29 Oktyabr 2021 16:45
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

29 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyət üsul-idarəli bir modern Avropa dövlətinə çevrildi. Burada məqsəd mədəni və müasir dünya ilə Türkiyə arasında yaranan boşluğu bir an əvvəl doldurmaq idi. Cümhuriyyət fikri hələ 1860-cı illərdən türk insanının düşüncəsinə hakim kəsilmişdi. Atatürk ideyaları ilə daha da təkmilləşdirildi.

Bunu Teleqraf.com-a ADPU-nin baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov deyib

O qeyd edib ki, Ərzurum Konqresi ərəfəsində Mustafa Kamal yaxın silahdaşlarına milli mücadilədə qalib gələcəkləri təqdirdə dövlət formasının Cümhuriyyət olacağını bildirmişdi:

“Hətta 21 dekabr 1921-ci il tarixində qəbul edilən Teşkilati-Esasiye qanununun 1-ci maddəsinə görə hakimiyyətin qeydsiz-şərtsiz millətə verilməsi keçmiş rejim tərəfdarlarını bərk narahat edirdi. Buna görə Kazım Qarabəkir paşa Mustafa Kamaldan izahat da tələb etmişdi. Bir sözlə, o zaman hər kəsin düşüncəsində məmləkətin düşmən işğalından, xəlifə-sultan əsarətindən qurtulmaq kimi ali hədəfi var idi”.

Tarixçi bildirib ki, Cümhuriyyətin hansı əsaslar üzərində qurulmasına dair milli qüvvələr arasında da fikir ayrılıqları var idi: “Həqiqətən də milli mücadiləni uğurla başa çatdıran Türkiyə Böyük Millət Məclisində (TBMM) xalq hakimiyyətinə əsaslanan və Mustafa Kamalın ətrafında toplanan millət vəkilləri ilə yanaşı, mücadilənin uğurla nəticələnəcəyi halda xəlifə-sultan hakimiyyətinə əsaslanan köhnə rejimin bərqərar olmasına meyilli qüvvələr də az deyildi. Türkiyə Cümhuriyyəti elan olunduqdan sonra yeni dövlətin əsaslarını möhkəmləndirəcək olan ikinci TBMM 11 avqust 1923-cü ildə fəaliyyətə başladı. Ümumi deputat sayı 287 olan Məclisin 189 millət vəkilinin səs çoxluğu ilə Ali Fuat paşa müvəqqəti nazir seçildi. 13 avqustda keçirilən seçkidə isə 197 millət vəkilindən 196-sının səsini alan Qazi Mustafa Kamal paşa TBMM in sədri seçildi. 14 avqust tarixində 190 millət vəkilinin iştirakı ilə keçirilən səsvermədə Vəkillər Heyəti sədrliyinə 183 səslə Fethi bəy gətirildi. Böyük səs çoxluğu ilə namizədlər Türkiyə Böyük Millət Məclisinin etimadını qazandılar”.


Müəllif: Tapdıq Qurbanlı