11 May 2019 09:18
40 715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Həyatdan suallar” rubrikasının növbəti qonağı yazıçı Zahid Sarıtorpaqdır.

Onunla müsahibəni təqdim edirik:

– Sizcə, insanların yaradılması bir zərurət idimi, ya bu, təsadüfən oldu? Ümumən həyat haqda fikriniz nədir, yəni, niyə yarandıq, yaxud yaradıldıq?

– Siz bu sualın dəqiq bir cavabı olduğuna inanırsınız? Mən şəxsən inanmıram. Haçansa yazmışdım, insan ömrü o qədər sürətlidir ki, biz dünyaya çırpılıb əks-səda kimi Yaradanın özünə qayıdırıq və o, bundan zövq alır. Ancaq bu fikrin heç bir əsası yoxdur. Bu bir qələm adamının təxəyyülündən başqa bir şey deyil. Hələ yeddi əsr qabaq Qazi Bürhanəddin yazırdı:

Gedən birdi, gələn birdi, qalan bir,

Gedən gəlməz, gələn qalmaz, – əcəb sirr.

Bir əvvəl var, bir axir var deyirlər,

Yalan sözdür – nə əvvəl var, nə axir...

Üstündən iki yüz il sonra Şah İsmayıl həmin tuyuğa bir beytlə belə münasibət bildirmişdi:

Gələn birdi, gedən birdi, qalan bir,

Haman birdi, haman birdi, haman bir...

Üstündən əsrlərlə vaxt keçsə də, eyni çaşqınlıqdır, deyilmi? Səmavi kitablarda deyilənlərə minlərlə şərh yazılıb. Həqiqət zaman-zaman daranıb və hörük kimi hörülüb. İnsan yaranışın yalnız estetik tərəfini görür və məğzinə vara bilmir. Bəlkə də hər şey insanın dolaşdırdıqlarından qat-qat sadə və adidir. Bəlkə də yaranışın məğzi-mənası adi bir şeh damlasında gizlənib...

Çoxdan yazdığım şeirlərimdən biri belə bitir:

Həyat o qədər adiləşib ki,

ölüb gedənlər elə bil dünyadan deyil,

başmaq seyrindən qayıdırlar qeybə...

– Dünyamız üçün həyəcanlanmağa əsas varmı? İndi hər şeyin pisə doğru dəyişdiyini deyənlərin sayı çoxdur.

– Məncə, heç bir əsas yoxdur. Dünyanı insan yaratmış olsaydı, siz deyən idi. Onu yaradan yəqin, keşiyini də çəkir.

– Sizcə, ölüm sondur? Yəni, biz vəd olunan cənnət və cəhənnəmi hərfi mənada başa düşməliyik, ya necə?

– Kim nə deyirsə desin, insanda ölüm instinkti yoxdur. Gözümüz görüb, ağlımız kəssə də, ruhən buna inana bilmirik. Bu mənada “dünyasını dəyişmək” ifadəsi düzgündür, məncə. Ölməyin deyil, bir məqamdan başqa bir məqama keçməyin fərqinə varmaq həm də müəmma dolu bu məsələdə insana bir təsəlli deməkdir.

– Əsas hədəfiniz nədir?

– İnsan kimi yaşamaq. Nazim Hikmət demişkən, hürr şəkildə.

– Bəs insanlar yaşayarkən, ən çox nəyi gözdən qaçırırlar?

– Özlərini.

– İnsan niyə bacarmadığı işə daha çox meyl edir?

– Çünki bacardığı işin fərqinə varmır.

– Sizi çox vaxt keçmişə çağıran qorxunuz nədir?

- Qorxum yoxdur. Çünki öz dövrünün övladı olmadan, başqa zamanın atası, babası olmaq iddiam olmayıb.

– Yaradan güc sonda öz yaratdıqlarını məhv edəcəkmi? Bu haqda nə düşünürsünüz?

– Bu sualda yəqin Qiyamət nəzərdə tutulur. Qiyamət hər an baş verir. Onu gözləməyə hacət yoxdur. İnsanların, bitkilərin, digər canlıların hüceyrələri hər an o qədər sürətlə ölüb-dirilir ki, nəyin nə vaxt sona yetəcəyi bilinmir. Məncə, hərənin öz missiyası var. Məsələn, bəlkə də mən günlərin bir günü, küçədə yalqızca ağlayan yad bir körpənin göz yaşını silib, üzündən öpmək, cəmi bircə dəfə ona nəvaziş göstərib könlünü almaq üçün doğulmuşam, nə bilim? Bəlkə də kiminsə aynasına dura-tuta bir daş çırpıb sındırmaq üçün yaradılmışam və bunu nə vaxtsa, mütləq edəcəyəm. Missiyamızın nə olduğunu bilə bilərikmi, sizcə? Heç vaxt…

– Niyə insanın ciddi-cəhdlə can atdığı sevgi onu bədbəxt edir?

- Sevginin sonda insanı mütləq bədbəxt etdiyini deyə bilmərəm. Öz dövründə bu suala Fizuli çoxqatlı bir cavab verib və bir növ məzələnib:

“Məhəbbət bir bəladır kim, giriftar olmayan bilməz…”

Sevginin şami-qəriban gecəsi kimi bəlalar içində səhəri açıla da bilər, ulduzu doğa da bilər və ya ələmləri tükənməyə də bilər. Bütün xoşbəxtliklər an məsələsidir. Ancaq baxır, kimi harda, nə və necə yaxalayır, sonraya hansı izləri qoyub gedir…

– Həyat ciddiyə alınacaq bir mövzudurmu?

- Bu suala yaz-pozu adamı kimi bir-iki cümləylə cavab versən, dediklərimin bir qanadı göydə qalacaq ki, bu da ciddiyə alınmaz. Ona yazdığım romanlarda daha çox cavab tapmaq olar. Hərçənd heç nəyi düşünülmüş şəkildə oxucuya sırımaq şakərim yoxdur.

- Niyə az olan şey həmişə dəyərli olur?

– Çünki az olur, ona görə…


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər