Türkiyənin Konya şəhərində keçirilən “Anatolian Phoenix-2022” beynəlxalq axtarış-xilasetmə təlimində qarşıya qoyulan tapşırıqlar uğurla icra edilib.
Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Təlim çərçivəsində tapşırıqların xəritə üzərində dəqiqləşdirilməsi və hədəf hesabatı, paraşüt hazırlığı üzrə çalışmalar, helikopterlərlə təlim uçuşları və senariyə uyğun olaraq qəza etmiş aviasiya vasitəsi ekipajlarının axtarış-xilasetmə əməliyyatları yerinə yetirilib.
Azərbaycanın müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov təlimin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak edib.
Azərbaycan HHQ-nin hərbi qulluqçuları ilə görüşən nazir müavini şəxsi heyətin peşəkarlıq səviyyəsini yüksək qiymətləndirib.