Dövlət İmtahan Mərkəzi (DİM) mayın 15-də 15 şəhər və rayonda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirir.
Bu barədə Teleqraf.com-a DİM-dən məlumat verilib. Bildirilib ki, mayın 15-də:
- əvvəlki illərin məzunları 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;
- müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları əlavə xarici dil imtahanı;
- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları əlavə tədris dili imtahanı;
- aprel-may aylarında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri buraxılış imtahanı;
- eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər buraxılış imtahanı;
- buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları buraxılış imtahanı verirlər.
İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.