25 Dekabr 2020 23:26
1 602
12 Punto 14 Punto 16 Punto 18 Punto

I Yazı

Ötən həftə Türkiyənin Anadolu Agentliyinin II Dünya müharibəsi illərində əsirlərin SSRİ-yə təhvil verilməsi ilə bağlı videosujeti bu məsələni yenidən gündəmə gətirdi.

“Stalinin vətəndaşları” olan bu hərbi əsirlər kimlər idi, sayları nə qədər idi, hansı zülmləri görmüşdülər?

***

Müharibədə almanlara əsir düşən SSRİ vətəndaşlarına olan münasibət haqqında istər legionerlərin xatirələrində, istərsə də müxtəlif qaynaqlarda kifayət qədər yazılıb. Xüsusilə, asiyalı əsirlərə göstərilən davranış nasist ideologiyasının əsaslarına görə idi, çünki onlar ən aşağı kateqoriyaya aid edilirdilər.

Nasistlərin nəzərində Qırmızı ordunun əsgəri düşmən bolşevik rejiminin təmsilçisidir. 1941-ci ilin 30 sentyabrında sırf SSRİ əsirləri üçün hazırlanan “təlimat”da onlara pis davranılması və silahdan istifadə olunması məcburiyyəti gətirilib. Buna görə də Sovet əsirləri kütləvi şəkildə həlak olurdular. Dr. Verner Mansfel 1942-ci ilin 19 fevralında Almaniya İmperiyası Ticarət Palatasında keçirilən bir seminarda almanların əlindəki 3,9 milyon Sovet əsirindən sadəcə 1,1 milyonun həyatda qaldığını qeyd edib. Təkcə 1941-ci ilin noyabrından 1942-ci ilin yanvarınadək olan dövrdə 500 min Sovet əsiri həlak olub.

Ölüm faizinin ən çox olduğu Czestochova əsir düşərgəsində 1941-ci ilin sentyabrı ilə 1942-ci ilin apreli arasında 90 min Sovet əsirindən 3 mini salamat qalmışdı.

Alman tarixçi Corc Fişerə (George Fischer) görə, 1941-ci ilin noyabrından öncə almanların əlindəki toplam Sovet müharibə əsirlərinin sayı 2.053.000 idi. Şərq naziri Alfred Rozenberqin bir məktubunda isə bu say 3.600.000 olaraq qeyd olunub. Tarixçi Aleksandr Dallin 1941-ci il üçün bu sayın 3.355.000, 1942-ci il üçün isə 1.653.000 kimi təqdim edib.
Müharibədə əsir düşən türküstanlıların sayı isə 400 min nəfər idi.

Almanların Sovet əsirlərinə qarşı sərt davranmalarının bir səbəbi də SSRİ-nin 1929-cu il Cenevrə anlaşmasını imzalamaması idi. Buna görə də almanlar beynəlxalq hüquqi öhdəlik daşımadıqlarını iddia edirdilər. Cenevrə anlaşmalarının ilki 1864-cü ildə, sonuncusu isə 1949-cu ildə imzalanıb. İkinci Cenevrə anlaşması Rusiya-Yaponiya müharibəsindən sonra 1906-cı ildə imzalanmışdı. Dəniz müharibəsindəki yaralı və xəstələrlə bağlı idi.

1929-cu ildə imzalanan Üçüncü Cenevrə anlaşması isə müharibə əsirləri ilə bağlı idi. Bu anlaşmaya görə, müqaviləni imzalayan dövlətlər müharibə əsirlərinə insani rəftar sərgiləyəcək, onlara qarşı ayrı-seçkilik edilməyəcək, tibbi ehtiyacları qarşılanacaq.
Əsir götürülən Qırmızı Ordu əsgərlərinin düşərgələrə doğru uzun yol qət etmələri, soyuq hava şərtləri, yorğunluq, tibbi ehtiyacların qarşılanmaması minlərlə əsirin yoldaca həlak olmalarına səbəb olurdu. Yorğunluqdan geridə qalan əsirlər isə yerindəcə güllələnirdilər.

