12 Sentyabr 2019 15:34
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, sentyabrın 12-də Quba, Cəlilabad, Qəbələ, Beyləqan və Cəbrayıl rayonlarının sakinləri ilə görüşüblər.

Teleqraf,com xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən görüşlərdə sakinlərin qaldırdıqları məsələlər diqqətlə dinlənilib, bütün məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verilib. Bəzi müraciətlər yerindəcə həll edilib. Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və onların həlli istiqamətində aidiyyəti üzrə göstərişlər verilib.

Görüşlərdə qeyd olunub ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində respublikamızda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılır, yeni iş yerləri açılır. İlk növbədə, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlmiş bu tədbirlər bir daha təsdiqləyir ki, dövlətimizin başçısının həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Son vaxtlar sosial-iqtisadi sahədə aparılan əsaslı islahatlar Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlərin davamıdır.

Diqqətə çatdırılıb ki, Azərbaycanda sosial-iqtisadi sahədə inqilabi islahatlar həyata keçirilməkdədir. Bu islahatlar, ilk növbədə, əhalinin rifah halının yaxşılaşdırılmasına, vətəndaş məmnunluğuna yönəlib. Prezident İlham Əliyev hələ 2018-ci ilin sonlarında bəyan etmişdi ki, qarşıdakı dövrdə əhalinin sosial durumunun daha da yaxşılaşdırılması prioritet olacaq. Bu məqsədlə 2019-cu ilin əvvəlində dövlətimizin başçısı iki böyük sosial islahat paketini təsdiqlədi. Birinci paketdə 3 milyon vətəndaşın maaş, pensiya, sosial müavinətlərinin artırılmasına, mühüm sosial məsələlərin həllinə 1,6 milyard manat yönəldildi və icra olundu. İkinci paketin icrası ilə bağlı hazırlıq işləri də tamamlanıb və sentyabrın 1-dən minimum əməkhaqqı 250 manata çatdırılıb, əlavə olaraq 400 min nəfərin maaşı 20-50 faiz artırılıb. Oktyabrın 1-dən isə pensiyaların artımı 750 min nəfərə şamil olunacaq. Hər iki paketin ümumi məbləği cari il üçün 2,3 milyard manat, gələn il üçün isə daha 3 milyard manat təşkil edir. Bu iki sosial islahat paketi, ümumilikdə, 4,2 milyon vətəndaşı əhatə edəcək. Minimum pensiya 72 faiz artırılıb. Beləliklə, ölkəmiz minimal pensiya üzrə alıcılıq qabiliyyətinə görə MDB-də birinci olacaq. Minimum əməkhaqqının 250 manata çatdırılmasından sonra Azərbaycan bu göstərici üzrə MDB-də ikinci sırada qərarlaşıb.

Bundan başqa, müavinətlərin və təqaüdlərin artırılması 300 min əlilliyi olan şəxsi, 500 min məcburi köçkünü, 100 mindən çox tələbəni, ümumilikdə, 1,3 milyon insanı əhatə edir. Ən əsası, bu addımlar aztəminatlı təbəqəni əhatə etməklə yanaşı, həmin kateqoriyaya aid olan insanların sosial durumunu əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

Azərbaycan Prezidentinin digər təşəbbüsü sosial sığorta sahəsində inqilabi irəliləyişi təmin edib. Belə ki, 2006-2018-ci illərdə sığortaya hətta cüzi məbləğ ödəyənlərə belə 25 illik sığorta stajı hesablanıb. Bunun nəticəsində yanvarın 1-dən heç bir bürokratik əngəl olmadan 13 min nəfərə pensiya təyin olunub. İl ərzində pensiyaya çıxan vətəndaşların 80 faizi də bundan yararlana biləcək.

Keçirilən görüşlərdə həmçinin məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulmasının, insanlara layiqli xidmət göstərilməsinin, etik davranış qaydalarına əməl olunmasının vacibliyi vurğulanıb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün yaradılan rahat və əlverişli şəraitdən razılıqlarını ifadə edib, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər