2 İyul 2021 15:58
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yazıçılar Birliyinə yeni sədr müavini təyin edilən Rəşad Məcid Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Rəşad müəllim, uzun müddətdir AYB-də fəaliyyət göstərirsiniz. Yeni təyinat işlərinizə təsir göstərəcəkmi?

- Rəhmətlik Fikrət Qoca dünyasını dəyişdikdən sonra Anar Rzayevin təşəbbüsü ilə qurultay baş tutanadək AYB-də dəyişikliklər oldu. Elçin Hüseynbəyli və Səlim Babullaoğlu AYB katibləri seçildilər. Məsləhət oldu ki, mən sədrin müavini təyin olunum.

Sədr müavini seçilsəm də, həm gənclərlə işi davam etdirəcəyəm, həm də AYB-nin mətbuat orqanlarının əlaqələrinə nəzarət edəcəm. Ümumi yaradıcılıqla məşğul olacam. Hesab edirəm ki, yeni təyinatlardan sonra qurultaya qədər yeni işlər görüləcək. Dəyişikliklər AYB-nin xeyrinə olacaq.

- Qurultaydan söz açdınız, AYB-nin 13-cü qurultayı keçirilmədi. Bu il gözlənilirmi?

- Pandemiya səbəbilə təxirə salındı. Nəzərdə tutulur ki, oktyabr ayının sonunda qurultay keçirilsin.

- Pandemiya dövründə AYB işini necə davam etdirir?

- Bilirsiniz, yazıçının işi fərdidir. Buna görə də pandemiya dövründə də yeni əsərlər yazıldı. Müharibə ilə bağlı AYB-də xeyli əsərlər ortaya çıxdı. Anar Rzayevin təşəbbüsü ilə "Qarabağ dastanı, 30 ilin həsrəti, 44 günün zəfəri" adında kitab hazırladıq. Kitab təhsil nəşriyyatında çap olunub.

- Kitabın müəllifi kimdir?

- Kitabın fəlsəfəsi, ideyası Anar Rzayevə məxsusdur. Qarabağın hər bir rayonundan olan yazıçı öz rayonu haqqında xatirələrini yazıb. Məsələn, Ramiz Rövşən Qubadlıdan, Seyran Səxavət Füzulidən, Aqil Abbas Ağdamdan, o cümlədən, mənim bütün işğaldan azad olunan rayonlar haqqında yazılarım var. Eyni zamanda, orada poeziya bölmələri var ki, Anar Rzayevin, Çingiz Abdullayevin yazıları çap olunub. Çox sanballı kitabdır. Hesab edirəm ki, bu kitab zəfərimizə yazıçıların bir töhfəsidir.

- AYB Qarabağ zəfəri ilə bağlı silsilə tədbirlər nəzərdə tutub?

- Əsas olaraq sözügedən kitab planlardan biridir. Təqdimatı müxtəlif yerlərdə olacaq. Nəzərdə tutulub ki, bu günlərdə Şuşada keçiriləcək Vaqif poeziya günlərində kitabın təqdimatını edək. Dəqiq tarixi hələ ki, məlum deyil.

- Pandemiya yazıçıların fəaliyyətinə təsir göstərdi?

- Pandemiya hamımızda ümumi məyusluq yaratdı. Dünyanın gələcəyi ilə bağlı narahatlıqlara səbəb oldu. Yazıçı fərdi sənətdir. Özü təklikdə fəaliyyət göstərən sahə olduğu üçün pandemiya yazıçılara o dərəcə təsir göstərmədi.

- Maraqlıdır, sədr vəzifəsinə namizədliyinizi irəli sürəcəksiniz?

- Xeyr. Anar müəllimə həmişə demişəm, onun səhhəti, fiziki göstəriciləri imkan verir ki, o, bu vəzifəni icra etsin. Eyni zamanda, Anar müəllim ədəbiyyatımızın simvoludur, buna görə də arzulayıram ki, Anar müəllim fəaliyyətini sədr kimi davam etdirsin.


Müəllif: Aysel Azad