətini yerə vurur”.

Arif Hacılının namizədliyinə münasibət bildirən A.Yaqublu fədakarlıq, mübarizlik, zəhmətkeşlik, ən kritik situasiyalarda öndə olmaq baxımından onu başqanlığı daha çox haqq etdiyini düşünür: “Bütün bu illər ərzində onun həm azadlıq və demokratiya uğrunda verdiyi mücadiləni, həm də Müsavat üçün verdiyi əməyi göz önünə gətirib düşünürəm ki, başqanlığa namizəd olaraq ona yox, başqasına üstünlük vermək Arif bəyin haqqını yemək deməkdi. Bundan başqa, dəyərlərə münasibətdə mən onun prinsipial və kompromissiz adam olduğuna inanıram. Hesab edirəm ki, bu məsələ diqqət yetirilməsi vacib olan ən mühüm amillərdən biridir”, - deyə qeyd edib.
O, Müsavatda hər hansı posta iddiası olmadığını və İsa bəydən sonra partiya ilə əlaqəsinin indikindən də az olacağını deyib.

Müsavatçı gənc Cavid Hacıbəyli A.Yaqublunun fikirlərinə etiraz edərək söyləyib ki, T.Abbaslının ətrafında olan gənclər heç vaxt 20 il mübarizə aparanları aşağılamayıb: “Bu 20 ilin 14 ilini özümüz mübarizədə olmuşuq. Bizim valideyinlərimiz də 20 ildir mübarizədədir. Tural Abbaslı həbsdə ən çox olan müsavatçılardandır. Həbsdə olmayan şəxslərin, ümumiyyətlə bu haqda danışmağa mənəvi haqları yoxdur”.

Azər Telmanoğlu adlı gənc də A.Yaqublunun T.Abbaslı ilə bağlı fikirləri ilə razı olmadığını söyləyib: “Uzun sözün qısası deyin ki, Arif Hacılını dəstəkləyirəm, daha əziyyət çəkib bu boyda yazını niyə yazırdınız? Bütün dünyada Tural bəy yaşda olanlar dövlət idarə edirlər. Gənc insan yeni ideya fikirləşir və 20 il əvvəlin taktikasın qəbul edə bilməz. Qubad bəy və yaxud Tural bəy yenilik gətirə bilər”.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər