Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs Azərbaycan və Türkiyənin X əsr ictimai-siyasi tarixinin ən məşhur simalarından biridir. Sürəyya Ağaoğludan danışırıq.
Sürəyya Ağaoğlu – azərbaycanlı vəkil və yazar, Türkiyənin ilk qadın vəkili və qadın haqları müdafiəçisi.
Sürəyya Ağaoğlu 1903-cü ildə Azərbaycanın Şuşa şəhərində doğulub. Atası Əhməd bəy Ağaoğlu Azərbaycanın görkəmli ictimai-siyasi xadimidir, anası Sitarə xanımdır. Sürrəyya xanımın uşaqlığının çox az bir qismi Şuşa şəhərində keçib. O, beşuşaqlı ailənin ən böyük övladı idi. Sürəyya xanım həm də pedaqoq və millət vəkili Tezer Taşkıran, mühəndis və iş adamı Əbdürrəhman Ağaoğlu, siyasətçi, filosof və hüquqşünas Səməd Ağaoğlunun bacısıdır.
Şuşa geridə qalır
Sürəyya xanım 1910-cu ildə ailəsi ilə birlikdə Türkiyəyə köçüb. Atasının ideologiyası və vəzifələri səbəbindən uşaqlığı Türk Ocağı ziyalıları və Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün yaxın dostları arasında keçib. Atatürklə atası Əhməd bəyin yaxın dostluq münasibətləri vardı. 1920-ci ildə İstanbul Qız Liseyindən məzun olduqdan sonra – 1921-ci ildə hüquq ixtisasına yiyələnmək istəyir. O, İstanbul Universitetinin Hüquq fakültəsinə müraciət edən ilk qız tələbə kimi bu ali məktəbdə qızlar üçün fakültənin açılmasında rol oynadı. Özü ilə rəfiqələri – Melda və Bədiyə xanımları universitetə gətirib fakültənin qapısının qızlar üçün açılmasında irəliyə doğru mühüm addım atdı.
1925-ci ildə fakültədən məzun olduqdan sonra Ankarada Dövlət Tənzimat Şurasında işə başladı. 1927-ci ildə Ankara Vəkillər Kollegiyasına üzv oldu. 1928-ci ildə müstəqil vəkil lisenziyasını alaraq, “Türkiyənin ilk qadın vəkili” ünvanına sahib oldu və həyatının sonunadək bu peşəsinin arxasınca getdi. 1936-cı ildə Ankaradan İstanbul Vəkillər Kollegiyasına keçdi.
Əsarətdəki Azərbaycanın səsi
İngilis və fransız dillərini mükəmməl bilən Sürəyya xanım vəkillik fəaliyyəti boyu Türkiyəni bir çox beynəlxalq konfranslarda təmsil etdi. Əlbəttə Azərbaycan Xalq Cümhuriyyətinin mühacirətdəki hökumətini də unutmadı. Sürəyya xanım həm də Azərbaycanın səsi idi.
1946-cı ildəki cəhdlərindən sonra İstanbul Vəkillər Kollegiyasının Beynəlxalq Vəkillər Kollegiyasına üzv olmasını təmin etdi. 1946-1960-cı illərdə bu beynəlxalq qurumun idarə heyətinin yeganə qadın üzvü də, məhz bu şuşalı qız idi.
1952-ci ildə Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin üzvü oldu. 1980-1982-ci illərdə Hüquqşünas Qadınlar Federasiyasının ikinci prezidenti kimi adını tarixə yazdırdı.
1960-cı ildə Türkiyədə baş verən dövlət çevrilişindən sonra Əkrəm Əlicanın liderliyindəki Yeni Türkiyə Partiyasına üzv olaraq siyasi həyata addımlarını atdı. Partiyanın İstanbulda rayon təşkilatının sədri seçildi.
Bir həyat da belə keçir...
Fəaliyyəti boyu bir çox insan haqları təşkilatının qurulmasında rol oynadı. Bunların arasında Türk Hüquqşünas Qadınlar Dərnəyi, Ali Təhsilli Qadınlar Dərnəyi, Türk-Amerika Universitetləri Dərnəyi və 1948-ci ildə özünün qurduğu Uşaqların Dostları Dərnəyi var.
Sürəyya xanım “Londonda gördüklərim” və “Bir həyat da belə keçdi” adlı kitabların və çox sayda məqalənin müəllifidir.
1950-ci illərin əvvəllərində alman hüquqşünas Verner Tasçenbrekerlə evlənən Sürəyya Ağaoğlunun evliliyi 1960-cı illərdə sona çatdı, heç vaxt övladı olmadı.
Sürəyya Ağaoğlu 1989-cu il dekabrın 29-da İstanbulda qatıldığı bir konfransdan çıxarkən, yıxılaraq beyninə qansızması nəticəsində həyatını itirdi.
Atatürklə xatirəsi
Sürəyya xanım universiteti bitirdikdən sonra rəfiqəsi ilə birlikdə Ankarada Ədliyyə Nazirliyində praktikaya başlayır. İlk gündən önəmli bir problemlə üzləşirlər. Günorta yeməyini harada yeyəcəklər? Evlərinə gedə bilməyəcəklər, nazirlikdən çox uzaqda yaşayırlar. Qadın olduqları üçün restoranda da yeyə bilməzdilər. Həmin vaxt yemək üçün ən yaxşı restoran “İstanbul” idi. Sadəcə millət vəkillərinin yemək yediyi bu restoranın qapısı da, qadınların üzünə bağlıydı. Bir restoranda qadının oturub yemək yeməsi, görünməmiş bir şeydi.
Türkiyənin bu ilk iki praktikant vəkili bir müddət günorta yeməyini iş yerində pendirlə həll edirlər. Amma belə davam edə bilməzdi. Dönəmin Mətbuat-Yayım Şurasının rəhbəri olan atası Əhməd bəy Ağaoğlunun yanına gedən Sürəyya günorta yeməyini “İstanbul” restoranında yemək üçün icazə istəyir. Əhməd bəy buna bir maneə görmür və icazə verir.
Səhəri gün iki rəfiqə günorta yeməklərini restoranda yeyirlər. Əhməd Ağaoğlunun qızını tanıdıqları üçün kimsə üzlərinə bir söz demir, amma gizlində danışırdılar. Şikayətlər artmağa başlayır.
Şikayətlər dönəmin Baş naziri Rauf bəyə qədər gedib çatır. Baş nazir Əhməd bəyə zəngib bu barədə danışır. Sürəyya o axşam evə gələndə atasının gözlədiyini görür. Əhməd bəy Baş nazirlə söhbətini ona danışır və restorana getməməsini istəyir. Əlbəttə Sürəyya üzülür, amma edəcəyi də heç nə yoxdur.
Bir neçə gün sonra Atatürk və xanımı Lətifə xanım Əhməd bəy Ağaoğlunun evinə qonaq gəlir. Söhbət bu məsələyə gələndə Sürəyya xanım açıb hər şeyi Atatürkə danışır. Əhməd bəyin qızı Atatürkün onu anlayacağını və dəstək verəcəyini düşünür. Amma Mustafa Kamal Paşa Əhməd və Rauf bəyə haqq qazandırır.
Böyük bir məyusluqla üzləşən Sürəyya xanım ertəsi gün nazirlikdəki otağında işləyərkən bir nəfər təlaşla içəri girib, “Sürəyya, hazırlaş, Paşa səni yeməyə aparacaq”, deyir.
Sürəyya təəccüblənir, tələsik hazırlaşıb qapının önünə çıxır. Yanında bir millət vəkili və yavəri ilə avtomobilində oturan Atatürk onu görəndə, “Lətifə bu gün səni günorta yeməyinə gözləyir”, deyir.
Sürəyya xanım həm təəccüblüdür, həm də şən. O, mindikdən sonra hərəkət edən avtomobil “İstanbul” restoranının qarşısından keçərkən birdən Atatürk sürücüdən saxlamasını istəyir. Avtomobili görən kimi irəli qaçan millət vəkili Saleh bəy çatdıqdan sonra Atatürk hər kəsin eşidə biləcəyi bir səslə ona deyir:
“Bu gün Sürəyyanı bizə aparıram, amma sabah bura gələcək, yeməyini restoranda yeyəcək”.
Bu həmin hadisə idi ki, bundan sonra ölkədəki restoranların qapıları digər qadınların da üzlərinə açıldı.
Şuşanı görmək arzusu
82 illik həyatının çox kiçik bir dönəmini Azərbaycanda yaşasa da, heç vaxt ana-ata vətəninə olan bağlarını qoparmadı. Azərbaycanı sevgisindən ayrı salmadı, Şuşanı görmək nisgili həmişə ürəyində qaldı. Sürəyya xanım vəkillik fəaliyyəti dönəmində Sovet Rusiyasının əsarəti altında olan Azərbaycan Xalq Cümhuriyyətinin və onun mühacir hökumətinin beynəlxalq tribunlardakı haqq səsi idi. “Bir həyat da belə keçdi” adlı kitabı da, azərbaycanlı mühacirlərdən, onların ictimai-siyasi fəaliyyətlərindən bəhs edir.
Amma Sürəyya xanım həyatının son illərində vətənə - Azərbaycana gəlməyə bir yol tapır. Bakıya qədər gələn Sürəyya xanım arzusunda olan Şuşaya gedə bilmir. Bu arzusu – Şuşasına çatmaq istəyi növbəti səfərinə təxirə salınsa da, ömür vəfalı deyildi.
Sürəyya xanımdan isə Şuşaya çatmayan bu sözləri qalır: “Məndən soruşanda ki, vətənin haradır? Cavab verirəm ki, Şuşada doğulmuşam, orada dil açmışam, ilk addımı orada atmışam, yeriməyə orada başlamışam. Ulduzlu səmanı ilk dəfə orada seyr etmişəm, güllərin ətrini ilk dəfə orada duymuşam. Azərbaycan dilində bir söz, söhbət, musiqi eşidəndə uşaqlıq xatirələrim məni öz qoynuna alır”.