“Hələ ki Nəsimi Şərəfxanlı ilə danışmaq imkanımız olmayıb. Həkimlərin dediyinə görə, onun səs telləri ciddi zədələnib, daxili orqanları demək olar ki, yanıb, ağır formadadır. Həkimlər onun səhhətini kafi qiymətləndirirlər”.
Bunu Teleqraf.com-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib.
O, Nəsimi Şərəfxanlının hazırda reanimasiya şöbəsində həkim nəzarətində olduğunu bildirib: “Biz ancaq həkimlərlə danışmışıq. Onun intihara cəhd etməsinin səbəbini dəqiq bilmirik. İntiharın şəxsi fəaliyyətilə, yoxsa başqa nə ilə bağlı olduğundan xəbərsizik. Gözləyirik ki, özünə gəlsin, danışıb məsələni aydınlaşdıraq”.
Nəsimi Şərəfxanlının külli miqdarda borcunun olması iddialarına gəlincə, partiya rəsmisi bu haqda məlumatsız olduğunu söyləyib.
Qeyd edək ki, VHP sədrinin Mətbuatla iş və ictimai əlaqələr üzrə müavini Nəsimi Şərəfxanlı evində sirkə turşusu içməklə intihara cəhd edib. O, dərhal Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
Nəsimi Şərəfxanlı İkinci Qarabağ Savaşının könüllü iştirakçısı olub. Vətən xidmətini zabit kimi yerinə yetirib. Cəbrayılın, Qubadlınln və Laçının azad olunması uğrunda döyüşüb. “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.