3 Aprel 2020 23:44
1 426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Unudulmuş “Şərq yolu” qəzeti
1946-cı il dekabr ayının 6-da İstanbulda “Şərq yolu” adlı qəzet çap edilib.

“Tərəfsiz milliyyətçi siyasi” qəzet olduğunu qeyd edən bu mətbu orqanın ilk səhifəsində dərc olunan “Adımız və yolumuz” başlıqlı yazıda məqsəd bu şəkildə açıqlanıb: “Nəşrdə məqsədimiz Şərq ölkələrinə aid olan və bizi maraqlandıran bir çox mövzuların izah edilməsinə xidmət etməkdir... İzləyəcəyimiz yol Şərqdə doğan günəşin və Qərbdə parıldayan kültürün işıqları altında aydınlaşdırılacaqdır”.

Ardınca qəzetdə 4 əsas yol və hədəfin olduğu qeyd edilib:
- “Şərq yolu” Şərq ölkələrinə xidmət üçün dərc edilən müstəqil bir qəzetdir;
- Türkiyə istiqlalına sui-qəsd etmək istəyən, türk gəncliyini zəhərləməyə, türk milli bütünlüyünü pozmağa yönəldilən fəsadlı təbliğata qarşı savaşmaq;

- Bu qəzet hər hansı bir siyasi partiya və ya qrupun orqanı deyil, heç bir xüsusi ehtiras, alçaq mənfəət güdmür;

- Türk millətinin, türk yurdunun və dolayısı ilə bütün insanlığın mənfəətinə xidmət etmək üçün yaradılan bu qəzet türkçülükdən və bu ulu millətin cövhərindəki əsil insanlıq prinsiplərindən ilham alır.

Həftədə bir dəfə cümə günləri çıxan qəzet cəmi bir il fəaliyyət göstərib, 36 sayı çap olunub. Sonuncu sayı 1947-ci ilin sentyabrın 3-də nəşr edilib. Qəzetin sahibi və yazı işlərini idarə edən M.Zəki Özkan olub. Qəzet cəmi 4 səhifədən ibarət idi. 8-ci saydan etibarən qəzetin sahibi Selime Seden, nəşriyyatı idarə edən Şükrü Seden olub.
Qəzetdə A.Nurullah Barıman, Səbahəddin Çankaya, Kazım Tuncay, Əhməd Təkin, Emel Münir Kuban, A.Refet Altan, Səlimə Seden, Nejat Olcay, Səlahəddin Ertürk, M.Ç.Karamanbəy, Çetin Erksan, Abbasqulu Sebelan, Orxan Birgit, Niyazi Əhməd Banoğlu, Ömər Təkinoğlu, Reha Oğuz Türkqan, Doğan Can, Selim Baban və s. müəlliflərin məqalə və şeirləri dərc edilib.

Mühacirin kommunizmlə mücadiləsi

II Dünya müharibəsinin bitməsindən qısa bir müddət sonra Türkiyədə çıxan bu qəzetin Azərbaycan üçün önəmi odur ki, qəzeti faktiki nəşr edən, yazıları hazırlayan Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü, ömrünün böyük hissəsini mühacirətdə keçirmiş Məhəmmədsadıq Arandır.

Mühacirətdə “Azəri Türk”, “Yeni Turan”, “Türk Yolu” kimi dərgilərə rəhbərlik edən, “Yeni Kafkasya”, “Kızılelma”, “Ötüken” və s. mühacir və millətçi dərgilərdə zəngin irs qoymuş M.Aranın “Şərq yolu” qəzetindəki fəaliyyəti diqqətdən kənarda qalıb.


***
“Şərq yolu”nun ilk sayının birinci səhifəsində Məhəmmədsadıq Aranın “Millətlərin haqqı və məhkum türklərin davası” başlıqlı məqaləsi və Sənan imzası ilə yazdığı “Boğazkəsən qalası” adlı şeiri dərc olunub. Məqaləsində Aran ABŞ Nümayəndələr palatasının dünyada ədalətli və davamlı sülhün qorunması ilə bağlı təkliflərinin məhkum türk millətləri üçün də vacib olduğundan bəhs edir. İlk sayda Aran Türkiyəyə gəldikdən sonra bir müddət təhsil aldığı universitetdə tanış olduğu və əqidə yoldaşı, məsləkdaşı Nihal Atsızın “Yolların sonu” şeirini də dərc edib.