Almaniya tərəfinə əsr düşən azərbaycanlıların sayı ilə bağlı müxtəlif rəqəmlər irəli sürülüb. C.Həsənli İsmayıl Əkbərin məruzəsinə əsasən yazıb: “İsmayıl Əkbərin məruzəsində 1944-cü ilin oktyabr ayının 1-nə görə İkinci dünya müharibəsi dövründə Almaniya tərəfində vuruşan azərbaycanlıların sayının 37 913 nəfər olduğu göstərilir. Bunlardan 10 975 nəfəri 11 müstəqil hərbi piyada batalyonlarında, 927 nəfəri dağ-atıcı batalyonunda, 1824 nəfəri 353-cü alman diviziyasının tərkibində, 2990 nəfəri 162-ci türk diviziyasının tərkibindəki alayda, 3968 nəfəri legionlar yanında arxa piyada batalyonlarında, 4809 nəfəri fəhlə batalyonlarında, 2851 nəfəri Osttürk SS birliyinin tərkibində, 1090 nəfəri Qafqaz SS birliyinin tərkibində və sair xidmət edirdi. Müxtəlif hissələrdə xidmət edən könüllülər də nəzərə alınarsa, bütövlükdə onların sayı 38 598 nəfərə çatırdı ki, onların da 169 nəfəri polkovnik rütbəsinə qədər yüksəlmiş yüksək çinli zabitlər, 3721 nəfəri isə kiçik rütbəli zabitlər idi. Bundan əlavə 1944-cü ilin axırlarında 11 min azərbaycanlının əsir düşərgələrində saxlandığı, 275 nəfərin isə “etibarsız” könüllülər kimi düşərgələrə qaytarıldığı haqqında məlumatlar vardır. “Almaniya vermaxtında Qafqaz könüllü birlikləri haqqında” 1945-ci ilin mart aymm 25-də hazırlanmış hesabatda göstərilirdi ki, legionlarda və piyada batalyonlarda 13 600, tikinti və təchizat hissələrində 4795 azərbaycanlı xidmət etmişdir. Bundan əlavə alman ordusunda xidmət edən 25, SS, SD və Lyuftvaffe hərbi hissələrində xidmət edən 7 min qafqazlı əsgər və zabitin də bir hissəsi azərbaycanlılar idilər. Ə.Fətəlibəyli isə bütövlükdə Almaniya tərəfində vuruşan azərbaycanlıların sayının 150 min nəfərə yaxın olduğunu bildirirdi”.

Əsirlərə göstərilən rəftar
Legioner Fərman Məmmədov əsirlik günlərini belə xatırlayırdı:
“Əsir düşən ya ölməli, ya da geri dönməməli idi. Əks-təqdirdə əsir düşmüş əsgərlərimizi Vətəndə onsuz da ağır cəza tədbiri, dözülməz işgəncələr gözləyirdi. İki dəfə əsirlikdən qaçmağa cəhd göstərdim. Ələ keçdim. Tutub gətirdilər, qolumu-qıçımı sındırdılar. Ölümümü istəyirdim. Allaha yalvarırdım ki, nəfəsimə son qoysun. Növbəti qaçış cəhdində məni yaxalayıb Saksenhauzendəki əsirlər düşərgəsinə saldılar. Təqribən 6 ay yenə dəhşətli fiziki işgəncələrə, aclığa-susuzluğa məruz qaldım. Min bir müsibətdən sonra nəhayət azadlığa çıxa bildim. Alman ordusu nəzdində yaradılan Azərbaycan milli ordusunda qulluq etmək təklifini ürəkdən qəbul etdim...”.

Legioner Əli Həsənzadə (Aran) özü və əsirlik həyatı haqqında bunları xatırlayırdı:
“Əvvəlcə Xarkovda əsirlərin qərargahına gətirildik. Sonra Ukraynanın Karol deyilən qəsəbəsinə apardılar. Buradakı düşərgədə müsəlman əsirlər çoxluq təşkil edirdilər. Həmin əsirlər sonradan alman ordusu tərkibində çıxış etmək üçün xüsusi hazırlıq keçdilər. Müharibənin birinci qışında əsirlərin böyük qismi tablamayıb qırıldı. Mənim əsirliyim müharibənin ikinci qışına təsadüf etmişdi. Bizi Polşada – Radom şəhəri yaxınlığındakı Yedlina qəsəbəsində yaradılmış xüsusi düşərgələrdə yerləşdirdilər. Azərbaycan milli legionu da həmin qəsəbədəki düşərgələrdə idi...

II Dünya müharibəsinin gedişatı və ondan sonrakı dövrdə əsir düşən azərbaycanlıların həyatlarının xilası, vəziyyətinin yaxşılaşdırılması üçün legionerlərin “köhnə mühacirlər” dedikləri siyasi xadimlərin önəmli rolları olub...


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər