11 Sentyabr 17:33

Təhsil işçilərinin respublika konfransı keçirilib.

Teleqraf.com xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə "Təhsil" televiziyasının hazırladığı “2018-2019-cu tədris ili rəqəmlərdə” adlı videoçarx nümayiş olunub.

Təhsil naziri Ceyhun Bayramov iştirakçıları salamlayaraq konfransın işinə uğurlar arzulayıb.

Hesabat məruzəsi ilə çıxış edən C.Bayramov son illərdə ölkədə təhsil sahəsində müsbət dinamika müşahidə olunduğunu və bir sıra əsaslı nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb. Məktəbəqədər təhsilin əhəmiyyətindən danışan Təhsil naziri YUNİSEF və Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilən 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsinə də toxunub.

Təhsil naziri müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində görülən işlərdən də söz açıb.

C.Bayramov çıxışının sonunda yeni tədris ilinin başlaması münasibətilə təhsil işçilərini təbrik edərək uğurlar arzulayıb.

Konfransda çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini, deputat Bəxtiyar Əliyev, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil eksperti Şahlar Əsgərov, Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva konfransın əhəmiyyətinə toxunaraq uğurla həyata keçirilən təhsil siyasətindən, əldə edilən nailiyyətlərdən və yeni tədris ili üçün nəzərdə tutulan əsas prioritetlərdən danışıblar.

Daha sonra Laçın rayonu Taxtakörpü qəsəbə tam orta məktəbinin gənc müəllimi Şəbnəm Uğurlu, bu il ali təhsil müəssisələrinə qəbul zamanı yüksək balla pedaqoji ixtisası seçən tələbə Fidan Əhmədova çıxış ediblər.

Plenar iclasdan sonra konfrans öz işini panel sessiyalarla davam etdirib.

Panel sessiyalarda “Təhsilin məzmunu, milli və beynəlxalq qiymətləndirmə tədqiqatları”, “Qiymətləndirmədə buraxılış imtahanlarının yeni modeli: ilkin nəticələrin təhlili”, “Rəqəmsal sistemlər və səmərəli idarəetmə”, “İstedadlı uşaqlarla işin təşkili”, “STEAM-ın milli kurikulumun tərkib hissəsi kimi” və “Ümumi təhsil məktəblərində peşə yönümlü təmayüllərin tətbiqi” mövzuları müzakirə edilib.

Panel müzakirələr başa çatdıqdan sonra konfrans işini yekunlaşdırıb.

***

10:53

Bakıda təhsil işçilərinin respublika konfransı başlayıb.

Teleqraf.com xəbər verir ki, Bilgəh Beach oteldə keçirilən tədbirdə Təhsil naziri Ceyhun Bayramov, deputatlar, ali məktəblərin rektorları, rayon (şəhər) təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, təhsil ekspertləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak edir.

Respublika konfransının iştirakçıları tədbirdən əvvəl Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qоyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Konfransda ötən tədris ilinin yekunları müzakirə ediləcək, 2019-2020-ci dərs ilinin prioritet istiqamətləri, qarşıda duran hədəflər yerli təhsili idarəetmə orqanlarının, ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinin və təhsil ictimaiyyətinin diqqətinə çatdırılacaq.

Konfrans plenar iclas və panel sessiyalardan ibarət olacaq.

Qeyd edək ki, Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, sentyabrın 2-dən 6-dən respublikanın müxtəlif rayon və şəhərlərində təhsil işçilərinin sentyabr konfransları keçirilib. Sentyabr konfranslarında ötən tədris ilinin yekunları və yeni tədris ilinin prioritet istiqamətləri təhsil işçiləri ilə geniş müzakirə edilib, görüləcək işlərlə bağlı tövsiyə və tapşırıqlar verilib.


Müəllif: Teleqraf.com