13 dekabrda “Quduran qırmızı fəsadçılar, yetər!” başlığı ilə çıxan ikinci saydakı əsas yazı da yenə M.Arana məxsusdur. “Bədbəxt Azərbaycan məsələsi” adlı yazı Güney Azərbaycana həsr edilib. Məqaləsində Güney Azərbaycanın tarixindən, Səttarxan inqilabından, Rza şahın Qacar hakimiyyətini devirərək özünü şahənşah elan etməsindən Pişəvəri hökumətinədək olan dönəmə, eləcə də İranda Azərbaycan türklərinin haqlarının pozulması məsələsinə toxunur. Aran yazır: “Bizim burada müdafiə etdiyimiz cəhət Pişəvərilər və ya başqa hər hansı rusofil şəxslər deyil. Bizcə, əsas olan mübarizənin özü və mahiyyətidir. Bu dava haqq və həqiqətin özüdür. Bütün dünya millətlərinin haqları özlərinə təslim ediləcəksə, 10 milyonluq Azərbaycan məsələsi də həll olunmalıdır”. Məqalədə hər iki Azərbaycanın xəritəsi də verilib.
İkinci sayda Aran yenə şeirlərini yazdığı Sənan imzası ilə “Boğazda mehtab” adlı şeirini dərc edib.

Qəzetin 21 dekabrda “Bu yurd vətənsizlərin deyil, türkündür!” başlığı ilə çıxan üçüncü sayında M.Aran “S.Azər” imzasıyla “Türk milləti yaşayış tərzi və düşüncə baxımından həqiqi demokratdır” başlıqlı məqaləsini dərc edib. Demokratiyanın türk millətinin təfəkkürünə uyğun olduğunu yazan Aran “Qutadqu Bilikdən” də sitatlar gətirərək kommunizmə qarşı çıxıb: “Türklərin keçmişdən bəri səltənətlər, imperatorluqlar qurub yaşatdıqları zamanlarda da demokratlıqdan ayrılmadıqlarını isbat edən canlı sənədlər və ölümsüz əsərlər ortadadır... Türk xalqı xarakter etibarilə kommunist olmağa uyğun deyil. Çünki bu millətə mənsub hər fərd yurduna məftun, torpağına bağlıdır, millətini və dinini sevir”.
Qəzetin əsas yükü üzərində olan S.Aran bu sayda əsas imzasıyla “Qırmızı gurultu” adlı məqaləsini, Sənan imzasıyla “Yaxınlaşma, yağı” adlı şeirini də dərc edib. Məqaləsində Aran Rusiyadan dəstək alaraq Türkiyədə kommunizm təbliğatı aparan kommunist mətbuata qarşı türk gəncliyinin mənəvi anlamda silahlanmasına çağırış edib: “Türk xalqı və türk gəncliyi bilir və görür ki, Moskva artıq kommunistlikdən çoxdan ayrılıb, bu gün sadəcə slavyan birliyinin öndərliyini həyata keçirir.

Kommunistlik təbliğatı isə Moskva imperializmini örtmək üçün uydurulmuş qırmızı bir maskadır. Türk xalqı bilir ki, 30 ildən bəri qırmızı faşizm idarəçiliyi zəncirlədiyi xalqdan, hələ kasıb xalqdan, kölə fəhlədən heç kimi məsud etməyib. Təkcə qırmızı sarayda səltənət sürən qırmızı Moskva çarları həqiqi bir səadətə və rahatlığa qovuşublar”.

Qarabağdanam

Qəzetin növbəti saylarında da Aranın kommunizmi hədəf alan “Qırmızı vəhşət” (28 dekabr, 1946, 4-cü say), “Kommunist sayıqlamalarına cavab” (4 və 5-ci say) adlı məqalələri dərc olunub. Kommunist təbliğatı aparan, onun əleyhinə yazı yazan şəxslərə cavab məqaləsində Aran bildirir: “Mən sizin kimi kölələrin uzaqdan, əzbərlədiyiniz Sovet “cənnəti”ni, o vəhşət diyarını yaxından tanıyan və 25 ildən bəri Türkiyədə və Avropada qırmızı Moskvanın maskasını yırtmaq üçün yazı yazan bir türkəm”.

Bir kommunistə verdiyi cavabda Aran doğulduğu yer və şəcərəsi haqqında da məlumat verir. Bu millət vəkilinin tərcümeyi-halı baxımından maraqlıdır: “Başqa bir anonim məktubda mənim soyumla bağlı sual edilir. Mən Elxanlı qəbiləsindənəm. Öz atam din alimlərindən Axund Məhəmmədsəmi, Axund Molla Tağı, Molla Məhəmmədsəmih, Molla Bağır, Mirzə Yusif, Qazi Əbu Talib və 7-ci babam da Yolquludur. Qarabağın Qarabulaq qəzasındanam”.
Qəzetin 6-cı sayında (11 yanvar, 1947) Aran əsas imzası ilə “Biz nə istəyirik?”, S.Azəri imzası ilə “26 il öncə” adlı iki məqaləsini, Sənan imzasıyla “Gözləyəcəyəm” adlı şeirini dərc edib. Birinci məqaləsində Aran ABŞ-da kommunizm təbliğatının qanunla qadağan olunması ilə bağlı edilənlərin Türkiyədə də həyata keçməsini istədiyini bildirir. İkinci məqaləsində isə bu il 100-cü ildönümü tamam olan Azərbaycan Cümhuriyyətinin Antanta dövlətləri tərəfindən tanınması ilə bağlıdır. Aran bu hadisənin Türkiyədə necə qeyd edilməsi ilə bağlı yazıb: “Bu hadisə o ərəfələrdə iztirablı və qara günlər yaşayan Türkiyədə böyük sevincə səbəb olmuşdu. O zamankı Türkiyənin paytaxtı İstanbulda Sultan Əhməd meydanını tamamilə dolduran türk xalqı ən həyəcanlı və sevincli bir gün yaşamışdı.

Kürsüyə çıxan Xalidə Edip xanım bir əlində Türkiyə, digər əlində Azərbaycan bayrağını sallayaraq “Bu bayraq bu bayrağın yavrusudur” dedikdən sonra tökülən türk qanının hədər olmadığını, ikinci bir müstəqil türk dövlətinin doğulduğunu atəşli ifadələrlə anlatırdı. Öz iztirablarını bir an üçün unudan türkiyəli türklər “Yaşasın Azərbaycan Türk Cümhuriyyəti!” nidaları və alqışları ilə bərabər sevinc göz yaşları da tökürdülər... Türk bəstəkarı İ.Zühdü bu günün şərəfinə bu mahnını bəstələmişdi:
Hilal artıq söndü deyə,
Sevinmişdi düşmən yenə
Hilal birkən iki oldu,
Salam bizdən ikinciyə,
Azərbaycan, Azərbaycan
Alqışladıq səni candan.
Anamız bir, atamız bir
Azərbaycan öz qardaşdır...”

Qəzetin növbəti saylarında da M.Aranın məqalələrinin əsas mövzuları SSRİ və kommunizmdir. Buna səbəb II Dünya müharibəsindən sonra Türkiyədə artan kommunizm təbliğatı və bunun nəticəsində yaranan təhlükədir. Aran bolşevik istilası yaşamayan Türkiyənin, onun ziyalılarının, siyasilərinin bu təhlükəni bir azərbaycanlı siyasətçidən daha doğru başa düşməyəcəyini bilirdi.

Qəzetin 12-ci sayından etibarən Məhəmmədsadıq Aran qəzet rəhbərliyi ilə yollarını ayırıb. Bu saydan sonra qəzetdə onun Şah İsmayılla bağlı bir məqaləsi iki hissədə dərc edilib ki, bu yazılar da Aranın “İran türkləri” kitabından götürülüb. Qəzetdəki Serhatoğlu imzasının da Arana məxsus olduğunu düşünürük.

Çünki “Bir qafilə cavab” adlı yazı İran mövzusunda məqalə yazan digər siyasi xadim, mühacir Mirzəbala Məhəmmədzadəyə cavab olaraq yazılıb. Qəzetin 28 may 1947-ci ildə çap olunan 23-cü sayında isə M.Aranın qəzetin sahibi Səlime Sedenə etiraz məktubu dərc edilib. Bu məktubda Şükrü Sedenin bir məqaləsinə Aran Türk Kültür Çalışmaları Dərnəyinin başqanı kimliyi ilə etiraz edib. Bu məktub da onu göstərir ki, M.Aranla qəzetin rəhbərliyi arasında daha əvvəl yaranan bir münaqişə nəticəsində yollarını ayırıb.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər