Koronavirus pandemiyası dünyanı cənginə almaqda davam edir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu virus yaxın bir il ərzində bizimlə olacaq. Maraqlıdır, ölkəmizdə vəziyyət necədir? Havanın istiləşməsi virusla mübarizədə kömək ola bilərmi? Hansı vasitlər virusu yayır?
Bu və digər suallarla bağlı həkim-cərrah Adil Qeybulla Teleqraf.com-un suallarını cavablandırıb.
- Son həftədə koronavirusa yoluxmada 3-lü rəqəmləri müşahidə edirik. Bunu ikinci dalğa hesab edə bilərikmi?
- Karantin qaydalarının yumşaldılmasını nəzərə alsaq, koronavirusa yoluxma hallarının artmasını ikinci dalğa hesab edə bilərik. Çünki, yoluxma sayı ilə sağalma sayı arasındakı nisbət sağalmanın ziyanına işləyirsə, bu, artıq mənfi tendensiyadır. Düşünürəm ki, yoluxmalarda rəqəmlər artmaqda davam edəcək.
- TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı qeyd edib ki, virusla yaşamağı öyrənməliyik. Siz necə düşünürsüz?
- Biz, artıq virusla yaşayırıq. Söhbət təkcə yeni yayılan COVID-19-dan getmir. Artıq illərdir ki, koronaviruslar soyuqdəymə xəstəliyinə səbəb olur. Qrip virusu, yuxarı tənəffüs yollarında paraviruslar, agenaviruslarla, QİÇS pandemiyası ilə yaşayırıq. İllərdir onlarla yaşamağa öyrəşmişik, ətrafda hər yer virusdur.
- Yay ayları gəlir. Havanın isinməsi mübarizədə kömək ola bilərmi?
- Çox isti olsa, əlbəttə, virusun bayırda ölməsi tezləşəcək. Bu, günəş, ultrabənövşəyi şüaların təsirindən olacaq. Lakin yeni situasiya yaranır, yay aylarında insanlar miqrasiya edirlər. İsti yerlərdən soyuq yerlərə axın başlayır, ən azından ölkə daxilində bu baş verir. Məsələn, bu gün Bakıdan rayonlara səfərlər infeksiyanın daşınması deməkdir. Bu, yeni bir yoluxma dalğasına təkan verilə bilər.
- Allergiya ilə COVID-19 səhv salına bilər?
- Bu, tamamilə başqa şeydir. Allergiyanın ona aidiyyatı yoxdur. Allergik mənşəli abstuktit bronxit, astma, yuxarı tənəffüs yollarında problemi olan şəxslər COVID-19 infeksiyasına yoluxduqda daha böyük risklə üzləşirlər. Başqa bir əlaqə burada real deyil.
- Xarici mütəxəssislər bildirirlər ki, kondisioner koronavirusun yayılmasına şərait yaradır. Bununla bağlı fikriniz nədir?
- Kondisionerin otaq havasını alıb, soyudaraq, yenidən otağa verməsi, təbii ki, virusun yayılması deməkdir. Bu baxımdan da, asqıran, öskürən zaman burun aerozolundakı viruslar qısa müddətdə ətrafa yayılır. Kondisioner işləyən müddətdə o hava sovrularaq otağa yayılır. Bu zaman nəfəs yolları ilə insanlarda xəstəlik törədə bilər.