11 sentyabr 2014-cü il tarixində ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Ağstafa şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasında Ağstafa, Qazax və Tovuz rayonlarında yaşayan vətəndaşlarla görüşüb.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, görüşdə ekologiya və təbii sərvətlər naziri H.Bağırovla birlikdə Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri iştirak edib və bölgə rayonlarından olan 50-yə yaxın vətəndaşın müraciətinə baxılıb. Müraciətlər əsasən ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.
Qəbul zamanı nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün Nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Bölgə vətəndaşlarını narahat edən məsələlərin bir qismi elə yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə operativ şəkildə araşdırılması üçün nəzarətə götürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.