III qrup müharibə əlilinin pensiya təminatı 1 ildən çoxdur dayandırılıb. Söhbət Birinci Qarabağ müharibəsi iştirakçısı 1973-cü il təvəllüdlü Mingəçevir sakini İlham Məmmədov Ziyəddin oğlundan gedir.
Bu barədə Teleqraf.com-a onun həyat yoldaşı Lamiyə Məmmədova məlumat verib.
Şikayətçinin sözlərinə görə, həyat yoldaşı 1992-ci ildə Mingəçevir hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılır: “Yoldaşım Ağdam uğrunda gedən ağır müdafiə döyüşlərinə qatılıb və 1993-cü ildə ayağından ağır yaralanıb. Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib, müalicəsi 3 ay davam edib. 1994-cü ildə III qrup müharibə əlilliyinə görə pensiyaya çıxıb, 27 ildən çox idi pensiya alırdı. Hər 5 ildən bir komissiyadan keçirdi.
Növbəti yoxlanış vaxtı 2021-ci ilin martın 4-də idi. Ancaq pensiya təyin edən komissiya pensiya təyin olunmasının rədd edilməsi barədə qərar qəbul etdi.
Təbii ki, biz qərardan narazı qaldıq və əlilliyin təkrar qiymətləndirilməsi üçün komissiyaya yenidən müraciət etdik. Yenə də yoldaşımın sağaldığını əsas gətirək, müraciətimizi qəbul etmədilər. Etirazmızı bildirdik, həkim bizə dedi ki, 27 ildir pensiya alıb, bəsidir. Yoldaşımın fiziki cəhətdən çox zəifdir, həkim sual verir ki, çəkiniz niyə azdır? Yoldaşım da deyir ki, siz səhhətimin nə vəziyyətdə olduğunu görmürsüz?
İkinci dəfə imtina cavabı gələndən sonra bizə Bakıya getməyi məsləhət bildilər. Bu dəfə yoldaşıma Bakıda Respublika Əlillərin Bərpa Mərkəzində əyani baxış keçirildi. Həkim demək olar ki, yoldaşımı yoxlamadı, ayağını açıb yarasına belə baxmadılar. Ancaq qəlpədən sinəsində yaranmış batığa açıb baxdılar. Yolumuzun uzaq olmasını nəzərə almalarını və cavabın mümkün qədər tezləşdirilməsini istədik. Şöbə müdiri Gündüz müəllim dedi ki, ərizə yazın, sizə tez cavab göndəriləcək, biz də yazdıq. Lakin cavab dedikləri kimi tez gəlmədi”.
Ardıcıl iki imtina cavabı alan Məmmədovlar ailəsi yorulmadan yerlərdə aidiyyəti qurumlara təkrar müraciət edir. Bakıdan cavabın gəlmədiyini görən Lamiyə deyir ki, rayon xəstəxanasında yoldaşını mütəmadi müalicə edən həkim-travmatoloqun qəbuluna gedirlər: “Bu dəfə sənədləri həkim özü yenidən göndərdi. Lakin iki gün sonra yenə imtina cavabı gəldi ki, guya yoldaşım tam reabilitasiya olunub.
Yenidən Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə müraciət etdik. Onlar da məsələnin hüquqi həllinin tapılması üçün məhkəməyə müraciət etməli olduğumuzu dedilər. Bilirik ki, məhkəmə də süründürməçilik, get-gələ salıb axırda imtina verəcək. Doğrusu, maddi durumumuz əlavə pul xərcləməyə imkan vermir. Ona görə də məhkəməyə müraciət etmədik”.
Lamiyə Məmmədovanın sözlərinə görə, yoldaşının ayağı il boyu infeksiyadan açıq yara olur: “Güllə yarasından ayağının biri digərindən bir neçə santımetr gödəkdir. Açıq yara olduğu üçün daim müalicə olunur, kəskin bronxit xəstəliyindən də əziyyət çəkir.
Yoldaşımın 49 yaşı tamam olacaq, çəliklə gəzir, o bu vəziyyətlə necə gedib işləsin?! Biri 12, digəri 11 yaşlarında iki qızımız var. Bu vaxta qədər yoldaşıma 260 manat pensiya, 350 manat da təqaüd verilirdi. Bunadan əlavə, qanunla müharibə əlillərinin 16 yaşına (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşınadək) çatmamış uşaqlarına 15 manat məbləğində aylıq müavinət ödənilirdi. Yəni uşaqların ikisinə birlikdə ayda 30 manat verilirdi. Bir ildən çoxdur ki, bu müavinətlərin hamısı kəsilib. İndi yalnız qayınanamın pensiyası ilə dolanırıq. Mingəçevirdə hərə öz adamını işə qəbul edir. Dəfələrlə gedib icra hakimiyyətinə demişik ki, Qarabağ əlilidir, nolar bir iş verin, inanın, icra hakimiyyətinin qarşısından qovubrlar.
Kömək etmirlər, heç olmasa yoldaşımı işə götürsünlər. Vəziyyətimiz çox pisdir. Qeydiyyatda olduğumuz yataqxanada birotaqlı dar mənzil çox şəraitsiz olduğu üçün uzun müddət kiaryələrdə qaldıq. Sonra kirayə pulunu çatdıra bilmədiyimiz üçün indi qayınanamın Mingəçevir rayonu Samux küçəsi Bağlar/ev 4 ünvanında olan evində yaşayırıq. Ümid edirik ki, məhkəmə qərarına ehtiyac qalmadan yoldaşımın əllilik pensiyası ədalətli şəkildə bərpa olunar”.