7 Fevral 2022 09:05
1 437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə treyleri yayımlanan “The Man From Oghuz: By The Fire” (Oğuz Elinin Oğlu: Atəş Başında) filmi Azərbaycanın tarixi, mədəniyyəti, folkorunu özündə əks etdirir.

Teleqraf.com filmin rejissoru Murad Əliyev ilə müsahibəni təqdim edir.

- Murad bəy, ilk olaraq özünüz barədə oxucularımıza məlumat verməyinizi istərdik.

- 36 yaşım var, ABŞ-da yaşayıram. İxtisasca mühəndisəm və öz sahəm üzrə çalışıram. Film ilə hobbi kimi məşğulam. Filmlərə uşaqlıqdan marağım olub. Filmlər haqqında oxumuşam, onları izləmişəm, film tarixi və nəzəriyyəsi öyrənmişəm. Uzun müddət müxtəlif platformalarda filmlər haqqında rəy yazmışam.

Əsasən qısametrajlı filmlər çəkirəm. İlk filmimi 2008-ci ildə çəkmişdim. Birinci filmim "Qiymət cədvəli" 2008-ci ildə çəkilib, 2011-ci ildə efirə çıxıb. İkincisi "Feromon" qısametrajlı filmi 2016-cı ildə efirə verilib, üçüncü film isə "Ştamp" filmi 2017-ci ildə çəkilib, 2020-ci ildə yayımlanıb. “The Man From Oghuz: By The Fire” mənim 4-cü filmimdir.

- Filmlərinizi yanlız yutubda yayımlayırsınız, yoxsa başqa platformalarda da izləmək mümkündür?

- Bir çox platformalarda yayımlanır. Əvvəlcə filmlər festivallarda izlənilir. Yutub isə filmləri yayımladığımız ən sonuncu platformalardandır. Festivallara film göndərəndə məhdudiyyət kimi filmi açıq şəkildə, onlayn yayımlamağa icazə yoxdur. Hər filmin çəkilişi başa çatdıqdan sonra azı 1 il ərzində festivallarda nümayiş olunur. Növbəti mərhələdə sosial platformalarda yayımlanır. Hazırda Amazon prime, yutubda filmləri izləmək olar.

- Daha geniş aspektdə film sektoruna keçid etməyi düşünürsünüzmü?

- İxtisas seçimi zamanı təəssüf ki, ölkəmizdə film, incəsənət sahəsinə elə də diqqət ayrılmırdı. Ona görə ixtisas olaraq mühəndisliyi seçdim. Buna baxmayaraq hələ də kinoya olan sevgim azalmayıb, əksinə, çoxalıb. Bir neçə dostumla bir araya gəldik və ssenarilər yazıb, film çəkməyi qərara aldıq.

- Neçə ildir ABŞ-da yaşayırsınız? Filmlərinizi orada hazırlamısınız?

- Mən ABŞ-a tələbə olaraq gəlmişdim. Dostlarımın hamısı Azərbaycanda idi. Hamımız film izləməyi və müzakirə eləməyi sevirdik. Hər zaman Bakıya tətilə gələndə zarafatlaşaraq deyirdik ki, gəlin kino çəkək. Bir dəfə düşündük ki, niyə də çəkməyək? Ssenari yazdıq, "Qiymət cədvəli"ni çəkməyi qərara aldıq. Filmi məktəbimizin Dram Teatr klubunun uşaqları ilə ərsəyə gətirdik. Özümüzü sınamaq istədik və gördük ki, maraqlı alınır.

- “The Man From Oghuz: By The Fire” filminin treylerini izlədik. Layihə barədə məlumat verə bilərsiniz? İdeya haradan qaynaqlandı? Niyə məhz bu mövzunu seçdiniz?

- Əslində, bu ideyanı 13-14 il əvvəl fikirləşmişdik. İlk filmi başa çatdıranda düşündük ki, başqa nə layihə edə bilərik? O zamanlar "Marvel", "Batman", "Iron man" kimi filmlər işıq üzü görməyə başlamışdı, fantastik janra böyük maraq yaranmışdı. Dedik, bizim nəyə görə milli ruhda belə filmimiz olmasın? O qədər dastanlarımız, miflərimiz var. "Dədə Qorqud", “Ərgənəqon”, “Oğuz Xaqan” dastanları, türk elinin görkəmli, möhtəşəm obrazları “Marvel” səviyyəsindən aşağı olmayan qeyri-adi hekayələrdir. Nəyə görə onları göstərmirik, yaymırıq? Niyə Oğuz eli barəsində dastanımızdan istifadə etməyək? Bu fikirlə layihəyə başladıq.

