31 Mart 2020 18:46
11 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Koronavirusa yoluxan xəstələrin ağciyərləri ömürlük zədələnir. Virus keçsə də, ağciyərdəki zədələnmə bərpa olunmur. Aktiv pnevmaniya başlayan şəxslərdə ağciyərin rentgen mənzərəsində buzlu şüşə sindromu görünür".

Bunu Teleqraf.com-a açıqlamasında professor, həkim-cərrah Adil Qeybulla deyib.

O bildirib ki, koronavirusa yoluxan xəstənin ağciyəri zədələnibsə, sağaldıqdan sonra orada fibroz inkişaf edir: "Fibroz ağciyər çatışmazlığına gətirib çıxarır. Fibroz nə qədər çoxdursa, ağciyər çatışmazlığı da o qədər artır. Bəzən elə hallar olur ki, xəstəyə prosesdən sonra ağciyər köçürülməsinə ehtiyac yaranır. Ağciyər xəstələri koronavirusa yoluxmaqdan və hepoksiyadan ölürlər".

Həkim bildirib ki, sağalma prosesi xəstənin immun sistemindən asılıdır: "Aktiv immun sistemi qoşulursa, xəstəliyin inkişaf prosesi dayanır və sağalmağa doğru gedir. Bəzilərində isə heç nəyə tabe olmur, proqressivləşir və daha ağır nəticələrə səbəb olur".

Adil Qeybulla qeyd edib ki, koronavirusdan sağalan şəxslər arxayınlaşmamalıdırlar: "Koronavirusa yoluxan xəstələr yenidən bu infeksiyaya yoluxa bilərlər. Koronavirus infeksiyası hüceyrəyə daxil olduqda immun sistemi ayılmır. Qızdırma və sair əlamətlər özünü göstərməyə başladıqdan sonra immun sistemi ayılır. Koronavirus xəstələri sağaldıqda sonra onlarda qısa immunitet əmələ gəlir. Lakin superinfeksiya şansı qalır, buna görə də sağalmış şəxslər ehtiyatı əldən verməməlidir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər