26 May 2022 16:06
2 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Cümhuriyyətinin işğalından sonra həbslərdən, qətllərdən qurtulmaq üçün son illərini yaşayan Qacar dövlətinə sığınan ictimai-siyasi xadimlərimiz də olub. Məhəmmədəli Rəsulzadə, Mirzəbala Məhəmmədzadə, Qulamrza Şərifzadə kimi məşhurlar yanaşı həyat hekayələri geniş bəlli olmayan şəxslər də oraya gediblər. Silsilə məqalələrimizdə İranda yaşamış mühacirlərimiz haqqında məlumat verəcəyik.

Bu yazıda onlardan ikisi haqqında bəhs edəcəyik.

Dr. Əlihüseyn Qənbərzadə

Mühacirətdə Dr. Hüseyn Giray kimi tanınan Əlihüseyn bəy 1920-ci illərdə Bakı Universitetinin Tibb fakultəsinin daxili xəstəliklər bölməsini bitirib. Cümhuriyyətin süqutundan sonra Bakıda qurulan gizli Müsavat təşkilatına üzv olub, məhəlli komitələrdən birində çalışıb. 1923-cü ilin iyun ayında ÇeKa kütləvi həbslərə başladığı zaman Giray İrana hərəkət edən yelkənli gəmidə fəhlə kimliyi ilə gizlənərək qaçıb. Gəmidə axtarış edən rus dənizçilərinin yoxlamasından qurtulan Əlihüseyn bəy Gümüştəpə limanına çıxa bilib. Rəşt şəhərinə yerləşən Giray burada uzun müddət həkimliklə məşğul olub. Mühacir qafilələrin daha çox gəldiyi Rəşt şəhərində yaşayan Giray və həyat yoldaşı Kübra xanımın evi qaçqınların üzünə hər zaman açıq olub. Ailə ehtiyac içində yaşayan mühacirlərə maddi-mənəvi kömək edib.

Daha sonra Tehrana köçən Giray ailəsi burada da mühacirlərin ümid yeri olub. 1941-ci ildə Rusiyanın İrana hücumu nəticəsində orada yaşayan bəzi mühacirlər həbs edilib, öldürülüblər. Əlikamal Qənizadə, Kərbəlayi Vəli Mikayılzadə, Cəlal Məhəmmədzadə kimi mühacirlər qətl ediliblər. Hüseyn Giray və bəzi mühacirlər isə Türkiyəyə keçə biliblər.

II Dünya müharibəsi illərində Giray Almaniyada əsir həyatı yaşayan azərbaycanlılara yardım etmək üçün Berlinə gedib. Orada qaçqın düşərgələrində gəzən Əlihüseyn bəy onlara tibbi yardım göstərib. Almaniyanın məğlubiyyətindən sonra yenidən Türkiyəyə qayıdıb, dövlət dəmiryollarının Kayseri şöbəsində həkimlik edib. Buradan da təqaüdə çıxıb.

Hüseyn Giray 1969-cu il martın 22-də Ankaranın Dikmen məhəlləsində yaşadığı evində ürək xəstəliyindən vəfat edib. Girayın Kübra xanımla evliliyindən Nazim adlı oğlu olub. Üzeyir adlı qardaşı, Zeynəb adlı bacısı vardı.

İsfəndiyar bəy Alpauti

Tehranda yaşayan mühacirlərdən İsfəndiyar bəy haqqında mühacir Əbdülvahab Yurdsevərin yazdığı nekroloq yazıdan öyrənirik. 11 il Rusiyada sürgün həyatı yaşayan Əbdülvahab bəy, nəhayət, İrana keçə bilib:

“On bir illik həbs və sürgün həyatından sonra 1934-cü ilin iyununda qaçaraq Tehrana gəldiyimiz zaman pulsuz-parasız, əyin-başımız pərişan halda idik. İlk gecəni uzaq qohumlarımızdan mərhum Dr. Əbdülxaliq Axundzadənin Əmiriyyə küçəsindəki evində qaldıq. Hər zamankı şən və nəşəli halıyla ixtiyar doktor bizə qonaqpərvərlik göstərmişdi. Ertəsi gün dostumuz Əjdər Qurtulan gələrək bizi Əlaüddövlə (Firdovsi) küçəsindəki sadə evinə qonaq aparmışdı. Bir neçə gün burada qaldıqdan sonra yurddaşımız Dr. Əlihüseyn Qənbərzadənin (Hüseyn Giray) Şapurdakı evinə köçmüşdük. Sürgündən gəldiyimizi eşidən həmşəhrilərimiz ayrı-ayrı və qrup şəklində ziyarətimizə gəlmişdilər. Onlar arasında heybətli vücudu, həssas qəlbi və məmləkət ənənələrinə bağlılığı ilə İsfəndiyar bəy Alpauti xüsusilə diqqət çəkirdi. Biz bu möhtərəm şəxslə yeni tanış olurduq. Fəqət o, məmləkət daxilindəki mücadiləmizə görə bizi qiyabi tanıyırmış. Sonradan öyrəndiyimizə görə, İsfəndiyar bəy qırmızı rusların məmləkətimizi işğalından sonra yaxın fikirdaşları ilə birgə Qarabağın dağlarına çəkilərək bir müddət bolşevik qüvvələrinə qarşı mərhəmətsiz partizan savaşı aparmış, daha sonra İrana sığınmışdır. İsfəndiyar bəyin kiçik qardaşı Azərbaycanın istiqlal şəhidlərindəndir”.

Yurdsevərin yazdığına görə, İsfəndiyar bəy İran dəmiryollarında inşaat podratçısı kimi çalışarkən azərbaycanlı qaçqınlara iş vermiş, onların dolanışıqlarına dəstək olmuşdu. Eləcə də qazandığı sərvətindən mühacirlərə də yardım edirmiş. Əbdülvahab bəylə Kərbəlayi Vəliyə ilk paltarı alan, qeydiyyat işlərini həll edən də İsfəndiyar bəy olub: “İranda qaldığımız müddətdə İsfəndiyar bəyin dostluğundan hər ikimiz maddi-mənəvi faydalanmışdıq. İsfəndiyar bəyin qapısı və süfrəsi daima qaçqınların üzünə açıqdı... O, milli Azərbaycan mücadiləsinə və onun böyük öndəri Məhəmmədəmin Rəsulzadəyə qarşı dərin və səmimi simpatiya bəsləyirdi. Bütün azərbaycanlıların Əmin bəyin ətrafında sıx birləşmələrini və onun yolundan ayrılmamalarını daima tövsiyə edərdi. Azərbaycanın yüksək dairələrdə təmsil edə biləcək yeganə böyük şəxsiyyətin Əmin bəy olduğunu hər zaman söyləyərdi. İsfəndiyar bəy geniş təhsil almamışdı. Amma ağlı, zəkası, daxili intuisiyası ilə doğrunu əyridən, haqlını haqsızdan seçə bilirdi”.

İsfəndiyar bəyin Rəna adlı qızı olub. O, Dr. Cavad Gəncəli ilə evli olub.

Əbdülvahab bəy İsfəndiyar Alpautinin son günləri haqqında da yazıb: “01.12.1960-cı ildə Tehranda həyata gözlərini yummuş 80 yaşındakı İsfəndiyar bəyin ölümü mənim və bütün səmimi dostları üçün böyük itki, dərin bir ağrıdır. Ötən yay İstanbuldakı qızı Rənanın evində dostum Hüseyn Baykara ilə onu ziyarət etdiyimiz zaman son günlərinin yaxınlaşdığını hiss edirdi. Ateroskleroz nəticəsində ağır xəstəlik keçirmiş, bir müddət hafizəsini itirərək ən yaxınlarını da tanımamışdı. Edilən müalicə nəticəsində hafizəsi yerinə qayıtmış, ziyarət etdiyimiz zaman bizi tanımışdı. Amansız ölümün yaxınlaşması qarşısında çox mətin və vüqarlı idi. Əlimizi son dəfə sıxarkən dərin bir sevgi və etimadla gözlərimin içinə dimdik baxaraq hər zamankı kəskin ifadəsi ilə “sizləri və vətənimizi Allaha əmanət edirəm” demişdi”.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər