7 Aprel 2020 09:21
1 862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Düşünmək vaxtı” rubrikasının qonağı yazıçı Kənan Hacıdır.

Onunla müsahibəni təqdim edirik.

- Bir yazınızda qeyd etmisiz ki, insanlar pandemiyaya görə bir-birindən ürküb kənara sıçrayır. Ümumiyyətlə insan həmişə insandan qaçmağa meylli olmayıbmı?

- Biz, bu gün başqa bir təfəkkür erasına qədəm qoymuşuq. Virtual dünya zatən məsafələri aradan götürüb, bu, süni intellekt mərhələsinin başlanğıcıdır. Yeni əsrin futuristi Hararinin sözləriylə desək, onlaynla oflayn arasında bir yarğan əmələ gəlib və o yarğan bəşəriyyəti hər an udmağa hazırdır. İnternet, "big data" sistemi insan təfəkkürünün məhsuludur. Bu gün insan öz yaratdıqlarının əsirinə çevrilib. Vəziyyət artıq insanın nəzarətindən çıxmağa başlayır və insan bunun qarşısını almaqda acizdir. Sizin sualınız beynimdə maraqlı assosiasiyalar yaratdı. Əslində hər hansı bir fəlakət yer üzündəki balansın pozulmasından yaranır. Obrazlı dillə desək, Yer öz oxu ətrafında fırlanmaqda sanki çətinlik çəkir, bu ox əyilmiş kimidir. Məsələ nədir? İnsanın içindəki Şər Xeyirə qalib gəlir, insanın insandan qaçmasının mahiyyəti budur. İnsan buna görə insandan qaçır, əslində bu yeni məsələ deyil. Dünyanın yaşı qədər qədim bir həqiqətdir.

Hötenin “Faust”unda da, Hüseyn Cavidin “İblis”ində də bu suallara cavab tapmaq mümkündür. “Faust”da təxminən belə fikirlər var ki, Tanrı insana gözəlliklər bəxş etdiyi halda onun ətrafı pisliklərlə doludur, mümkün qədər o yerlərdən qaç, buralardan uzaqlaş, əngin dünyaya çıx. Mükəmməllik arzulayan insan birinci özündən başlamalıdır, öz içində o toxumları yetişdirməlidir. İnsan öz həmcinsində şeytanın nəfəsini hiss etdiyi üçün ondan qaçır və bəzən də əksinə olur, şeytani hislər səni insanlıqdan uzaqlaşdırır. Təbii ki, insanın mahiyyətində tənhalıq hissi var, introvert insanlar tənha həyat tərzinə meyl edirlər. Amma tənhalıq ünsiyyəti aradan qaldırmamalıdır. İnsanların qarşılıqlı köməyə və öz aralarında səmimi ünsiyyətə həmişə ehtiyacı var. Ünsiyyət olmadan inkişaf mümkünsüzdür.

Bernard Şounun maraqlı bir mülahizəsi yadıma düşdü. Deməli, əgər iki adamın hərəsinin bir alması varsa, onlar bu almaları bir-birlərinə bağışlasalar, yenə hərəsində bir alma qalır. Əgər iki adam bir-birilə ideya mübadiləsi keçirsə, axırda hərəsinin iki ideyası olacaq. Ünsiyyətin nəticəsi budur. Həm də insanlar xeyli dərəcədə mərhəmət, xeyirxahlıq hissindən uzaq düşüblər. Mərhəmət hissi itəndə dünya fəlakət meydanına çevrilir. Kamyunun “Taun” romanında bir məqam var, yəqin xatırlayırsınız, bu hadisələri gündəliklərinə qeyd edən Jan Taru həkim Ryö ilə söhbətində deyir ki, belə bir xəstəlik hər kəsin canında var, heç kəs özünü istisna saya bilməz və hər vasitə ilə çalışıb taunlu xasiyyətimizi dəyişməliyik, ancaq bu yolla xilas ola bilərik. Təbii ki, taun şəri simvolizə edir. Namuslu adam o kəsdir ki, bu xəstəliyi başqalarına yoluxdurmur və öz-özünü sağaldır. Taun iblisdir, mefistofeldir, insanlığın düşmənidir. İnsanın insandan qaçmasının mənfi və müsbət tərəflərini bu kontekstdən təhlil edəndə anlayırsan ki, bizi ancaq sevgi, mərhəmət, vicdan hissi xilas edə bilər.

- Pandemiyanın yer üzünü cənginə aldığı bir vaxtda necə oldu ki, dünya birdən-birə insanlara şirin görünməyə başladı? Halbuki bundan əvvəl şikayətçi idilər.

- Bu insanın xislətindən doğan bir haldır. Həyat öz rəvan axarıyla davam edəndə insan heç nəyin fərqinə varmır, gözəlliklərdən zövq ala bilmir, ölüm, xəstəlik başının üstünü alanda dünyadan beşəlli yapışır. Qorxu hissi fiziki və ruhi zəifliyin nəticəsidir. Fəlakət anında insan dərhal Tanrıya sığınır. Bu da qorxunu dəf etməyin bir yoludur. Bu hiss insana həm də faniliyini xatırladır. İnsan həmişə narazıdır, çünki əlində olan imkanlarla kifayətlənmək istəmir. Şəhərin küçələrində azad gəzib-dolaşmağın, hər səhər üfüqdə günəşi görməyin nə qədər böyük bir xoşbəxtlik olduğunu sanki unudub, maddi dəyərlərin əsirinə çevrilib. Pandemiya insanlara həyatın nə qədər şirin bir nemət olduğunu xatırlatdı. İnsanlığın bu dərsə ehtiyacı vardı. Bu gün hər kəsin içində bir verminofobiya, yoluxma qorxusu var. Təhlükə burnumuzun ucundadır və biz bu baryeri aşmaq iqtidarında deyilik. İnsan məhz bu anlarda öz tənhalığına çəkilməli və həyatın dəyəri haqqında düşünməli, özü üçün müəyyən nəticələr çıxarmalıdır.

- Niyə insan hər addımında öyrənməyə yox, dərs verməyə meyllidir?

- Bu da qədim və sağalmaz bir mərəzdir. Dərs vermək üçün gərək mənəvi haqq qazanasan. Dərs verən insanlar ömürlərinin sonunadək öyrənməkdən usanmayan və öz biliklərini paylaşmaqdan ilahi bir zövq alan insanlardır. Öyrənmək istəməyənlər isə cahil adamlardır. Onlara elə gəlir ki, hər şeyi bilirlər və ona görə də onların danışıq tərzində həmişə təkəbbür olur. Bilən insan heç vaxt özünü kimdənsə üstün hesab etməz, onun daxili zənginliyi bunu ona rəva bilməz. Müdrikliyin libası sadəlikdir və sadəlik əslində böyük mənəvi keyfiyyətdir. Dərs vermək həm də içindəki enerjini çölə ötürmək, passionarlıq ehtirasından yaranan bir xüsusiyyətdir və bunlar tamamilə ayrı-ayrı şeylərdir. İçində enerji və bazası olmayan adamın dərs verməkdən daha çox dərs almağa ehtiyacı var.

- İnsan üçün ən böyük fəlakət nədir? Məsələn, Kafkaya görə, öldürməyən ağrılar və ya əzablar idi...

- İnsanın ən böyük fəlakəti öz içindəki xəzinədən xəbərsiz olmasıdır. O gizli xəzinəni tapanlar bəşəriyyətə böyük töhfələr vermiş insanlardır. Amma böyük çoxluq sadəcə, dünyada yaşayır və ömrünü başa vurub torpağa qovuşur. İnsan öz içindəki yaradıcı gücü anlayanda və onu inkişaf etdirəndə həm də həyatın mənasını dərk edir və nə üçün yaşadığını bilir. İnsan bir az da aysberqə bənzəyir, onun su altında qalan hissəsi özündən daha böyük, daha dərindir.

- Hər kəsin razı qalacağı ideal əxlaq sistemi və ya dəyər nə ola bilər?

- Bu çox geniş izah tələb edən bir sualdır. Min illərdir bəşəriyyət ideal dünya axtarışındadır və hələ də bu axtarışlar davam edir. İnsanlıq üçün dəyər hesab edilən xüsusiyyətlər nədir? Ədalətli olmaq, alicənablıq, fədakarlıq və bu kimi fəzilətlər. Nizami Gəncəvi “İsgəndərnamə”sində İsgəndər vasitəsilə ideal cəmiyyət axtarışına çıxır və həmin əsərdə insanlıq üçün təməl prinsiplər öz əksini tapır və bu prinsiplərin ən başlıcası ədalətli olmaqdır. İnsan ədalətli olarsa, bütün mənəvi kateqoriyaları özündə birləşdirə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər