TEFİ-Sodrujestvo” IV Beynəlxalq Televiziya Festivalının rəsmi açılış mərasimi keçirilib.
APA-nın məlumatına görə, sentyabrın 24-dən 27-dək Bakıda keçiriləcək tədbirdə MDB və yaxın xaric ölkələrinin 11 aparıcı teleşirkəti iştirak edir.
Festivalın açılışında çıxış edən Azərbaycan Prezident Administrasiyası rəsmisi Ərəstun Mehdiyev bildirib ki, Bakı son illərdə nüfuzlu tədbirlər keçirilən məkana çevrilib: "Festivalın keçirilməsi Azərbaycanın mədəni həyatı üçün mühüm hadisədir. Bu festivalda iştirak etmək üçün dost ölkələrdən televiziya mütəxəssisləri, aparıcılar gəliblər. Onlar öz təcrübələrini bölüşəcək, ustad dərsləri keçəcəklər. Məhz bu cür beynəlxalq tədbirlər vasitəsi ilə əməkdaşlığın yeni perspektivləri mümkündür".
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin direktor müavini Faiq Hüsiyev qeyd edib ki, festivalın Bakıda keçirilməsi Azərbaycanın nüfuzundan və televiziya sahəsində qazandığı uğurlardan xəbər verir: "Bu tədbirin keçirilməsi haqqında təklif alanda böyük məmnuniyyətlə qəbul etdik. Festivalın Bakıda keçirilməsi sərbəst televiziya və internet yayımına yaradılan şəraitin təzahürüdür. Festivalda nüfuzlu televiziya xadimləri iştirak edirlər. Festival çərçivəsində ustad dərsləri keçiriləcək. Nüfuzlu televiziya xadimləri ilə görüşmək hər vaxt mümkün olmur, ona görə Azərbaycanın televiziya jurnalistlərinin ustad dərslərində iştirak etməsini arzu edirəm".
“Birlik ölkələri teleefirində ən yeni tarix” mövzusunda keçirilən festivalın təşkilatçıları “Rusiya Televiziya Akademiyası” və MDB ölkələri iştirakçılarının humanitar əməkdaşlığı üzrə dövlətlərarası fondları, Azərbaycan tərəfindən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-dir.
Festivalın ekspert şurasında “Rossiya” telekanalının redaktoru və aparıcısı Andrey Maksimov, OAO “TV-Tsentr” telekanalının siyasi şərhçisi Leonid Mleçin, “Adamovo Yabloko” teleşirkətinin bədii rəhbəri Kiril Nabutov, “Exo Moskvı” radiostansiyasının aparıcısı Svetlana Sorokina, teletənqidçi, “Exo Moskvı” radiostansiyasının şərhçisi və aparıcısı İrina Petrovskaya, teleaparıcı Kira Proşutinskaya, “Central Partnership” sirkətinin baş prodüseri, baş direktor müavini Timur Vaynşteyn və başqaları təmsil olunurlar.
Qeyd edək ki, açılış mərasimində millət vəkili Hadı Rəcəbli, xalq artisti Şəfiqə Məmmədova, İctimai Televiziyanın sədri Cəmil Quliyev, tanınmış kinorejissor Yuli Qusman və başqaları iştirak ediblər.