Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda (EİF) 5-ci “Mobillik qrantı” müsabiqəsinin qalib layihə rəhbərləri ilə seminar və təqdimat xarakterli görüş keçirilib.
Elmin İnkişafı Fondunun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə qrant layihələrinin idarə olunması, layihələrin hüquqi qeydiyyatı və maliyyələşdirilməsinin həyata keçirilməsi üçün müvafiq sənədlər toplusunun hazırlanması, Elmin İnkişafı Fondu ilə layihə rəhbərləri arasında bağlanacaq müqavilənin şərtləri, maliyyə-hesabat məsələlərinin optimal həlli üzrə məsləhət və tövsiyələr verilib. EİF-in icraçı direktoru Elçin Babayev əminliklə bildirib ki, kadr hazırlığını nəzərdə tutan bu müsabiqənin qalibləri ölkəmizi xaricdə layiqincə təmsil edəcək, yeni elmi əlaqələr quracaq, təcrübə mübadiləsi aparacaq, əldə etdikləri bilik və bacarıqları uğurla elmi fəaliyyətlərində tətbiq edəcəklər.
Tədbirdə həmçinin Elmin İnkişafı Fondu tərəfindən xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı əhatə edən növbəti 6-cı “Mobillik qrantı” müsabiqəsi də elan edilib.
Bu müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin cəmi həcmi 100 000 (yüz min) manat təşkil edəcək. Müsabiqəyə 2015-ci il 12 yanvar-30 aprel tarixləri arasında xaricdə keçiriləcək beynəlxalq elmi tədbirlərdə və qısamüddətli elmi təcrübəkeçmə proqramlarında iştirak etmək istəyən şəxslər ərizələrini təqdim edə bilərlər.
EİF 6-cı “Mobillik qrantı” müsabiqəsindən etibarən müsabiqə şərtlərinə dair yeni tələblər irəli sürüb. Belə ki, müsabiqədə iştirak üçün iddiaçının çalışdığı qurumun rəhbərinin yazılı razılığı olmalıdır. Beynəlxalq elmi tədbirlərdə və qısamüddətli elmi təcrübəkeçmə proqramlarında iştirak üzrə dəvətlər birbaşa olaraq Elmin İnkişafı Fondunun adına göndərilməlidir. Bu müsabiqədən etibarən türkdilli və rusdilli ölkələr istisna edilməklə, digər ölkələrdə baş tutacaq tədbirlər üzrə ingilis dilini bilmə səviyyəsini təsdiq edən sənəd təqdim olunduqda, həmin layihəyə üstünlük veriləcək. Sənəd təqdim olunmadıqda isə, Fond şifahi müsahibə keçirə bilər.
Müsabiqədə iştirak etmək üçün ərizələr sentyabrın 22-dən oktyabrın 22-si sat 17:00-adək qəbul olunacaq. Müsabiqənin nəticələrinin noyabr ayında açıqlanması planlaşdırılır.
Müsabiqə ilə bağlı ətraflı məlumat www.sdf.gov.az linkindən əldə edilə bilər.
Ayxan