İlk olaraq fikrimiz "Dədə Qorqud"u ekranlaşdırmaq idi. Amma belə bir məqam var, miflər elə mif olaraq qalır, nağıl kimidir. “Dədə Qorqud”dan imtina etdik. Biz real həyata daha yaxın bir hekayə göstərmək istədik. İstədik ki, daha az mifik obrazlar daşısın, həm orijinal olsun, həm həmin dövrü əhatə etsin, həm də sırf nağıl məzmununda olmasın. İnsanların taleyi, yaşayış tərzi, düşüncəsi haqqında çəkməyə çalışdıq.

Bu fikrə gəldikdə düşündük ki, bəlkə hansısa tarixi mövzunu əks etdirək? Bizim tariximiz folklorumuz qədər rənagərəngdir. Bu gün Türkiyənin hazırladığı "Ərtoğrul" serialı bütün dünyada izlənir, böyük rəğbət qazanır. Belə bir janra insanlar möhtacdır.

- Yerli rejissorlardan, bu sahənin mütəxəssislərindən sizə dəstək göstərən oldumu?

- Biz layihəni heç kimlə paylaşmamışdıq. Layihəyə başlayanda qərara gəldik ki, hər şeyi özümüz edək. Amma əlbəttə yerli sənətçilərin köməyindən yararlandıq. Arxa fon musiqisi olaraq bizə saz havası lazım idi. Onu səsyazma studiyasında hazırladıq, professional saz ustası tərəfindən ifa olundu.

Hələ ki, başqa yaradıcı heyəti cəlb etməyə ehtiyac görmürük. Bu, qısametrajlı filmdir, hekayənin girişidir. Çoxseriyalı film kimi yayımlamağı nəzərdə tuturuq. Film özünü nə dərəcədə uğurlu göstərsə, ona uyğun davamını gətirməyi planlayırıq. Təbii ki, ardını çəkmək üçün köməyə ehtiyacımız olacaq.

- Filmin təqdimatını nə vaxta planlayırsız?

- Bu ilin Novruz bayramı ətrafı filmin təqdimatını hazırlayırıq. Premyera ABŞ-da baş verəcək.

- Azərbaycanda necə, təqdimat keçirəcəksizmi?

- Təəssüf ki, nə mən, nə də yaradıcı heyətin digər üzvləri hazırda Azərbaycanda deyilik. Amma ölkəmizdə təqdimat keçirməyi çox istəyərdik. Pandemiya ilə əlaqədar səfər etmək çətin məsələdir. Düşünürük ki, yayda Azərbayacana səfərim zamanı filmi nümayiş etdirək.

- Azərbaycanda filmin yayımlanması üçün müraciətlərə başlamısınız?

- Xeyr, hələ heç kimə müraciət etməmişik. Hazırda son tarix kimi mart ayına filmin təqdimatını planlamışıq. Təqdimatdan sonra bu işlərə başlayacağıq.

- Filmin traileri yayıldı. Özünüz də qeyd etdiniz ki, milli dəyərlərə ilk müraciətinizdir. Xaricilərin marağı necə oldu? Sizə bu barədə münasibət bildirdilərmi?

- Düzü mənim bütün filmlərim məzuniyyət zamanı Azərbaycanda çəkilib. "Feromon" filmi xüsusilə Bakı şəhəri peyzajlarını göstərir. Amma, bəli, milli dəyərlərə aid ilk filmdir.

Mən Texas ştatının Hyuston şəhərində yaşayıram. Burada İncəsənət Departamentinin müsabiqəsi var idi. Film layihəsinə ssenari göndərdim, qaliblərdən biri oldum. Bu flim Hyuston şəhərinin İncəsənət Departamentinin qrantı köməyi ilə çəkilir.

- Film niyə məhz ingiliscə yayımlanır?

