19 Sentyabr 2014 12:35
1 908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Kliniki Tibbi Mərkəzdə “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Bakı Regional Mərkəzinin, FHN Dövlət Sularda Xilasetmə, FHN Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Mülki Müdafiə Qoşunlarının əməkdaşları iştirak edib, xüsusi xilasetmə alət və avadanlıqları nümayiş etdirilib.

Tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət olub.

Müxtəlif təbii və texnogen fövqəladə hallar, eləcə də həmin hallar zamanı hərəkət qaydalarına həsr olunmuş məruzələrdən ibarət olan nəzəri hissə çərçivəsində Bakı Regional Mərkəzinin əməkdaşları tərəfindən “Fövqəladə halların təsnifatı”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın zamanı nə etməli?”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?”, “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzularında çıxışlar həkim heyətinin diqqətinə çatdırılıb.

Çıxışlardan sonra FHN-nin fəaliyyət istiqamətləri və struktur qurumları, eləcə də yanğın təhlükəsizliyi barədə video-çarxlar nümayiş etdirilib.

FHN-nin qurumlarının xilasetmə texnika və avadanlıqlarının nümayiş olunduğu praktik hissə zamanı “Sprinter” (Mercedes BENZ) markalı xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, akvalanq, xilasetmə və üzmə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları, fərdi mühafizə vasitələri, xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarında istifadə olunan texnika və avadanlıqlar, xüsusi kinologiya avtomobili və onlardan istifadə qaydaları barədə ətraflı məlumat verilib.

Bundan əlavə, Kliniki Tibbi Mərkəzin həyətindəki avtomobilə qoyulması simulyasiya edilmiş partlayıcı qurğu XRXX-nin Kinoloji idarəsinin xüsusi təlim keçmiş iti tərəfindən tapılıb və pirotexnik tərəfindən zərərsizləşdirilib.

İlhamə


Müəllif: