Bu ilin 26-28 avqust tarixlərində İran İslam Respublikasının Kərəc şəhərində dünya şöhrətli alim, Nobel Mükafatı Laureatı Norman Borlauqun 100 illik yubileyinə həsr olunmuş “Tarla bitkiləri üzrə 1-ci beynəlxalq və 13-cü İran milli elmi konfrans”ı keçirilib.
AMEA Genetik Ehtiyatlar İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a daxil olan xəbərə görə, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun direktoru, Zeynal Əkpərov və institutun elmi işlər üzrə direktor müavini, Mehrac Abbasov iştirak etmişlər. Konfransa, həmçinin ABŞ, Avstraliya, Fransa, Cənubi Afrika, Pakistan, Hindistan və digər ölkələrdən bir çox alim və mütəxəssis qatılıb.
Tədbirdə Z.Əkpərov “Azərbaycanda bitki genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi” mövzusunda məruzə ilə çıxış edib. Təqdimatda qoyulan məsələlərlə konfrans iştirakçıları ilə fikir mübadiləsi aparılıb.
Konfransdan sonra İran Elmi Tədqiqat Aqrar Biotexnologiya İnstitutu (ETABİ) və İran Milli Genbankında yerli alim və rəhbər heyətlə müzakirələr davam etdirilmiş və birgə tədqiqatların aparılması üçün prioritetlər müəyyən edilmişdir. Azərbaycanda aqrar biotexnologiya, molekulyar genetika, genomika və molekulyar fiziologiya sahələrinin inkişaf etdirilməsi, o cümlədən, aqrar sahədə gen mühəndisliyinin nailiyyətlərindən istifadə və genetik modifikasiya olunmuş bitkilər üzrə biotəhlükəsizlik sisteminin yaradılması üçün İran, Yaponiya və s. ölkələrin alimləri ilə tədqiqatların aparılması, öyrədici seminarların təşkil olunması, kadr hazırlığı və beynəlxalq layihələrdə birgə iştirakın təmin olunması da geniş müzakirə olunub. Görüşlər zamanı İran ABETİ ilə AMEA Genetik Ehtiyatlar İnstitutu arasında əməkdaşlıq müqaviləsinin imzalanması razılaşdırılıb.
SEVİL