- Bu sualı çoxları məndən soruşur. Keçmiş filmlərimin hamısı Azərbaycan dilində olub. Bu layihəyə gəldikdə isə biz dil seçiminə başqa cür yanaşdıq. Milli eposlarmızı Azərbaycanda tanımayan yoxdur. Əcnəbilərə isə heç biri tanış deyil. Məqsədimiz tariximizi, folklorumuzu, mədəniyyətimizi dünyaya tanıtmaqdır. Son illərdə bir çox xarici qüvvə Azərbaycanın tarixini və mədəniyyətini süniləşdirməyə, saxtalaşdırmağa və alçaldmağa çalışır. Təxribatlara qarşı bu filmi xüsusilə xarici auditoriya üçün hazırlayırıq.

İngilis dilinin üzərində dayandıq. Filmi səsləndirmək üçün professional aktyorlar tapdıq. Hər iki rolu səsləndirən aktyorun illərlə video və animasiya sahəsində səsləndirmə təcrübələri vardır. Yerli tərcümə məsələsi isə ikinci planda dayanır. Filmi xarici festivallara göndərmək, mədəniyyətimizi tanıtmaq üçün hazırladığımıza görə hələ ki bunu düşünmürük.

- Heyətə təxminən neçə nəfər cəlb olunub?

- Hazırda yaradıcı heyət 4 nəfərdən ibarətdir, hamımız dünyanın fərqli yerlərindəyik. Misalçün, filmin digər produsseri və ssenaristi Aydın Səlimov Avstraliyada yaşayır. Onunla daim internet vasitəsilə əlaqə saxlayıram.

- Yerli film istehsalçılarının məhsulları sizi qane edirmi?

- Mən yerli film istehsalçıları və rejissorlarını yaxından izləyirəm. Onların son illərdəki uğurları məni çox sevindirir. Axır ki, Azərbaycan kinosu yenidən çiçəklənməyə doğru gedir. Ölkə daxilində Orxan Mərdan və onun yaradıcı komandasının gördüyü işləri xüsusilə qeyd edərdim. Həmçinin görkəmli xarici festivallarda Hilal Baydarovun, Rüfət Həsənovun və digər cavan rejissorlarmızın filmlərini görmək xüsusi gürur hissi yaradır. Görüləcək işlər əlbəttə çoxdur, amma inkişaf göz önündədir. Gələcək illərdə daha böyük nailiyyətlər qazanacağımıza əminəm.

- Gələcək üçün əlavə planlarınız varmı?

- Əlbəttə, planlarımız çoxdur. Filmin təqdimatından sonra onu festivalllara göndərəcəyik. Film haqqında aldığımız fikirlər əsasında işimizin davamına nəzər yetirəcəyik. Hər şey insanların marağından asılıdır. Qeyd elədiyim kimi, bu film hekayənin ilk bölümüdur və ardını çəkmək istəyirik. Eyni zamanda bir neçə tammetrajlı film üzərində ssenari işləri gedir. Animasiya işi ilə parellel bədii film çəkmək barədə də düşünürük.

- Layihələrinizə xarici mütəxəssisləri cəlb etmək fikriniz varmı? Maliyyə dəstəyi ayrılırmı?

- Artıq üçüncü ildir ki, biz “The Man From Oghuz: By The Fire” filmi üzərində işləyirik. Animasiya çox qəliz, xırdalıq tələb edən bir işdir. Həm də onu belə kiçik heyətlə etmək çox vaxt tələb edir. Gələcək bölümlərdə bizə professional animatorlar, dizayenerlər, proqramistlər lazım olacaq. Bunun üçün də maliyyə lazımdır. Qeyd etdiyim kimi, bu filmi Hyuston Şəhəri İncəsənət Departamentindən qazandığımız qrant və öz maliyyəmizlə çəkirik. Bu filmdən istifadə edib, sponsor tapmağı planlaşdırırıq.

Eyni zamanda mən xarici yox Azərbaycanlı mütəxəssislərin və artistlərin cəlb olunmasının tərəfdarıyam. Bu həm Azərbaycanda animasiya işinə maraq oyandırmaq, həm film sənayəsinin inkişafına töhvə vermək, həm də də onlarla istedadlı Azərbaycanlı gənclərimizə şərait yaratmaq üçün yararlı olacağını hesab edirəm. Sosial şəbəkələrdə baxırıq, maraqlı işlər görən bir çox gəncləri görürük və izləyirik. Çox istedadlı gənclərimiz var.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər