10 Sentyabr 2019 18:04
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanda Aşura mərasimləri keçirildi. Aşura hicri-qəməri təqvimin ilk ayı olan Məhərrəm ayının 10-na təsadüf edir. Sözün ərəb dilindən tərcüməsi “onuncu gün” deməkdir.

Hicri-qəməri təqvimlə 61-ci ilin həmin günündə (miladi 680-ci ilin oktyabrı) Həzrət Məhəmməd Peyğəmbərin əziz nəvəsi İmam Hüseyn öz yaxın qohumları və silahdaşları ilə Kərbəla səhrasında Əməvi xəlifəsi I Yezidin ordusu tərəfindən faciəli surətdə qətlə yetirilib.

Bu səbəbdən hər il müsəlman aləmi bu və ya digər şəkildə həmin faciəni anır, bir sıra ölkələrdə əzadarlıq mərasimləri keçirilir.

Azərbaycanda da qədim zamanlardan Aşura mərasimləri ənənə halını alıb. Ölkədə fəaliyyət göstərən məscidlərdə bu il də Aşura günü ilə bağlı təziyə tədbirləri keçirildi.

Xatırladaq ki, Azərbaycanda son illər Aşura günü geniş qanvermə aksiyaları təşkil edilir. Bu isə Kərbəla faciəsinə cəmiyyət üçün humanist və mərhəməti əsas tutan yeni yön verir.

Biz Təzə Pir məscidində olarkən eyni mənzərə ilə qarşılaşdıq. Məscidin həyətində insanlar öz kədərini ifadə eləyir, əzadarlıq edirdilər. Məsciddə qan vermək istəyənlər üçün şərait yaradılmışdı. Ətrafda təcili tibbi yardım briqadaları, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da vardı.

Mərasimə gələn Aydın Məmmədov dedi ki, o, savab qazanmaq niyyəti ilə qan verir. Heç kim onu məcbur eləmir: “Mən hər il aksiyada iştirak edirəm. Bunu isə İmam Hüseyndən böyük bir savab ummaq niyyəti ilə edirəm. Əminəm ki, bununla ağamın da könlü xoş olur”.

Təzə Pir məscidindən çəkilmiş fotoları təqdim edirik.

Foto: Pərviz Həşimi və Ceyhun


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər